Polis “Qocalar evi”ni ziyarət edən Leyla Əliyeva ilə görüşmk istəyən sakinləri oğurlayıb

6-01-2022, 09:18           
Polis “Qocalar evi”ni ziyarət edən Leyla Əliyeva ilə  görüşmk istəyən sakinləri oğurlayıb
Pansion direktoru hündürlikdə diqqət çəkməsin deyə bir millətin, iki dövlətin bayraqlarını ayaq altına atdırib.
Qələbə ovqatı ilə qarşılamış olduğumuz 2021-ci il tarixə çevrildi. Ümid edirik ki, unun qiymətinin bahalaşması ilə qarşıladığımız yeni 2022-ci ilin irəliləyən günlərində, həftələrində, aylarında yaxşı xəbərlər eşidəcəyik. Köhnə ildən miras qalan bir sıra problemlər də həllini tapar yəqin.

Bilgəh qəsəbəsindəki müharibə əlilləri və əmək veteranları pansionatının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sozial Xidmətlər Agentliyi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxs) sakinləri üçün də həlli vacib əsas problem despot direktor Samirə Mehtiyevadır. Bu mövzuda qələmə aldığımız əvvəlki yazılarda qeyd etdiyimiz kimi, xanım direktorun rəvac verdiyi cinayətə bərabər tutulmalı olan neqativ hallar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və başqa aidiyyəti strukturlara məlum olsa da, hətta həmin məqalələrdə ehtiva olunan məsələlər müşayiətedici məktublarla cavabdeh instansiya rəhbərlərinə göndərilsə də, onun barəsində ciddi ölçü götürülməməsi, yarıtmaz əməllərinə göz yumulması onu daha da arxayınlaşdırmışdır. Belə ki, əvvəllər ictimai qınağa tuş gələn neqativ hallar indi aradan qaldırılmaq əvəzinə daha da dərinləşməkdədir.

Oxucularımız sırasına yeni ildən qoşulara tövsiyə edirik ki, internet resurslarında sözügedən müəssisə və onun xanım direktoru barədə məlumat axtaranda rast gələcəkləri “”Qocalar Evi”nin direktorunun «dəli» etdiyi qocadan açıqlamalar”, “ƏƏSMN zülmə tabe olmayan kimsəsiz qocaları dəlixanaya salır”, “Dəlixanaya atılmış kimsəsiz qocanın manifesti”, “ƏƏSMN-nin tabeliyindəki müəssisə rəhbərləri “həmkar həmrəyliyi” göstərərək, mütəşəkkil cinayət törədiblər”, “Bilgəh “Qocalar Evi”nin direktorunun “yoluxdur və hökm sür” siyasəti”, “Pansion direktoru ahıllara göndərilən 300 kilo əti neyləyib?” və s. sərlövhəli tənqidi məqalələrə göz atsınlar və əmin olsunlar ki, həmin məqalələrdə ehtiva olunan məsələlər sırasında cinayət tərkibli olanlar da az deyil.

Bu günlərdə pansionun sakinlərindən birinci qrup əlil Qabil adlı şəxs redaksiyaya video-müraciət göndərərək bildirmişdir ki, bir ayağı dibdən yoxdur. Himayəsində iki məktəb yaşlı övladı var.

Qabilin sözlərinə görə, 8 aydı yaşadığı otağın pəncərəsi önündə Azərbaycan və Türkiyə bayraqlarını asıbmış. Yeni il ərəfəsində pansion rəhbərliyi ərazidə əsaslı səliqə-səhman, təmizlik işləri gördürməyə başlayıb. Direktor S.Mehtiyeva mühafizəçinin vasitəsilə ona xəbər göndərib ki, bayraqlar köhnə olduğuna çıxartdırıb əvəzinə təzələrini verəcək. O da razılaşıb. Sonra xəbər çıxıb ki, Yeni illə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ənənəyə uyğun olaraq müəssisəyə gələcək, sakinlərlə görüşəcək.

