Keçmiş MTN-çilər nəyin davasını aparır? - Prezidentə şikayət olundu
3-05-2016, 11:01
«Təzadlar»a vaxtilə MTN-də çalışmış, lakin özlərinin qeyd etdikləri kimi, Eldar Mahmudov və ətrafının MTN-ni «OBXSS» üsul-idarəsinə çevirmələri sayəsində mövcud biabırçı vəziyyətə dözməyərək işdən gedən «çekist»lərdən müraciət daxil olmuşdur… Həmin şikayətçilərdən ikisi redaksiyamızda oldular və cənab Prezident İlham Əliyevə ünvanlı müraciətlərini təqdim etdilər. Lakin «KİV haqqında» Qanunun tələblərini nəzərə alaraq hələki adlarının ictimailəşməsini istəmədiklərini bildirdilər…
«Təəssüflər olsun ki, qəsdən KİV-lərdə adlarını həbs olunmuş kimi yazdıran bəzi rüşvətxor generallar, əslində, azadlıqda, öz keflərindədirlər…»
Beləliklə, Prezident İlham Əliyevə və DTX-nin rəisi Mədət Quliyevə ünvanlı müraciəti ixtisarla təqdim edirik:
«Çox hörmətli Cənab Prezident!
Hörmətli cənab rəis!
Təəssüflə qeyd etməliyik ki, MTN kimi dövlətimizin təhlükəsizliyi keşiyində durmalı olan bir qurum bəzi səriştəsizlərin sayəsində dağılmış və viran qalmış struktur vəziyyətinə gətirilmişdir. Amma Cənab Prezident, Sizə minnətdarıq ki, vaxtında Eldar Mahmudov və komandasının daha rüsvayçı hərəkət və fəaliyyətlərinin qarşısı alındı... Biz-müəyyən səbəblərdən MTN sıralarını könüllü tərk etmiş peşəkar kadrlar (zabitlər), təəssüflə bildiririk ki, nazir Eldar Mahmudovun ətrafına yığdığı və necə deyərlər, süd iyi hələ burnundan getməmişləri general edərək yaratdığı dəstəsinin dırnaqarası fəaliyyəti sayəsində böyük tarixi keçmişi olan bir qrum zəlil günə salındı. Ulu Öndər Heydər Əliyev kimi bir generalın-peşəkarın uzun illər rəhbəri oluduğu bir qurum haqqında niyə indi təəssüf hissi ilə danışmalı idik? Amma min dəfə təəssüflər olsun ki, biz indi buna məhkumuq. Bizi ən çox təsirləndirən isə budur ki, MTN-nin adına olmazın ləkəni vurmuş həmin yüksək çinlilər, bu sırada generallar, indi öz kefindədir və onlar mətbuata guya həbsdə olmaları barədə məlumat sızdırırlar, diqqəti özlərindən yayındırırlar. Məsələn, mətbuatda oxuyuruq ki, “...Baş Prokurorluğun rəsmi məlumatına görə, indiyədək iş üzrə istintaqa 22 nəfər cəlb olunub, 1 nəfər axtarışa verilib, 1 nəfər isə ev dustaqlığındadır. Və indiyədək “MTN işi” ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərdən 36 yaşlı general-mayor Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəisi, general Əlimusa Əliyev, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqalarının adı var... Həmçinin MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev işdən çıxarılıb və yuxarıda qeyd etdiyimiz kimi, istintaqa çağırılıb, onun şöbə rəisi Vüsal Əfəndiyev həbsdədir...”. Doğrudanmı belədir?
Cənab Prezident!
Bu məmur-generallar əsil həqiqətdə azadlıqa gəzirlər, öz ənənəvi bahalı maşınlarında istirahətlərindən, turist səfərlərindən qalmırlar. Və biz bir daha təəssüflə onu bildirmək istəyirik ki, məsələn, rütbə daşıyan hansısa vəzifəli şəxs dövlətçilik əleyhinə yad əməl tutursa, həm də onun rütbəsi əlindən alınır. İndi nə vəziyyət yaranıb: MTN kimi bir qurumu məhv etmiş, iş adamlarını, sahibkarları şantaj edərək külli miqdarda rüşvət almış, sonda vəzifəsindən qovulmuş bu adamlar indi evlərində oturub yığdıqları pullarını xərcləməklə məşğul olduqları bəs deyil, hələ bir general rütbəsinə görə dövlətdən külli miqdarda müavinət də alırlar.
