"Avropa-Servis” MTK 550 ailədən maliyyə arayışı, qaz sayğacı üçün pulu niyə tələb edir?

14-02-2022, 08:10           
"Avropa-Servis” MTK 550 ailədən maliyyə arayışı, qaz sayğacı üçün pulu niyə tələb edir?
Əvvəlki adı "İlin 4 fəsli” MTK, indiki adı isə "Avropa-Servis” MTK olan şirkət vətəndaşlardan qanunsuz olaraq ödənişlər tələb edir. Buna görə də sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

TEREF.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakıda, Həsən Əliyev küçəsi 1061 ünvanında yerləşən binanın sakinləri yaranmış vəziyyətlə bağlı iqtisadiyyat nazirinə və baş prokurora müraciət ediblər.

2008-2010-cu illər ərzində MTK-dan mənzil alan sakinlər bu günə qədər çıxarış ala bilmirlər. Vətəndaşlar MTK-dan maliyyə arayışı alaraq "ASAN Xidmət”ə təqdim etməlidirlər ki, çıxarış ala bilsinlər. Amma MTK bunun üçün sakinlərdən bir otağa görə 150-450 manat arasında pul tələb edir.

550 ailənin yaşadığı bu kompleksdə idarəçilik MTK-nın əlindədir.

"Pul verib aldığımız mənzilləri özəlləşdirə bilmirik. İllərdir "Avropa-Servis”in müəyyən etdiyi "vergiləri” ödəyirik. Əvvəl binalarda ümumi isitmə sistemi var idi. Sonra bu sistemi ləğv elədilər. Sakinlər də məcbur qalıb kombi aldı. Sonra həmin istixananı satıb, pulunu mənimsədilər. Binaya qaz verilməsi üçün hər mənzildən 700 manat tələb edirlər. Pulunu verən qazı çəkdirib, olmayan isə bu günə qədər qazsız alıb. Bir qaz sayğacı üçün 700 manat tələb etmək olar?”,- deyə sakinlər müraciətlərində yazır.

Narazı vətəndaşlar qeyd edir ki, MTK mənzillərin özəlləşdirilməsində maraqlı deyil: "Məqsədləri budur ki, mənzillər özəlləşdirilməsin. Mənzillər özəlləşdirilsə, idarəçilik onların əlindən çıxacaq və qazancdan olacaqlar. Bu günə qədər hər evdən hər kvadratmetrə görə 40 qəpik pul yığırlar. 22000 manatı hara və necə xərclədiklərinin hesabatı da yoxdur”.

Bildirək ki, Mənzil Məcəlləsində nəzərdə tutulub ki, binanın tikintisini aparan MTK-lar tikinti başa çatdıqdan sonra bir ay müddətində ləğv edilməli, bina sakinləri öz birliklərini - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar.

Bundan sonra bina ya sahə mülkiyyətçilərinin özləri (MMMC) tərəfindən, ya da bu sahədə ixtisaslaşmış peşəkar idarəedici təşkilatlar tərəfindən idarə edilməlidir.

Mənzil Məcəlləsinin 393-1.6. maddəsinə istinadən çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə sakinlər adından məhkəmə orqanına müraciət edilir. Beləliklə vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qanunverciliyə uyğun olaraq, tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququna məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər, yəni ki çıxarışa zidd olmayan əqdlərə (maliyyə arayışı və alqı-satqı müqaviləsi) sahib olan mülkiyyətçilər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıb binanın idarəetməsini həyata keçirə bilərlər.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.