Azərbaycan Universiteti haqda yeni İLGİNC FAKTLAR

3-05-2016, 17:22           

Azərbaycan Universiteti haqda son məqaləmizdə orada baş verən hadisələrlə bağlı əlavə yeni faktlar üzə çıxdığı üçün araşdırmamızı davam etdirdiyimizi və əldə etdiyimiz nəticələri oxucularımızın diqqətinə çatdıracağımızı qeyd etmişdik. Bu məqalədən sonra AFN.az-ın redaksiyacına daxil olan çoxsaylı müraciətlər həqiqətən də universitetdə biabırçı hadisələrin baş verdiyindən xəbər verirdi.

Redaksiyamıza göndərilən məktubda rektor Fərid Əhmədovun tədrisin keyfiyyətinin yüksəldilməsi haqda çıxışlarındakı alovlu çağırışları ilə universitetin daxilində yeritdiyi siyasətin çox böyük ziddiyyət təşkil etməsi barədə bir sıra faktlar təqdim edilir. Həmçinin qeyd edilir ki, mətbuatda çixan video və foto faktlardan sonra rektor Fərid Əhmədovun göstərişi ilə universitetin bir sıra əsas struktur bölmələrində universitetdə quraşdırılan kameralardan ötürülən görüntüləri əks etdirən monitorlara baxmaq qadağan edilib. Vaxtilə universitetdə dərs prosesində çatışmamazlıqları üzə çixarmaq, imtahan sessiyası zamanı prosedur qaydalarına əməl edilməsinə nəzarət etmək və şəffaflığı təmin etmək üçün quraşdırılan bu kameraların görüntülərini demək olar ki, universitet əməkdaşlarının əksəriyyəti izləyə bilərdi. Bu universitetdə obyektiv və şəffaf mühitin yaradılmasının əsas şərtlərindən və göstəricilərindən biri idi. Hazırkı dövrdə isə video göruntuləri Fərid Əhmədovun universitetə işə qəbul etdiyi əlaltıları: Tədris Şöbəsinin müdiri Ədalət Əliyev və tədrisin təşkilinə, imtahanlara nəzarət prosesinə heç bir aidiyyatı olmayan dostu təsərrüfat şöbəsinin müdiri Kamran Abdullayev görə bilir. Təqdim olunan yeni video materiallarda Azərbaycan Universitetindəki bir neçə dərs prosesinin görüntüləri yer alıb. Bu görüntüləri izlədikdə Fərid Əhmədovun və onun əlaltılarının nələri gizlətmək istədiyi aydın olur. Bu görüntüləri oxucularımızın diqqətinə çatdırırıq. Video görüntülər Fərid Əhmədovun cəmi 70-80 tələbə sayı ilə ayrıca bir fakultə yaradaraq xüsusilə inkişaf etdirmək istədiyi “Kompüter mühəndisliyi” və “Kompüter elmləri” ixtisas qruplarında keçilən ixtisas dərslərinin görüntüləridir. Azərbaycan Universitetində bu ixtisaslar üçün heç bir laboratoriya, texniki baza olmasa da gələcək kompüter mühəndisləri dərslərdə yeyib-içmək, gözəllik salonu xidmətləri ilə yüksək səviyyədə təmin olunurlar! Qız və oğlan tələbələr bulvarda və ya parkda oturmaq əvəzinə Azərbaycan Universitetində dərsdə oturub rahat şirin-şirin söhbət edə bilərlər, Fərid Əhmədovun xüsusi etimad göstərib, dəstəklədiyi “yola verən” müəllimlər isə video lentdən göründüyü kimi mühazirə deyib, elm öyrətmək kimi “boş” işlərlə məşğul olub onlara maneçilik etməyəcəklər.