Odur ki, yuxarıdakı siyahıda adı keçən və ya bu siyahıda adı olmayan, lakin həbs edilməli olan bəzi general və ya yüksək rütbəlilərin barəsində ilginc məlumatları diqqətinizə çatdırmaq istəyirik.
Siyahıya bir daha diqqət yetirək:
-MTN-nin Kadrlar İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev;
-MTN-nin Zıgdakı hərbi hissəsinin rəisi, 36 yaşlı general general-mayor Vüqar Allahquliyev;
-MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov;
-Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov;
-MTN-in Mərkəzi Aparatının rəhbəri, general-mayor Fərhad Vahabov;
-MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov;
-MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqaları...
Başlayaq MTN-nin Kadrlar İdarəsinin rəisi, bu günlərdə Mədət Quliyev tərəfindən vəzifəsindən çıxarılmış general Əlimusa Əliyev hələ də sərəncamda olan, vəzifə gözləyən, pulunu aldığı, indi qapısını döyənləri arxayın etmək üçün tezliklə yüksək vəzifə tutacağı barədə yalan vədlər verən idarə rəisindən... Onun əməllərini sıralayıb xatırladıqca, ən adi adamın belə ayağının altından az qalır ki, yer qaçsın. Rəis-general Əlimusa Əliyev bu günlərdə vəzifəsindən çıxarıldı. Hamı elə bilirdi ki, onu həbs edəcəklər... Lakin hamı bilir ki, Milli Təhlükəsizlik Nazirliyində 2015-ci ilin oktyabrın 17-də baş tutan xüsusi əməliyyatdan sonra rəis Əlimusa Əliyev də həbs edilməli idi. Hansı ki, o, nazir Eldar Mahmudovun ən sədaqətli adamı olub, bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına kursant qəbulundadək, tələb olunan pulun dərəcəsini müəyyən edən olub. Biz canlı şahid və bəlkə də zərərçəkənlərik ki, Ə.Əliyev şəxsən özü birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 60-70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edibdir. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb olunub. Rayon bölmələrindən yerdəyişmə, hərbi hissələrə MTN-nin xüsusi şöbə rəisi kimi təyinatın isə özgə qiyməti olub... O da bilirdi ki, peşəkarın pulu olmazdı, qeyri-peşəkarın isə savadı. Ona görə də indi orduda çekistlərimizin də yeri görünür. Xırdalığa getmək istəmirik, amma...
Çox hörmətli Cənab Prezident!
Hörmətli cənab rəis!
...Onu da bildiririk ki, MTN-də baş verən bütün bu biabırçı hərəkətlərdən, dövlət təhlükəsizliyimizin qarantı olan bir qurumun rüşvətxorluq və bəzi hallarda iş adamlarının və sahibkarların qorxudulması aparatına çevrilməsindən nazir Eldar Mahmudovun birbaşa xəbəri var idi və deməli, elə özü də bunu idarə edirdi. Biz bunun canlı şahidləriyik, orada baş verən murdar hadisələrin içində idik. Amma baş verənləri icra edən şəbəkənin üzvləri olan, yuxarıda adlarını çəkdiyimiz, həmçinin aşağı vəzifədə olduqlarından hələki (onların sayı heç də az deyil) adlarını çəkmədiklərimiz bir çoxları var ki, dilə gətirilməsi mümkün olmayan korrupsiya şəbəkəsi yaratmışdılar...
MTN generalı Əlimusa Əliyev niyə həbs edilmədi?
Cənab Prezident!
