Heydər Əsədovun himayəsinə arxalanan Ağakişi Alıyev…

28-04-2016, 22:03           
Heydər Əsədovun himayəsinə arxalanan Ağakişi Alıyev…
Kənd təsərrüfatı nazirinin Qərib Məmmədovun yaxşılığına cavabı fermerlərə, sahibkarlara baha başa gəlib

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi əsasnamədə nəzərdə tutulan vəzifələrini layiqincə icra etmir Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan, Nazirlər Kabineti tərəfindən müəyyən edilən kənd təsərrüfatı nəqliyyat vasitələrinin və mexanizmlərinin dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevin nöqsanlı fəaliyyəti fermerlərin, iş adamlarının, eyni zamanda müvafiq dövlət qurumlarının ciddi narazılığına səbəb olub. «Lakin buna rəğmən, kənd təsərrüfatı naziri Heydər Əsədovun himayəsinə arxalanan Ağakişi Alıyevə irad tutan, yol verdiyi səhvləri, səbəb olduğu problemləri qabardan, buna görə ona töhmət verən yoxdur» deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgidə qeyd olunur ki, ötən ilin iyul ayında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə rəis təyin olunan Ağakişi Alıyev bir zamanlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) törətdiyi əməlləri indi də burda təkrarlayır. Belə ki, Ağakişi Alıyevin uzun müddət, fəaliyyətinə xitam verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat rəhbərinin müavini vəzifəsində çalışdığını vurğulayan mənbənin sözlərinə görə, o, DTXK-nin keçmiş sədri Qərib Məmmədovun yaxın qohumudur: «Nəzərinizə çatdırım ki, ötən ilin aprel ayının sonlarında Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib. Həmin iclasda müfəttişliyin o zamankı rəisi Nazim Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat verib. Kənd təsərrüfatı naziri Heydər Əsədov isə elə həmin iclasda Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayevi işdən azad edib. Məhz bu olaydan qısa müddət keçdikdən sonra keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparat rəhbərinin müavini Nazim Babayevin postuna təyinat almağa müvəfəq olub. Deyilənlərə görə, Ağakişi Alıyevin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilməsində Qərib Məmmədovun xidmətləri olub. Belə ki, sabiq DTXK sədri Heydər Əsədovla hələ o, Hesablama Palatasının sədri vəzifəsində çalışdığı dönəmlərdə yaxın münasibət qurmuş, əlaqələrini möhkəmləndirmişdi. O zamanlar Qərib Məmmədov Heydər Əsədovun torpaq məsələləri ilə bağlı xahişlərini yerinə yetirdiyindən, əlindən gəldiyi qədər ona köməklik göstərdiyindən bu gün də kənd təsərrüfatı naziri komitə sədrinin yaxşılıqlarının əvəzini ödəməyə çalışır. Qərib Məmmədovun yaxın qohumu Ağakişi Alıyevin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilməsi də məhz bu yaxşılığın cavabı kimi qiymətləndirilir. Onu da qeyd edim ki, Ağakişi Alıyev yeni vəzifəyə təyin olunar-olunmaz dərhal Heydər Əsədovun qəbuluna düşüb və nazirdən ona himayədarlıq etməsini xahiş edib. Uzun sürən danışıqlardan sonra nazir irəli sürülən təklifi müsbət cavablandırıb. Və elə həmin gündən Ağakişi Alıyev «burda mən, Bağdadda kor xəlifə» prinsipilə fəaliyyət göstərir». Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisinin əslən Ağsu rayonundan olduğunu deyən məlumatlı şəxs bildirir ki, adıçəkilən qurumun yarıtmaz fəaliyyəti yalnız Ağakişi Alıyevin şəxsi maraqlarının təminatına yönəldilib: «Deyilənlərə görə, Ağakişi Alıyevin gəlişindən sonra Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyət istiqamətləri və əsas vəzifələri unudulub. Belə ki, hazırda faktiki olaraq, heç bir texniki baxışdan və ya hansısa texnikadan istifadəyə nəzarətdən söhbət gedə bilməz. Müfəttişliyin işi sürücülük vəsiqələrinin satılmasından, ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının alverindən ibarətdir. Fermerlər hansısa problemlə bağlı quruma dəfələrlə müraciət etsələr də heç bir nəticə olmur. Bir sözlə, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi əsasnamədə nəzərdə tutulan vəzifələrini layiqincə icra etmir. Bu isə ölkədə kənd təsərrüfatının inkişafını əngəlləyir, bu sahədə əlavə problemlərin yaratmasına səbəb olur. Bütün bunlara rəğmən, Heydər Əsədov hələ də olub-bitənlərə əhəmiyyət vermir, Ağakişi Alıyevin fəaliyyətinə yetərincə diqqət ayırmır. Bir sözlə, Heydər Əsədovun Qərib Məmmədovun yaxşılığına cavabı kənd təsərrüfatına, fermerlərə, sahibkarlara baha başa gəlib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.