Azərbaycan Universitetinin tələbələri məktublarında universitet haqqında yazilan son məqalədə təqdim edilən Fərid Əhmədovun kafedra müdiri təyin etdiyi müəllim Nuridə Əmiraslanovanın dərsinin video görüntüləri haqda qeyd edirlər ki, - “Dərsdə tələbələrin belə davranışına görə tələbələrdən çox fənn müəllimini günahlandırmaq lazımdır. Bizim qrupda da belə dərs keçən bu müəllim özü bu hallara şərait yaradırdı və hətta digər müəllimlərimizə bu haqda məlumat verdikdə onlara Nuridə Əmirasalnova – Özünüzü niyə öldürüb bu tələbələrə dərs keçirsininz. Onsuz da savadsızdırlar!- cavabını vermişdi. Tələbələri savadsızlıqda günahlandıran bu müəllim özü isə daim tələbələrə - “mənə sual verməyin mən bu fənni bilmirəm. Gedin kitabdan oxuyun.”- deyərək bizə mühazirə dərsi keçmirdi. Bundan əlavə Nuridə Əmiraslanova dərsdə fənnin mövzuları haqda danışmaq əvəzinə bizimlə kənar məsələləri, ailə-məişət mövzularını və kollektivdə onunla birgə işləyən, onun xoşuna gəlməyən digər müəllimlərimizi müzakirə edir, onlar haqqında xoşagəlməz, dedi-qodu xarakterli sözlər danışırdı. Biz heç bir mövzu cavab verməsək də dərs keçmədiyi üçün bu müəllim bizə ara-sıra jurnala 2-3 qiymət atırdı və bunun əvəzinə maşını olan tələbə yoldaşlarımız onu Sumqayıtdakı evinə öz maşınlarında aparırdılar.”
Məlum səbəblərdən adlarının gizli qalmasını istəyən universitetin müəllimləri də məktublarında yazırlar ki,- “Əvvəllər universitetdə zəif biliyə malik olan tələbələrin intahanlardan keçirilməsi üçün yaradılan fənn monopoliyası şəbəkəsi (bəzi fənnlər qohum- əqraba, dost tanışlar və rəhbərliyə yaxın olan müəllimlərə tapşırılırdı) son dövrlərdə universitetə cəlb edilən elmi dərəcəli, müvafiq sahələr üzrə ixtisaslaşmış müəllimlərə fənnlərin tapşırılması ilə dağıdılmışdı. Hazırda Fərid Əhmədov bu şəbəkəni yenidən bərpa edir. Hörmətli redaksiya, sizin universitetlə bağlı son məqalənizdə bir sənəd xüsusən diqqəti çəkirdi. Bu sənəddə kəsri olan tələbələr təkrar mənimsəmə qruplarında obyektiv və tələbkar müəllimin əvəzinə “yola verən” (sənəddə tələb məhz bu şözlə ifadə olunub) müəllimin dərs keçməsini tələb edirdilər. Rektor Fərid Əhmədiv isə tələbələrin istəyinə uyğun “yola verən” müəllimin təmin olunması haqda göstəriş verərək bunu öz imzası ilə təsdiq edirdi. Nəzərinizə çatdırmaq istəyirik ki, həmin “yola verən” müəllim - Azərbaycan Universitetindən əvvəl heç bir yerdə pedaqoji təcrübəsi olmayan İbrahimli Ülviyyəyə fənn monopoliyası şəbəkəsinin təqdim etdiyi ixtisasına uyğun olmayan fənnləri keyfiyyətsiz şəkildə tədris etdiyi üçün dəfələrlə iradlar bildirilmişdir. Göründüyü kimi Fərid Əhmədov tələbələrə dərs keçməyən, məsuliyyətsiz, savadsız və möhtəkir müəllimlərə himayəçilik edir. Savadlı, obyektiv, tələbələrə elm öyrədən onları “yola verməyən” müəllimlər və inzibati işçiləri universitetdən uzaqlaşdırılır, onların əvəzinə məsuliyyətsiz, savadız və rüşvətə meylli şəxslər işə qəbul edilirlər. Axı tələbə nə qədər savadlı və bilikli olarsa ondan rüşvət almaq bir o qədər çətin olar. Tələbəni intahanda yola verib keçirməyə görə ondan rüşvət almağın ən başlıca şərti bu tələbənin biliyinin zəif olmasıdır. İş o yerə çatib ki, Fərid Əhmədovun kafedra müdiri təyin