Onu da xatırladırıq ki, MTN-də məlum korrupsiya şəbəkəsinin mərkəzi Baş Kadrlar İdarəsi idi. İdarənin rəisi isə Əlimusa Əliyevin bu ilin aprelin 23-də işdən çıxarılması xəbərini aldıq. Lakin hamı gözləyirdi ki, Əlimusa Əliyev həbs ediləcək. Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Əlimusa Əliyev nazir Eldar Mahmudovun ən sevimli adamlarından idi. Onun bütün kadr məsələlərini o həll edirdi. Hansı ki, MTN-nin Kadrlar İdarəsinin vəzifəsi həm də kadrların düzgün seçilib yerləşdirilməsindən əlavə, onların sonrakı fəaliyyətlərinə də nəzarət etməli, təkmilləşmələrini təmin etməli idi. Amma sabiq nazir Namiq Abbasovdan sonra bu idarə nəinki kadrların düzgün seçilməsini təmin etdi, əksinə, bütün yeni kadrlar tanışlıq, rüşvət hesabına komplektləşdirildi. Elə Eldar Mahmudovun işdən çıxarılmasından sonra sərəncama verilən, yaxud həbs edilən kadrların əməllərinə diqqət yetirilsə, hər şey aydın olacaq. Əlimusa Əliyev və onun rüşvət açarı hesab edilən əməkdaşları MTN əməkdaşlarının yüksək dövlət mükafatlarına təqdim edilməsində, general rütbələrinin verilməsində, ayrı-ayrı dövlət orqanlarında, nazirlik və universitetlərdə (xüsusi məsələlər üzrə prorektor vəzifəsi) məsul vəzifə tutmaqda da mühüm rol oynayırdılar. Məsələn, onların əsas vəzifəsi həm də barəsində şikayət edilənlərin dosyelərini, yaxud müsbət işlərini və s. şəxsi işinə əlavə etməklə nazirə məruzə etmək, gələcəkdə vəzifələrə irəli çəkilmə məsələlərində bunların rolunu nəzərə almaq idi.
Lakin Əlimusa Əliyev və onun əməkdaşları nəinki belə edirdi, barəsində ciddi nöqsanlar olanların adlarını külli miqdarda rüşvət sayəsində təltifə təqdim edirdilər. Budur, Cənab prezident, Sizə bir siyahı təqdim edirik. Biz sadə əmkdaşlar, yəni öz vəzifəsi ilə məşğul olanlar gecəmizi gündüzümüzə qataraq dövlətimizin təhlükəsizliyi yolunda qan-tər tökdüyümüz, transmilli cinayətkarlıqla mübarizə apardığımız bir şəraitdə, bir də görürdük ki, demək olar heç bir xidməti olmayanlar Prezident sərəncamı ilə yüksək adlara layiq görüldülər. Belə bir hadisə 2007-ci ilin 27 mart tarixində baş verdi və Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif olundular. /Sərəncama əsasən, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinov (onun barəsində az sonra bəzi faktları, həmçinin 1997-ci ildə vəzifəsindən nə üstündə kənarlaşdırılmasını bildirəcəyik) və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsi rəisinin müavini Hafiz Musayevə general-mayor hərbi rütbəsi verildi. Həmçinin MTN-nin bir qrup əməkdaşı isə orden və medallarla təltif olundular. Təsəvvür edirsinizmi, sərəncamın priampula hissəsində yazılırdı: “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə general-mayor Əlimusa Əliyev, polkovnik Sübahir Qurbanov “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə, Allahquliyev Vüqar, Əsədov Hilal, Əsədullayev Ədalət, Əzizov Eldar, Nurməmmədov Malik, Ömərov Elxan, Tağıyev Ramiz, Usubov Mütəllim “Vətən uğrunda” medalı ilə, Ağayev Həsənağa, Əliyev Əli, Fətullayev İdrət, Məhərrəmov Bəbəş “İgidliyə görə” medalı ilə, Abbasov Asif, Axundov Vaqif, Bağırov Fariz, Çovdarov Akif, Əliyev Rafət, Əfəndiyev Namiq, Gərayzadə Ayaz, Hüseynov Rəşad, Kərimov Kərim, Quliyev Teymur, Mahmudov Elşad, Mikayılov Şahsuvar, Muradov Tengiz, Novruzov İlqar, Səlimov Azər, Şirəliyev Qədir “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunsunlar”.
Görəsən, Əlimusa Əliyev vətənə hansı xidmət göstərmişdi? Olsa-olsa, o, Eldar Mahmudova və öz cibinə xidmət göstərmişdir!
Yəqinki bu siyahıda kimlərin adlarının olduğunu və həqiqətdə bu yüksək ada kimlərin nə dərəcədə layiq olduğunu MTN-də çalışan hər kəs yaxşı bilirdi. Qoy qiyməti Tanrı versin və kimlərin Əlimusa Əliyevə və onun dəstəsinə bu siyahıya düşmək üçün hansı məbləğdə pul verdiklərini özləri desinlər...
