RƏCƏB BABAŞOV ÖZ MÜƏLLİMİ OLMUŞ MƏKTƏB DİREKTORUNU “SUDAN DURU ÇIXARA” BİLƏCƏKMİ?

3-02-2022, 00:09           
RƏCƏB BABAŞOV ÖZ MÜƏLLİMİ OLMUŞ MƏKTƏB DİREKTORUNU “SUDAN DURU ÇIXARA” BİLƏCƏKMİ?
Qazaxda şagirdi bıçaqlayanların bir deyil, iki məktəbli olması ehtimalı istisna edilmir
Yanvarın 31-də Qazaxda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri arasında olub.

Rəsmi məlumatda hadisəni törədənin məktəbin 10-cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğlunun olduğu bildirilir. Futbol meydançasında mübahisə zamanı o 11-ci sinif şagirdi Yunis Xəqani oğlu Yolçuyevə 2 bıçaq zərbəsi vurub.

Xəsarət alan Yunis Yolçuyevi Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-cərrahı Binyamin Abbasəliyev bildirilib ki, yaralı hazırda reanimasiya şöbəsindədir, nəzarətdədir və onun həyatı üçün təhlükə yoxdur: “Yolçuyev Yunis ağır vəziyyətdə aldığı bıçaq yarasından sonra təcili tibbi yardım maşını ilə gətirilib. Xəstə müayinə olunandan sonra təcili əməliyata götürlmüş onun döş tərəfinin sol tərəfində dəlib kəsib deşilmiş daxilə sirayət edilən ağciyərin zədələnməsi ilə yara aşkar edildi. Xəstə əməliyyat olundu. Yara tikildi. Hazırda xəstənin vəziyyəti sabitdir», — deyə həkim qeyd edib.

DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı araşdırmalara başlanıb: “Faktla bağlı Qazax Rayon Polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirilib. Hazırda Qazax rayon şöbəsinin istintaq bölməsində araşdırma davam etdirilir. Araşdırmanın və ekspertizaların rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”, — deyə o vurğulayıb.

Qazaxda etibarlı mənbədən aldığımız məlumata görə, hadisənin baş verdiyi gün ərzində şagirdlər 3 dəfə — məktəb binnasının 1-ci, 2-ci mərtəbələrində və məktəbin həyətində dalaşıblar: “Onları şagird yoldaşları ayırsalar da, məktəb rəhbərliyindən heç kim – nə direktor və müavinləri, nə müəllimlər, nə psixoloq insidentə müdaxilə etməyiblər. Nəticədə dalaşan uşaqlar 8-9 nəfər digər məktəbli yoldaşlarının müşayiəti ilə münasibətlərini ayırd etmək üçün stadiona gediblər. Məktəb rəhbərliyi hadisənin tənəffüs vaxtı baş verdiyini bildirsə də, əslində stadiona qədər məsafəni qət etmək üçün xeyli vaxt lazımdır. Bununla dərsə davamiyyətin aşağı olmasını, şagirdlərin başlı-başına buraxıldığını gizlətmək, məsuliyyəti öz üzərlərindən atmaq istəyirlər. Əgər məktəb rəhbərliyi səhlənkarlıq etməyib münaqişəyə vaxtında müdaxilə etsəydi, gərginləşmənin qarşısını almaq olardı”.

Mənbə həmçinin bildirir ki, rəsmi məlumatda bıçaqlayanın bir nəfər olduğu bildirilsə də, hadisəni iki nəfərin törətdiyi ehtimalı vardır: “Zərərçəkən iki bıçaq zərbəsi alıb. Biri görünür ürək nahiyəsinə yönəldilmiş olsa da, ağ ciyəri zədələyib. İkinci zərbə isə sağ çiyin nahiyəsinə dəyib. Zərbələrin eyni, yaxud ayrı-ayrı kəsici-deşici alətlə endirildiyini asanlıqla yoxlamaq mümkündür”.


Dəryaz qəzetinin redaksiyasına verilən məlumatda ən ilginc məqam isə məktəbin direktoru Murğuz Mustafayevin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “adamı” kimi tanınmasıdır: “Murğuz Mustafayev cavanlığında əslən Sabirabad rayonundan olmaqla icra başçısı Rəcəb Babaşovun doğma kəndindəki məktəbdə dərs deyib. Sonra Qazağın Qızılhacılı kənd məktəbində işləyib, Barxudarlı ibtidai məktəbində direktor olub. Rəcəb Babaşov ona iltifat göstərərək Qazax şəhər Səməd Vuurğun adına 2 saylı tam orta məktəbə rəhbər vəzifəyə gətirib. Mustafayev hər yerdə fürsət düşəndə deyirmiş ki, Rəcəb Babaşovun müəllimi olub. Söz var ki, məlum hadisədən sonra icra başçısı təcili iclas çağıraraq Murğuz müəllimi sərt şəkildə danlayıb, onun himayədarlığından sui-istifadə etdiyini üzünə vurub”.

Təbii və başa düşüləndir ki, Qazax məktəblərində hazırki acınacaqlı vəziyyətin yaranmasında 2015-ci ildən rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Nizaməddin Babanlının da təqsiri az deyil. İndiyədək mətbuatda N.Babanlının korruptiv əməlləri barədə çoxsaylı məlumatlar gedib. İnternet resurslarında təhsil müdirinin II qrup əlil olan vərəm xəstəsindən rüşvət alıb məktəblərdən birinə işə götürməsi, ondan şikayət edən müəllimlərə qarşı repressiya siyasəti yürütməsi və başqa qanunsuz əməllərindən bəhs edən informasiyalara hələ də rast gəlinməkdədir.

Mövzuya qayıdacağıq.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.