etdiyi Dünyamalı Vəliyev ümumilikdə 70-ə yaxın müəllimi olan 2 ixtisas kafedrasının birgə iclasında çıxış edərək biz müəllimlərə tapşırır ki,- Tələbələr dərsi kitabdan oxuyub oyrənərlər. Siz müəllimlər onlara dərsdə fənn mövzusu yox həyat dərsi keçin. Məsələn, mən “Dünya iqtisadiyyatı” fənnindən dərs keçəndə tələbələrə ayrı-ayrı bölgələrimizdə kəbin və nigah adətlərindən mühazirə demişəm, tələbələrin də xoşuna gəlib. Məndən xahiş ediblər ki, bizə həmişə belə dərs keçin müəllim.” 75 yaşlı Dünyamalı Vəliyev əvvəllər də universitetdə uzun illər kafedra müdiri işləyib. Onun qeyri-qənaətbəxş fəaliyyətini, aşağı elm və bilik səviyyəsini təkcə bir faktla sübüt etmək olar ki, 20 il ərzində onun rəhbərlik etdiyi kafedrada heç bir kitab, dərslik yazılmamışdır, hərc-mərclik və onun əlaltıları vasitəsilə qurulan fənn monopoliyası şəbəkəsi hökm sürmüşdür. Dünyamalı Vəliyevin baş redaktorun müavini olduğu Azərbaycan Universitetinin “İpək yolu” jurnalında bir müddət əvvəl dərc etdirdiyi “Qloballaşma və turizm sektorunun inkişaf perspektivləri”nə həsr edilmiş elmi məqaləsində (əgər bu yazıya elmi məqalə demək olarsa?!) turizm sektoruna aid bir kəlmə də olsun yoxdur. Bu sahə üzrə mütəxəssis olmayan istənilən şəxs də adına turizm sözü yamaq kimi yapişdirilan lakin, turizmdən tamamilə kənar məsələlərə aid olan bu biabırçı, primitiv yazı əsasında (maraqlananlar 2013-cü il 01 sayli “İpək yolu” jurnalından oxuya bilərlər) iqtisad elmlər doktoru olan Dünyamalı Vəliyevin hansı səviyyədə alim olmasını tam şəkildə görə bilər. Dünyamalı Vəliyevin uzun illər rəhbərlik etdiyi kafedraya yüzlərlə doktorant və dissertantlar təhkim olunub. Dünyamalı Vəliyev özü onların əksəriyyətinin elmi rəhbəri olsa da onların heç biri öz tədqiqatını yekunlaşdırıb dissertasiyalarını müdafiə etməyiblər, ona görə ki, elmi rəhbərləri onlara yalnız öz passiv dərs yükünü təmin edən bir vasitə və gəlir mənbəyi kimi baxıb. Həm də belə bir səviyyədə elmi məqalə yazan “alim” gələcək fəlsəfə doktoruna nə məsləhət verib, yol göstərə bilər ki? Dünyamalı Vəliyevin belə keyfiyyətsiz fəaliyyətini nəzərə alaraq bir müddət əvvəl universitet onunla əməkdaşlığı davam etməmişdir. Dərs metodikasında kəbin və nigah məsələlərini tələbələrə təlqin edən belə bir şəxsi Fərid Əhmədov rektor təyin edildikdən sonra dərhal geri qaytararaq Universitetin Tədris Metodiki Şurasının sədri təyin edib. Bu fürsətdən istifadə edərək Dünyamalı Vəliyev kafedradakı fənn monopoliyasını bərpa edir, onun neqativ əməllərini, savadsızlığını üzə çıxara biləcək alimləri kafedradan uzaqlaşdırır. O, bu işdə Fərid Əhmədovu qızışdıraraq qeyri-qanuni əməllərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə edir. Yüksək elmi potensialı olan alimləri kafedradan uzaqlaşdırmaq üçün Dünyamalı Vəliyev hətta ixtisasından, tədqiqat mövzusundan asılı olmayaraq kafedranın bütün doktorantlarının onların razılığı olmadan 1-2 il əvvəl müəyyən edilən elmi rəhbərlərını dəyişdirərək zorla özünü və əlaltılarını onlara elmi rəhbər təyin edir. Fərid Əhmədov müsahibələrində təhsildə cavanlaşdırma tədbirlərindən danışsa da onun etimad göstərib işə cəlb etdiyi əksər kadrların Dünyamalı Vəliyev kimi 60-75 yaşı var.”