Amma həmin siyahıda biz həm də üstündən 8 il keçəndən sonra olmazın cinayətlər törətmiş digər yüksək çinlilərin- Akif Çovdarovun, Hilal Əsədovun, neçə gün əvvəl işdən qovulmuş Əlimusa Əliyevin özünün, Vüqar Allahquliyevin (MTN-nin Zıgdakı hərbi hissəsinin rəisi, 36 yaşlı general general-mayor)... adlarını görəndə yer-göy niyə titrəməməlidir??? Hansı ki, bu siyahını elə Əlimusa Əliyev tutmuş, nazir Eldar Mahmudova təqdim etmişdi. O, kimin nə işlə məşğul olduğunu, nə yuvanın quşu olmasını deyə bilərdi. Amma susub.
Ən təəccüblüsü budur ki, bir müddətdir Əlimusa Əliyev və digərləri mətbuatda özlərini həbs olunmuşlar kimi təqdim edirdilər. Lakin bu heç də belə deyil. Onlar da özlərini ictimai diqqətdən, mətbuatın gündəmindən kənarda saxlamaq üçün bu çirkin yola əl ataraq həbs edildikləri barədə yalan məlumat yaymışdılar. Bunların hamısı vaxtilə Namiq Abbasovun, MTN-nin birinci müavini olmuş mərhum Tofiq Babayevin ayağının altını qazanlar idilər. Nəticə bu oldu ki, onlar vaxtilə dövlətimizi təhlükədə qoyaraq özlərinin gələcək təhlükəsizliyinin təminatı olan rüşvət pulları yığırdılar, özlərinə Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Bakıda iaşə obyektləri, istirahət mərkəzləri, mülklər, torpaq sahələri, digər qazanclı yerlər ələ keçirirdilər. Yəqinki yeri gəldikcə onların hər birinin çirkli pullar sayəsində aldıqları obyektlərinin siyahısını təqdim edə biləcəyik, həmin obyektlər dövlət nəfinə müsadirə edilməlidir. Çünki MTN-də, təkrar edirik, kadr məsələləri ilə bağlı əsas rüşvətlər Əlimusa Əliyev və onun əməkdaşları tərəfindən alınırdı. Onlar əməkdaşlardan MTN-nin özünə, həmçinin Bakı qarnizonuna “perevod” olunarkən 40-50 min manat, Bakı qarnizonundan digər rayon şöbələrinə “perevod” olunarkən isə 15-25 min manat pul alırdılar.
“Nizami Şirinov 1997-ci ildə MTN-dəki məsul vəzifəsindən niyə qovulmuşdu və 2005-ci ildə MTN-nin Hərbi
Əks-Kəşfiyyat İdarəsinə necə rəis təyin edildi?”
Yuxarıda qeyd etdik, 2007-ci ilin 27 mart tarixində Nizami Şirinov Prezident sərəncamı ilə MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinova general-mayor hərbi rütbəsi verildi... Olsun! Amma MTN-də hamı bilirdi ki, Nizami Şirinov (Talış oğlu) 2005-ci ildən bu yüksək vəzifəyə təyin olundu. O, əvvəllər də bu sahədə işləyirdi və həmin dövrdə idarənin rəisi Elman Qəmbərov idi. Nizami Şirinov isə MTN-nin Gəncə bölgəsi üzrə Sərhəd Qoşunlarının hərbi əks kəşfiyyatının kuratoru idi. Lakin 1997-ci ildə Elman Qəmbərov onu korrupsiya hərəkətlərinə görə MTN-dəki məsul vəzifəsindən kənarlaşdırıldı. Amma kimlərinsə (məlumdur kimlərdir) sayəsində 2005-ci ildə MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edildi.
