7.2-Cİ MADDƏNİ 72 DƏFƏ TAPDALAYAN VİDADİ İSAYEV
27-04-2016, 02:22
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində göstərilib ki, qanunvericilikdə nəzərdən tutulan hallardan başqa rəhbər vəzifəli şəxslərin yaxın qohumları onların tabeliyində işləyə bilməzlər. Amma qanunvericilikdə o istisna hallar hansı hallardır, bu nəzərdə tutulmayıb. Ona görə də belə bir anormallıq yaranır. Yəni o "qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla" müddəasının nəzərdə tutulması bir sıra yüksək rütbəli şəxslərə imkan verir ki, onlar öz yaxın qohumlarını tabeçiliklərində işlətsinlər.
Əslində bu sırf qanunsuzluqdur. Yəni bu ”Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun müddəalarının pozulmasına gətirib çıxarır. Yüksək vəzifəli şəxsin yaxın qohumunun onun tabeçiliyində işləməsi həmin yaxın qohuma vəzifəsindən su-istifadə etməsinə imkan yaradır. Bunlar da korrupsiya cinayətlərinin artmasına gətirib çıxarır. Azərbaycan hüquqi dövlət olduğuna, bu qanunun qüvvədə olmasına baxmayaraq, həmin “Korrupsiyaya qarşı mübarizə haqda” Qanunun 7.2-ci maddəsinə su-istifadə halları davam etdirilir. Sovet dövründə yaxın qohumların bir-birinin tabeliyində işləməsinə icazə verilməyən konkret vəzifələr təklif olunmuşdu və Əmək Məcəlləsində bu norma tətbiq edilmişdi, pis-yaxşı o normanın tələblərinə əməl olunurdu.
Bu günləri isə Azərbaycan reallığında çox vaxt elə olur ki, məmur qohumları adları rəsmən işdə getmədiyi hallarda belə vəzifəli qohumun həndəvərində dolaşır, onların adlarından istifadə edərək qanunsuzluqlar törədirlər. teref.az yazır ki, halal zəhmət adamı Cəfərov Elgiz Əvəz oglu Sonolay.org –un redaksiyasına müraciət edərək, özünün və başçılıq etdiyi işçi briqadasının Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin işbaz qohumları tərəfindən aldadıldıqlarını, zəhmət haqlarının kəsildiyini bildirmişdir: "Cox xahiş edirəm, məni qəbul edib dərdimi dinləyəsiz. Olduqca çarəsiz durumdayam. Haqqımı kimdən alacağımı bilmirəm. 10.02.2016-cı il tarixində Bərdə rayonunda DİN cənab Ramil Usubovun qəbuluna girmək istəyirdim. Bərdə icra hakimiyyəti binası yaxınında kimliyin bilmədiyim iki mülki geyimli şəxs qarşımı kəsib binaya girməmi əngəllədi. Məni inzibati binanın arxasında aparıb günorta saat 13.30-a qədər saxladılar. Ramil Usubov icra hakimiyyəti binasından cıxıb uzaqlaşandan sora məni buraxdılar. Nazirlə görüşməmə mane oldular. Daha sonra rayonumuzun millət vəkili Zahid Orucun köməkliyi ilə binaya girə bildim. Bir neçə il bundan əvvəl Bərdədə indiki icra başcısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlış işlərində ustalara ehtiyac olduğunu bildirdi. Mən isə Bakıda mənimlə işləyən işci briqadasını yığıb 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün başçının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmin gündən də görüləcək işlərlə bizi tanış etdi, şəhərin yol kənarı hasarların, mağaza - dükanların, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərini bizə tapşırdı. İşin qiymətini də danışıb razılaşdıq və bizi tənbehlədi ki, burda “kimdənsə pul istəməyəcəksiz, bütün işlərin hesabatını icra hakimiyyətində işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və pulunu da məndən tələb edirsiz” dedi. İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qaldığını əks etdirən siyahını götürüb getdim icra hakimiyyəti başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacağımız olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi: --Narahat olma, düşək aşağı, gedək Mahmud məllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin. Getdik şəhər parkına, orda zəng edib Mahmud məllimi çağırtdı. Mən bir az kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə başcının qoçuları qarşımı kəsdi və başcıya yaxınlaşmağımı istəmədi, mən də dedim ki, başcı özü çağırıb pulumu alıb versin. Mənə sərt şəkildə "əgər burdan uzaqlaşmasan, səni içəri soxduracam, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtararsan. Çıx get" - dedi. Mən də ordan uzaqlaşdım, sabahı gün başcının müavini Vidadi İmanquluyevi tapdım, o puldan cəmi 800 manat mənə verdi və Bərdəni tərk etməyimi tapşırdı, əks halda məni tutduracaqlarını bildirdi. Ordan uzaqlaşdım, ustalar haqların tələb etməyə başladılar, mən də məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim, ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdeh də məni bildilər. O gündən sonra Bərdədən uzaqlaşdım, gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini qaytara bildim müəyyən vaxta qədər. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt da dolların kursu 0,78 idi, sonralar bəzi ayları verə bilmədim, o pul qalxıb 8000 dollar oldu, mən də məcburən keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım. Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə də, icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa - qorxa gedib - gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruc müəllimə dərdimi danışdım, o da əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi. Bu ilin fevral ayının 10-u günü Bərdədə icra hakimiyyəti binasına girmək, başcıyla görüşmək mənə qismət oldu. Zahid məllimin şahidliyi ilə icra başcısıyla görüşdük, hər şeyi olduğu kimi təkrarladım, Vidadi İsayevin verdiyi cavab o oldu ki, bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə, pulunuzu alın. Qayıdıb gəldik Bakıya. Zahid məllim zəng etdi başcının bacanağı olan Mahmuda, mənimlə görüşüb dərdimi dinləməyini istədi. Mahmud məllim mənə zəng etdi, Bakıda parkların birində görüşdük, mən ondan haqqımı tələb etdim. O da biz işlədiyimiz obyektlərdən pul ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdi ki, əslində həmin işlərin pulu dövlət büdcəsindən ayrılsa da, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin ödəyəcəyin bildirib, daha sonra da o idarə müdirlərin işdən qovub yerinə öz qohumlarını qoyduğu üçün ortada batan biz ustaların pulları olub. İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm". Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsindən çıxarışa diqqət yetirməyə dəyər: 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər; 7.2. Bu qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Beləliklə, Vidadi İsayevin seçim edib qohumlarını özündən də üstün tutmaq hüququ var. Bir şərtlə - vəzifəsini boşaltmalıdır! O təqdirdə Elgiz Cəfərov kimi halal zəhmət adamlarının da problemləri avtomatik həllini tapacaqdır.
Qarşı tərəfin fikirlərinə yer vermə\yə hazırıq!
teref.az