Qazaxda zərərçəkən niyə susub?

31-01-2022, 01:16           
Qazaxda zərərçəkən niyə susub?
Sahibkarlıqla məşğul olanların əmək fəaliyyətində yoxlamaların neçə illərdi dayandırılması bəzi sahibkarlar üçün olduqca münbit şərait yaradıb. Tabeçiliyində çalışan işçiləri xırda bir nöqsanla işdən azad etmələri, əməkhaqqılarının vaxtı-vaxtında verilməməsi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi, hətta kiçik bir özəl müəssisədə 20 nəfərin çalışdığı halda qeydiyyatda 3-5 nəfərin adlarının sənədləşdirilməsi birbaşa özbaşınalıqdan xəbər verir. Belə başa düşülür ki, artıq sahibkarlıqda yoxlamaların başlaması üçün Prezidentin sərəncamına ehtiyac duyulur.

Teref.az: Qazax rayon Xanlıqlar kənd sakini, Nərimanov (SU-15) qəsəbəsində “Taxta sexi” adlanan özəl müəssisəyə rəhbərlik edən Məmmədov Qalib(Qərib) Binnət oğlu özünə görə bir “bəydir”. Qəribin müəssisəsində taxta işi ilə yanaşı digər adda əmək fəaliyyəti ilə də məşğul olunur. Burada 10 nəfər işçi çalışsa da, yalnız bacısının həyat yoldaşı Vəlixan Şahbazovun adı rəsmi qeydiyyatdadır. Qalan işçilər tam qeydiyyatsız günəmuzd çalışırlar. Müəssisədə adları rəsmi qaydada getməyənlərin bir neçəsinin barmaqları ehtiyatsızlıqdan kəsilsə də, hadısə ilə əlaqədar Qalib Məmmədova söz deyən, hüquqi müstəviyə cəlb edən olmayıb.

Zərərçəkənlərdən biri də Qazax rayon Xanlıqlar kənd sakini, 1985-ci il təvəllüdlü, 2 azyaşlı övlad atası Məmmədov Teymur Fariz oğludur. Taxta sexində 11 il tam qeyri-rəsmi qaydada fəaliyyət göstərən Teymur Məmmədov 2017-ci ildə Qalib Məmmədovun təkidi ilə iş vaxtından artıq işləyərkən martın 27-də gecə saatlarında 3 barmağını dəzgahda itirməli olur. Bundan xəbər tutan Qalib Məmmədov xəstənin xəstəxanaya deyil, evlərinə aparılmasını tapşırır. Hərçəndki xəstə sonradan sarğı üçün Qazax Rayon Diaqnostika Mərkəzinə aparılır. Qazax Rayon Prokurorluğunda işin bağlanması üçün Teymur Məmmədovdan barmaqlarının ev şəraitində kəsilməsi barədə izahat alınır və işə xitam verilir. Hər bir işin basdırılmasını pulla ölçən kiçik sahibkar həkimi və rayon prokurorunu (Həmin vaxt Qazax rayon Prokuroru Əlirza Babayev olub) da “ələ alır”.

Zərərçəkən Teymur Məmmədova Qalib Məmmədov bildirir ki, “sən heç vaxt heç yerə şikayət etmə. Mən sənin ailənə də baxacağam, özünə də. Nə qədər ki, canımda can var, qulluğunda olacağam”.

Qalib Məmmədovun şirin dilinə inanan Teymur Məmmədov heç yerə şikayət etmir və Qalibin sözünə əməl edir. Barmaqlarını itirmiş Teymur Məmmədov bir neçə aydan sonra ailə vəziyyətinin daha da ağırlaşdığını görüb yenidən işə qayıdır. Yalnız öz gücünə işləyərək ailəsinə çörək pulu aparmalı olur. Yəni xırda sahibkardan heç bir əlavə köməkliklər edilmir. Azmış kimi Temur Məmmədov bir bəhanə gətirilərək ötən ilin oktyabr ayının sonunda işdən azad edilir. Dörd nəfərdən ibarət olan ailə çətin duruma düşür.

Qabil Məmmədovun vaxtında şirin dilinə uyan, hadisəni onun təkidi ilə qorxusundan gizlədən Teymur Məmmədov pis vəziyyətə düşərək məslələyə yenidən baxılması üçün Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edir.

Zərəçəkənin dediyinə görə, onun şikayət etdiyini bilən Qalib Məmmədov şikayətə baxan polis işçisinə bildirir ki, “mən zərərçəkən Tural Məmmədova hadisə ilə bağlı 19 min manat pul vermişəm. Başqa heç nə verəsi deyiləm”

Polis işçisi şikayətçi Teymur Məmmədovun haqlı şikayətinə baxmaq əvəzinə, özlərinin söyləməsinə görə şikayətçini və onun həyat yoldaşını otağından qovur. Teymur Məmmədov onu da bildirir ki, mən aidiyyəti yerlərə şikayət edib haqqımı tələb edəcəyimi Qalib Məmmədova bildirəndə, o mənə bildirmişdi ki, “get hara istəyirsən şikayət et, hara şikayət etsən pulumu verib susduracağam”.

Bu gün polis şöbəsində işə baxnıan tərəfindən zərərçəkən Tural Məmmədovun və həyat yoldaşının qovulması kiçik sahibkarın “sözünə əməl etməsi” kimi başa düşülür.

Qazax Rayon Polis Şöbəsinə şikayətdən müsbət cavab ala bilməyən Teymir Məmmədov Resbublika Prezidenti cənab İlham Əliyevə, Vitse Prezident Mehriban xanım Əliyevaya və Respublikanın Baş Prokuroruna, nəhayət Dövlət Əmək müfəttişliyinə şikayət etmək qərarına gəlib. Çünki, artıq necə deyərlər “bıçaq sümüyə dirənib”. Dörd nəfərdən, o cümlədən 2 azyaşlı övlad olan ailə ac və susuz qalmaqdadır.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
İlham Hacalı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.