Ancaq hadisələrin sonrakı gedişi Qabili məyus edib. Dediklərindən: “Növbəti gün səhər gördüm ki, həmin bayraqlar çıxarılaraq həyətdə ayaq altına atılıb. Bunu həm dövlətimizə, həm Azərbaycan – Türkiyə qardaşlığına, həm də elə özümə qarşı təhqir kimi qəbul etdim. Dekabrın 30-u səhər görüşə hazırlıq işlərinə baxmaq üçün müəssisəyə Nazirliyin əməkdaşları da gəlmişdilər. Onlarla görüşüb xahiş etdim ki, Leyla xanım müəssisədə olanda onunla görüşümə şərait yaratsınlar. Razılıq verdilər. Amma onlardan ayrılandan 10 dəqiqə sonra polis əməkdaşları gəlib məni apardılar. Dedilər ki, 14-cü polis bölməsinin rəisi mənimlə görüşmək istəyir. Onlarla getməli oldum. “3 saatdan artıq müddətdə məni orada saxladılar. Sahə müvəkkili Akifə də tapşırıblarmış ki, mənim başımı qatsın. O, mənimlə nahar elədi, nərd oynadı. Mən rəislə görüşəcəyimi gözlədiyim halda sən demə, Leyla xanım pansionatda görüş keçirirmiş. O gedəndən sonra məni pansionata qaytardılar. Leyla xanımla görüşmək arzusunda olanların hərəsini bir cür aldadıblar. Humaya deyiblər ki, Agentliyə getsin, ona gözdən əlil olduğuna görə mənzil verilməsiylə bağlı müraciətindən xoş xəbər var. O da gedib, məlum olub ki, boş söhbətdir. Mənə maraqlıdır: Görəsən, Leyla xanım Əliyeva özümü göstəriş verib ki, ona sözü olanları yaxınına buraxmasınlar? İnanmıram. Samirə yalnız təlimat verdiyi o adamların Leyla xanımla görüşünə şərait yaradıb ki, direktoru tərifləyəcəkdilər. Yeri gəlmişkən, onu da deyim ki, Samirə pansionun əlillər yaşayan hissəsi ilə qocalar yaşayan yarısını hasarla ayırtdırıb. Amma mənim yaşadığım otaq ikinci mərtəbədə olduğundan, fikirləşib ki, birdən asdığım bayraqlar Leyla Əliyevanın diqqətini çəkər, bayraqların kim tərəfindən asıldığını soruşub görüşmək istəyər. Odur ki, bayraqlara o cür əncam çəkib, mənim də başımı polisdə qatıb”.

Redaksiya olaraq xatırladırıq ki, pansionda rəhbərliyin ərzaq talançılığı ilə məşğul olduğu barədə tənqidi yazılarımızdan sonra Agentlik pansionun sakinləri üçün xörəyin müəssisəinin öz mətbəxində deyil, Maştağadakı Mərkəzdə hazırlanmasını qərara alıb. Amma bu yenilik sakinlərin heç də ürəyincə olmayıb. Çünki onların sözlərinə görə, oğrular cəzasız qaldıqlarına və yenə də iş başında olduqlarına görə, Maştağadakı özləri xislətli şəxslərlə əlaqəyə girib yenə də ərzağı mənimsəməkdə davam edirlər. Üstəgəl, xörək mənşəyi məlum olmayan, keyfiyyətsiz məhsullardan bişirilir, həm də çirkli qablarda daşınması bir yana,xörək qazanları birbaş mətbəxə yox,anbara gəlib qanad quyryğu yeyiləndən sonra mətbəxə aparırlar.

Buna görə Qabil və daha bir neçə nəfər sakin etiraz əlaməti olaraq yanvarın 1-dən qida qəbulundan imtina ediblər. Qabilin sözlərinə görə, Leyla Əliyevanın xeyirxah təşəbbüsü ilə pansionun sakinləri üçün gətirilmiş 200-dən artıq döşək üzü dəstlərinin də çoxu S.Mehtiyeva tərəfindən “xırıd” edilib, yalnız az bir qismi 10-15 sakinə, yəqin ki, onu tərifləyənlərə verilib. Yenə də dərman preparatları sakinlərə pulla satılır, çoxunun pensiya kartları da direktorun özündədir.

Mövzuya qayıdacağıq.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.