Yardımlı İHB şikayətçini "təkzib" etdi - CAVAB gecikmədi

2-02-2022, 08:35           
Yardımlı İHB şikayətçini "təkzib" etdi -
Son günlər Yardımlı icra hakimiyyətinin fəaliyyətindən narazı qalan yerli sakinlərin şikayətlərinin sayı artır. Sosial şəbəkənin və elektron medianın imkanlarından da istifadə edən vətəndaşlar yerli məmurları tənqid atəşinə tuturlar.
Demokratik.Az-ın 30 yanvar 2022-ci il tarixli sayında yayımlanmış Yardımlı sakini: "Yerli məmurlar dövlətə yox, şəxsi maraqlarına xidmət edir" başlıqlı yazıda adıkeçən, Yardımlı rayon Peştəsər kənd sakini Vaqif Piriyev də məmur özbaşınalığına qarşı haray çəkən şikayətçilərdəndir.

Şikayətçinin dediklərinə əsasən, bugün Yardımlı İHB yazılanlara münasibət bildirib.

İHB rəsmi mövqeyində yazır.
SİTAT: "Hörmətli vətəndaş, bildiririk ki, Yardımlı rayon Peştəsər kənd sakini Piriyev Vaqif Peştəsər kənd ümumi orta məktəbində işləyir. O, təsərrüfatını inkişaf etdirmək üçün yay otlaq sahəsindən icarəyə torpaq sahəsi verilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətini nəzərə alaraq dövlət mülkiyyətinə aid yay otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2021-ci ildə 20 hektar torpaq sahəsi verilmişdir. V.Piriyev bir neçə dəfə RİH başçısının qəbulunda olmuş, etdiyi müraciətlərə qanunamüvafiq baxılmışdır. Vaqif Piriyevin bir övladı hərbi qulluqçudur. Digər övladı Piriyev Cəlal Vaqif oğlu Vətən Müharibəsində iştirak etmişdir. İşlə bağlı Rayon Məşğulluq mərkəzinə müraciət etmişdir. Yaxın vaxtlarda münasib boş iş yeri yaranarsa işlə təmin olunacaq".
İcra hakimiyyətinin cavabından sonra, saytımıza yenidən müraciət edən Piriyev bildirir ki, Yardımlı rayon İH-nin yaydığı cavabla razı deyil, çünki İHB özlərinə sərf edən cavab yayıb.

Vətəndaşın növbəti müraciətində bildirilir:
SİTAT: "Bir az geniş şəkildə açıqlama vermək məcburiyyətindəyəm. Çünki həmişəki kimi, mənə verilən cavab birtərəflidir və ictimaiyyəti çaşqın salmağa, mənim qərəzli olduğuma hamınızı inandırmağa hesablanıb.
İlk öncə özümlə bağlı qısa xronikanı təqdim edirəm.
Uzun illərdir məktəbdə gözətçi işləyirəm. İndiyə kimi nöqsanım olmayıb. İki övladım Qarabağ savaşının iştirakçısıdır. Uçünçü övladım hazırda həqiqi hərbi xidmətdədir. 60 yaşım olmasına baxmayaraq, 2-ci Qarabağ savaşına qatılmaq üçün könüllü müraciət etmişdim və bunun rəsmi təsdiqi var. Eyni zamanda qızımın həyat yoldaşı 2017 ci ilin fevralında şəhid olub. Şəhidi torpağa vermədən övladım həmən hərbi hissədə könüllü xidmət üçün müraciət edib, sonradan da həmin hərbi hissədə xidməti təmin edilib. Bunda əməyi olan hər kəsə təşəkkür edirəm.
Övladım xüsusi kurs keçərək gizir kimi fəaliyyətə başlayıb. 44 günlük Qarabağ savaşında da layiqincə iştirak edib. Digər övladım isə savaşın başladığı ilk gün könüllü olaraq müraciət edib və 29 sentyabr 2020 də döyüşlərə qatılıb. Amma, təəssüflər olsunki, Yardımlı rayon Səfərbərlik Xidmətinin sabiq sədrinin tapşırığı ilə o könüllü kimi yox, çağırışçı kimi qeydə alınıb. Bundan daha sonralar məlumat almışam. Səbəb isə bilirsiniz nədir, yaşadığım Peştəsər kənd İcra nümayəndəliyinin çağırışçı olan öz övyadlarını yayındırmaq üçün mənim övladım və kəndimizdən olan bir neçə könüllü onların əvəzinə çağırışçı kimi qeydə alınıb.
Təəssüflər ki, bundan məlumatlı olan İH- i bununla bağlı heç bir tədbir görməyib.
Mənim torpaqla bağlı müraciətimə gəlincə, müraciəti ilk olaraq 2016-cı ildə etmişəm,, lakin müsbət həllini yalnız 2021-ci ildə tapıb. Tam 5 il süründürməçilik olub. Bu müddət ərzində bəlkə də 100 dəfə Ayaz Əsgərovun və müavinlərinin qəbulunda olmuşam. Prezidentə, Baş prokurorluğa, Əmlak komitəsinə və media nümayəndələrinə müraciətlər etmişəm. Bunu Preziden aparatında çalışan kuratorlarımız Habil müəllim və Dəyanət müəllim də yaxşı bilirlər. Onların da qəbulunda dəfələrlə olmuşam.
Bütün bu yazdıqlarımı təsdiq edən sənədlər var. O sənədlər ki, ayrı-ayrı illərdəki müraciətlərimə Azər Xamiyev və Mahir Mirzəyev tərəfindən cavab olaraq yazılıb.
Övladımın işlə təmin olunmasında da eyni oyun oynanılıb. Əvvəllər dedilər ki, mövsümi iş yerləri açılacaq və ilk öncə şəhid ailələri, qazilər və iştirakçılar təmin olunacaq. Lakin olmadı, hanı o iş yerləri və ora kimlər təyin olunub, bilinmədi! Buna açıqlama versinlər, verə bilərlərmi?
Cənab Prezident müharibə iştirakçılarına diqqət göstərməyi tövsiyyə edir onlara. Yardımlı RİH-nin bu diqqəti varmı bizlərə? Və varsa nələrdən ibarətdir, açıqlaya-yaza bilərlərmi? İH-nin başçısı və ya müavinləri bircə dəfə olsun onlarla maraqlanıbmı? Bircə dəfə olsun şəhid-qazi ailələri, yaxınları ilə səmimi görüş keçiribmi?
Onuda deyim ki, işğal olunan, düşmən tərəfindən dağıntıya məruz qalan ərazilərimizdə doğulub böyüyən vəzifəli şəxslər şəhid ailələrinə, qazilərə və o torpaqların azadlığında iştirak edənlərə ikiqat borcludurlar və bunu unutmamalıdırlar.
Amma heyiflər olsun ki, unudublar, əks halda mən və mənim kimilərə diqqət ayırardılar. 1 ildən artıq vaxtın keçməsi və bugün yazıb yaydıqları bayağı açıqlamaları da dediklərimin sübutudur. Təəssüf edirəm!.."

Demokratik.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.