Qeyd edirik ki, MTN-də 3-cü Baş İdarənin nəzdində 1-ci idarə var və rəisi Elcan Abdullayevdir. Bui darə cəbhə bölgələrinə nəzarəti həyata keçirir... Bilirik ki, 2010-2014-cü illər arasında hərbi hissələrə təyinat almaq (MTN-nin xüsusi idarə əməkdaşı kimi) 22-25 min manata başa gəlirdi. Bakıya gəlmək isə 10 min manat idi. Adi işçinin yerdəyişməsi də 10 min manata başa gəlirdi. Məsələn, Elcan Abdullayevə və Nizami Şirinova Elşad Nəcəfov (Güzdəkdəki “N” saylı hərbi hissənin rəisi) 25 min manat . Hər ayın sonunda bölgə rəisləri Elcan Abdullayevə 500 manat verirdi. Nəhayət, Nizami Şirinov 2014-cü ilin noyabrında Elcan Abdullayevi işdən qovdu. O, 100 min manat verib bu vəzifəyə Eldar Mahmudovdan əmr almışdı. Onun işdən çıxarılmasının əsas səbəbi isə bu idi ki, Elcan Abdullayev bu idarənin kuratorları (“osobist”lər) Bakıya təyinat arıdısa, Elcan Abdullayevə 25-30 min verməli idi...
MTN-nin kadrları niyə sonradan zay oldu?
Bu suala cavab verən sabiq MTN əməkdaşları onu da bildirirlər ki, sən demə, rəhbərliyin yürütdüyü kadr siyasəti buna gətirib çıxarıb. “General-mayor Əlimusa Əliyevin başı yalnız alverə qarışmışdı deyə, vəziyyət sonda acınacaqlı həddə çatdı... Mətbuatdan da oxuyuruq ki, bu dəstənin hoqqabazlığı həddini keçmişdi. Ama nə sirdirsə, nazir Eldar Mahmudov bu özbaşınalığın bir gün ifşa ediləcəyini gözünün qarşısına almırdı. MTN-nin süpürgəçisi də bilirdi ki, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün “yuxarıya” 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200 - 500 min dollar civarında rüşvət tələb edilib. Əldə edilən rüşvət pullarının bir hissəsi general-mayor Əlimusa Əliyevə, yarıdan çoxu isə nazir Eldar Mahmudova çatdırılırdı. Ən dəhşətli haldır ki, məhz naziri Eldar Mahmudovun hegemonluğu dövründə onun pul yığanı kimi hamı Kadrlar Baş İdarəsinin rəisini tanıyırdı. İlk dəfə MTN-də işə qəbul edilən, həmçinin dərhal nazirliyin aparatına, yaxud Bakı qarnizonuna təyinat alanlar 50-70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbələrə isə 40-50 min dollar rüşvət verilməli idi. Təsəvvür edirsinizmi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan, bu ada layiq olmalı MTN Akademiyası da bazara çevrilmişdi. Buraya qəbul olunmaq istəyən 150 min dollarından, kurs keçmək istəyən isə 25-30 min dollarından keçməli idi. Təkrar edirik, bütün bu alverə etimad olunaraq general rütbəsi verilmiş rəis rəhbərlik edirdi. Onun bir bazar üsulu da var idi. Məsələn, MTN əməkdaşlarından kimsə nazirliyə, yaxud Bakı qarnizonuna təyinat yerinin dəyişdirmək istəyirdisə, mütlq qaydada 30-40 min dollar, Bakı qarnizonundan kənar şöbələrə təyinat alanda isə 10-15 min dollar rüşvət verirdi. KİV-lərdə də geniş yazıldığı kimi (20-yə yaxın KİV adı çəkilir, yazıların linkləri təqdim olunub - RED.), Bakı qarnizonunun tabeliyindəki rayon idarələrinə rəis heyətinə təyinat 500 min dollar, Bakı qarnizonundan kənar rayon şöbə və idarələrə isə 200-500 min dollar pul tələb edilib... Təsəllimiz bircə odur ki, DTX-nin rəisi cənab Mədət Quliyev but ör-töküntüləri təmizləyir, yerinə təmiz kadrlar gətirməyə çalışır. Lakin bizi narahat edən bir məsələ var: Eldar Mahmudovun pul yığanı olmuş general və polkovniklərin izi hələ də DTX-nin kabinetlərində vardır. Onların təqdimatlarının hələ də qüvvədə olması barədə məlumatlarımız var. Nə qədər ki, Əlimusa Əliyev və digərləri həbs edilməyib, vəziyyət çətin ki, tezliklə düzəlsin...
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu
P.S. Müraciətdə adları çəkilənlərin hər birini dinləməyə hazırıq, hətta özümüz KİV olaraq bunda maraqlıyıq. Lakin təəssüflər olsun ki, bəzilərinin mobil telefonlarını əldə edib zəng vursaq da mövqe bildirməkdən çəkinirlər... Bəziləri isə telefon zənginə cavab vermirlər.