Universitetin doktoranrura pilləsində təhsil alan tələbələrdən biri müraciətində yazir ki,-“Bir neçə il əvvəl doktoranturaya qəbul olduqda öz ərizəmlə elmi dərəcəsi olan, savadlı bir alimə müraciət edib (Nazirlər Kabinetinin 01 iyul 2010-cu il 129 sayli qərarının 3.8. bəndinə əsasən) mənə elmi rəhbərlik etməsini xahiş etdim. Qarşılıqlı razılıq əldə olunduqdan sonra kafedranın və elmi şuranın qərarı ilə mənim elmi rəhbərim və dissertasiya mövzum təsdiq edildi. Yaxın günlərdə kafedradan bir şəxs mənə zəng vurub elmi rəhbərimin dəyişdirilərək Dünyamalı Vəliyevin mənə elmi rəhbər təyin edildiyini elan etdi. Öz elmi rəhbərimdən razı olduğumu və mənim razılığım olmadan mənə elmi rəhbərin təyin edilməsinin qeyri-qanuni olduğunu dedim. Bu məsələni aydınlaşdırmaq üçün kafedraya gələndə bir dəstə səxslə hay-küylə dedi-qodu ilə məşğul olan 65-70 yaşlarında pirpiz saçlı bir qadın mənə cır səslə : -“Bu işi maa tafşırıflar. Elmi rəhbərin fəlsəfə doxturudu. Saa elmi rəhbərlik eliyə bilməz. Bizim də ondan xoşumuz gəlmir. Razılıiq ərizəsi yaz! Narahat olma saa kömək eliyəcəm müdafiə eliyəssən. Az!, bizim doktoranta çay verin!”-deyərək bayaqdan qeybət etdiyi bir dəstə qadına səsləndi və bazarda meyvə satanlar kimi əlində soyduğu meyvədən kəsib bıçağın ucunda mənə uzatdı. Qadından hansı vəzifəni icra etdiyini və elmi dərəcəsinin olub-olmadığını soruşdum. Məlum oldu ki, o, kafedranın sadə müəllimidir, heç bir inzibati vəzifə icra etmir və elmi dərəcəsi də yoxdur. Maraqlıdır özü müdafiə etməyən və elmi dərəcə olmayan bir şəxs mənə dissertasiya müdafiə edib alim olmaqda necə kömək edə bilər? Ali təhsil müəssisəsində elmi tədqiqatla məşğul olan əsas struktur bölməsi olan kafedrada əvvəllər görmədiyim, amma bu gün tam hökm sürən bayağı bazar mühitində və ən əsası səlahiyyətlərini aşaraq öz intriqa maraqlarını güdən belə savadsız səxslərlə doktorantların elmi tədqiqatlarına necə şərait yaradıla bilər? Nazirlər Kabinetinin 01 iyul 2010-cu il 129 sayli qərarının 3.20. bəndinə və həmçinin də Ali Attestasiya Komissiyasının(AAK) təlimatlarına əsasən fəlsəfə doktorlarının elmi rəhbərlik edə biləcəklərini bu qadına başa salmağa çalışaraq elmi rəhbərliyə görə razılığın verilməsinin universitetin səlahiyyətləri çərçivəsində olmadığını dedim. Universitet bu qurumların adından danışa bilməz. Universitetdə məndən başqa təhsil alan bir çox doktorantların da elmi rəhbərləri Fərid Əhmədovun qeyri-qanuni göstərişlərini həyata keçirən Dünyamalı Vəliyev, Ədalət Əliyev və s. əlaltıları vasitəsilə dəyişdirilir. Bunun səbəbi isə elmi rəhbərlərə qarşı bu şəxslərin qərəzli mövqeyidir. Lakin universitetdə elmi rəhbərlərin kimlərinsə gözü göturməməsi, onlarla ədavət aparması təhsil haqqı ödəyən doktorantların hüquqlarını pozmamalıdır. Belə çıxır ki, hər dəfə kafedraya yeni müdir və ya universitetə yeni rektor təyin olunanda bəzi köhnə işçiləri yeni rəhbərliyin gözü götürmədiyi üçün doktorantların elmi rəhbərləri dəyişdirilməlidir? Azərbaycan Universitetinin heç bir ixtisas üzrə Müdafiə Şurası olmayıb və hazırki dövrdə də yoxdur. Buna görə də doktorantlar başqa ali məktəblərin şuralarında müdafiə etməli olurlar. Digər universitetlərlə müqayisədə doktorantura üçün daha yüksək illik təhsil haqqı (1200 manat) müəyyən edən Azərbaycan Universitetində biz doktorantlara təhsil xidmətini yalnız bizə istiqamət verən elmi rəhbərlərimiz göstərir. Hətta minimum imtahanların verilməsi üçün şərait yaradılmır ki, təhsilimizi başa vuraq. Azərbaycan Universitetinə yüksək təhsil haqqı ödəsək də qərəzli və qeyri-obyektiv münasibəti görərək minimum imtahanları başqa ali məktəb və elmi tədqiqat institutlarında vermək üçün sadə göndəriş məktubu istədikdə Fərid Əhmədov qeyri-qanuni tələblər və müxtəlif bəhanələrlə buna əngəllər yaradır. Əgər doktorant imtahanlarını verə bilmirsə necə hesabat verib təhsilini davam etdirə bilər? O, elə imtahan nəticələri haqda hesabat vermək üçün imtahan vermək istəyir. Amma Oksfordda doktorantura pilləsindən hələ də məzun ola bilməyən Fərid Əhmədov bizdən imtahan vermək üçün hesabat tələb edir! Qanunvericilikdə belə bir tələbə heç bir sənəddə rast gələ bilməzsiniz. Bu rektorun tədrisin təşkili sahəsindəki biliklərinin hansı səviyyədə olmasını təkcə bu faktla görmək olar. Yeni kafedra müdiri və elmi şuranın sədri olan rektor özundən 2 il əvvəlki sənədləri necə dəyişib, onlar haqda qərar verə bilər? Bu saxtakarlıqdır! Fərid Əhmədov bu hərəkətləri ilə Azərbaycan Universitetinin doktorantlarının da təhsilini özü kimi yarıda qoymaq istəyir. Gələcək alimlərin tədqiqatlarına şərait yaratmaq əvəzinə, onlara qeyri-qanuni yollarla əngəllər törədən Azərbaycan Universitetinin rəhbərliyi doktorantlara vəd etdiyi hansı təhsil xidmətlərini göstərir? Belə olduğu halda universitet bizim ödədiyimiz təhsil haqqlarını geri qaytarmalıdır! Hörmətli redaksiya hüquq üzrə fəlsəfə doktoru olan Fərid Əhmədovun özü doktoranturada təhsil alan tələbə yoldaşımıza fakultə elmi şurasının qərarı ilə bir ildən çoxdur ki, elmi rəhbərlik edir. Bu faktı təsdiq edən sənədi sizə göndərirəm. Sənəddən göründüyü kimi hüquq üzrə fəlsəfə doktoru olan Fərid Əhmədovun özü “Ümumi iqtisadyyat” ixtisası üzrə təhsil alan doktoranta 1 ildən çoxdur ki, elmi rəhbərlik edir. Bəs necə olur ki, bir neçə il əvvəl iqtisadı ixtisaslar üzrə təhsil alan doktorantlara elmi rəhbər təyin olunan iqtisadçı fəlsəfə doktorlarına bu gün universitetdə elmi rəhbərlik etməyə icazə verilmir? Hüquqsünas rektorun özünün gələcək iqtisadçı alimlərə elmi rəhbərlik etməyə icazəsi var, iqtisadçıların isə yox? Qeyd edək ki, Azərbaycan Universitetinin ayri-ayri ixtisasların daxil olduğu Fakultə Elmi Şuralarında elmi dərəcəli şəxslərin sayı üstünlük təşkil etsə də 35 nəfərdən ibarət olan Fərid Əhmədovun sədrlik etdiyi Universitetin Elmi Şurasının və Dünyamalı Vəliyevin sədrlik etdiyi Tədris Metodiki Şurasının uzvlərinin 60-70 %-nin elmi dərəcəsi yoxdur. Elmi dərəcəsi olmayan şəxs isə elmi şüranın üzvü ola bilməz. Bu şəxslər sözsüz ki, doktorantların elmi rəhbərləri, onların dissertasiya mövzuları, müəllimlərin tədris metodiki fəaliyyəti haqda qərar qəbul etmək səlahiyyətinə malik deyillər. Sənəddən göründüyü kimi Dünyamalı Vəliyev bu yaxınlarda həmin bu doktoranta elmi rəhbər təyin edilib. Nəzərinizə çatdırım ki, bu doktorant Dünyamalı Vəliyevi heç tanımır və ondan qanunvericiliyə əsasən razılıq ərizəsi alınmayıb.”
Görünür, Azərbaycan Universitetində təhsilin bütün pillələri üzrə: həm bakalavr, həm magistr, həm də doktorantura pilləsində təhsil alan tələbələrin hüquqları pozulur. Bakalavr və magistrlar universitetin təsisçilərindən biri Akif Musayevin onları şirnikləndirərək vəd etdiyi ABŞ-ın Corciya Universitetinin diplomunu və ya sertifikatını ala bilmədikləri üçün təhsil haqlarını tələb edirlər. Doktorantlar isə öz razılıqları əsasında birlikdə elmi tədqiqat apardıqları, uzun müddət əvvəl təyin olunmuş və universitetdə onlara yeganə təhsil xidməti göstərən elmi rəhbərlərinin zorla, şəxsi ədavət naminə, qeyri-qanuni şəkildə dəyışdırıldiyi üçün təhsil haqqlarını tələb edirlər. Bu universitetin bir ali təhsil müəssisəsi kimi fəaliyyəti nə dərəcədə qanunidir? Axı nə üçün aidiyyətı dövlət qurumları və universitetin təsisçiləri - “Synergy Group” şirkəti burada baş verən kütləvi qanunsuz hallara reaksiya vermirlər?
Azərbaycan Universitetinin tələbələrindən birinin valideyni məktubunda belə yazır: “Bu yaxınlarda rektor Fərid Əhmədov müsahibəsində universitetdə baş verənləri ictimaiyyətin diqqətinə çatdıranları utanmadan “vicdansız və əxlaqsız ” adlandırdıqdan sonra universitetdəki dərs prosesinin video görüntülərini izlədim. Azərbaycan Universitetində təhsil haqqı digər universitetlərlə müqayisədə yüksəkdir. Fərid Əhmədova və onun himayədarları olan Universitetin təsisçiləri:Akif Musayev və “Synergy Group”un rəhbərlərinə demək istəyirəm ki, mənim kimi valideynlər min bir əziyyətlə qazandığımız təhsil haqqını belə dərslərə görə ödəmirik! Bəs belə dərs deyib təhsil xidmətini bizə göstərən, bu yaxınlarda tədris binalarından birini itirdiyi üçün, otaq çatışmaması səbəbindən tələbələrə zirzəmilərdə dərs keçən rektorun vicdanı hardadır? Universitetdə təhsil alan qızım mənə deyir ki, Fərid Əhmədovun işə götürdüyü belə müəllimlər və kafedra müdirlərinin dərslərində və universitetdəki biabirçı hərəkətlərinin yanında bu video görüntülər heç nədir. Məsələn, Nuridə Əmiraslanova kimi digər iqtisadi kafedranın müdiri təyin olunan Dünyamalı Vəliyev bizə dərsdə fənnə heç bir aidiyyatı olmayan mövzulardan, kəbin adətlərindən danışırdı və biz də bu söhbətlərdən çox utanırdıq. Bir valideyin kimi mən universitetdə Fərid Əhmədovun kafedra müdiri təyin etdiyi Dünyamalı Vəliyev və Nuridə Əmiraslanova kimi müəllimlərin tələbələrə hansı savad, bilik və mənəvi-əxlaqi dəyərləri təlqin edəcəyini düşünmək belə istəmirəm. Azərbaycan Universitetində baş verənləri belə obyektiv şəkildə, danilmaz sənədlər və faktlarla, keyfiyyətli jurnalist araşdirması apararaq ictimaiyyətin diqqətinə çatdırdığınız üçün sizə çox təşəkkür edirəm. Bu universiteti seçdiyimiz üçün təhsil haqqı ödəyən bir valideyn kimi mən və övladım da çox peşmanıq. Əminəm ki, elə bir çox valideyn və tələbələr də. Azərbaycan universitetində son dövrlərdə təhsil alıb, elm öyrənməkdən söhbət belə gedə bilməz. Mən çox təəssüf hissi ilə deməliyəm ki, övladımın bu universitetdə təhsil alıb, savadlı kadr olmasına ümidim qalmayıb.”
Ardı var.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.