Laçınlı sahibkarlar etiraz edir... - ŞİKAYƏT VAR
3-05-2016, 18:46
Bu gün xüsusilə işğal olunmuş rayonlarımızın sakinlərinin yerləşdikləri ərazilərdə mövcud olan problemlər, “qaçqın rayon”larına rəhbərlik edən bəzi məmurların yol verdikləri özbaşınalıqlar öz aktuallığı ilə diqqəti cəlb edir. O cümlədən, son vaxtlar ölkə mətbuatında Laçın rayonu ilə bağlı tənqidi materialların da dərci bir qədər intensivləşib.
Həmçinin mövzuya dair, qəzetimizin 29.04.2016-cı il tarixli sayında da “Laçının fermer təsərrüfatları yenidən dağılmaq üzrədir” başlıqlı tənqidi yazı dərc olunmuşdu. Məqalədə Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda Ağcəbədi rayonu Taxtakörpü ərazisində yaşayan bir qrup vətəndaşın haqlı şikayətləri öz əksini tapmışdı. Belə ki, “Bizim Dövr”ün redaksiyasına ərizə ilə müraciət etmiş Laçın rayon Ağcəkənd kənd sakinləri, Alıyev Elnur Vaqif oğlu, Nəsibov Vaqif Cəmil oğlu, Həşimov Şahbaz Şahmar oğlu, Əmirov Mirağa Ziyadxan oğlu öz ərizələrində göstərmişdilər ki, onlar hazırda Taxtakörpü ərazisində yerləşən Ağcəkənd kənd qış fermasında məskunlaşıblar. Heyvandarlıq təsərrüfatları olan bu insanlar hər bir çətinliyə rəğmən həm özlərinin və ailələrinin dolanışıqlarını təmin etmək, həm də rayonun ümumi iqtisadi göstəricilərinin yüksəlməsinə öz tövhələrini vermək üçün əllərindən gələni edirlər. Lakin, bu işdə onlar Prezident Administrasiyasının ərazi üzrə kuratoru Ağəli Əhmədovun, Laçın Rayon İcra Hakimiyyətinin başçısını əvəz edən Aqil Nəzərlinin, RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Sahib Quliyevin və bir çox digər məmurların yaratdıqları süni əngəllərlə qarşılaşmalı olublar. Problemin mahiyyəti ondan ibarətdir ki, bu məmurlar əlbir olaraq, şikayətçi fermerlərin yaşadıqları və işlədikləri obada davamlı şəkildə torpaq maxinasiyaları həyata keçirərək, öz şəxsi maraqlarını təmin etməklə məşğuldurlar. Bu məqsədlə, məmurlar Ağcəkənd kəndində yaşayan başqa iki vətəndaşın, Kərim Hüseynovun və Etibar Gülməmmədovun xidmətlərindən yararlanırlar. Şikayətçilərin deməyinə görə, torpaq maxinasiyalarını həyata keçirmək üçün, rayon rəhbərliyi tərəfindən bu iki şəxsə də guya ki, fermer təsərrüfatlarını inkişaf etdirmək məqsədilə mütəmadi olaraq böyük ərazilərdə torpaq sahələri ayrılır. Sonradan isə, həmin torpaqlar Laçın RİH-nin başçısını əvəz edən Aqil Nəzərlinin atası, Ağaxan Nəzərlinin vasitəçiliyi ilə kənar şəxslərə satılır. İndi isə, Ağəli Əhmədovun və Aqil Nəzərlinin tələbilə şikayətçi fermerlərin istifadəsində olan torpaq sahələri də onlardan alınaraq Kərim Hüseynova və Etibar Gülməmmədova verilib. Bu barədə ərizədə deyilir: “PA-nın kuratoru Ağəli Əhmədov və Laçın RİH-nin rəhbərliyi qonşularımızla əlbir olaraq, yaşadığımız obada davamlı şəkildə torpaq maxinasiyaları həyata keçirirlər. Kərim Hüseynov və Etibar Gülməmmədov qanunvericilikdə heyvan sayına nəzərdə tutulandan çox torpaqdan istifadə edirlər. Amma bu qonşularımızın əllərində olan torpaq sahələrindən “istifadələri” də bir qədər fərqlidir. Belə ki, həmin şəxslər əslində ehtiyacları olmayan, artıq ərazilərdən mütəmadi olaraq “kəsib” satırlar. Onlara ən çox müştəri çıxan şəxs isə, Laçın RİH-nin başçısı vəzifəsini icra edən Aqil Nəzərlinin atası, Ağaxan Nəzərlidir. Təbii ki, belə “istifadə” üsulu nəticəsində onların əllərində olan ərazilər də getdikcə kiçilir. Bu səbəbdən də, Ağaəli Əhmədovla “dostlaşmış” bu qonşularımız indi də bizim istifadəmizdə olan torpaqlara göz dikiblər. Bu iki nəfərin qoyduğu tələblərə isə, rayon icra hakimiyyətinin məmurları tərəfindən ağılasığmaz dərəcədə cənfəşanlıq göstərilir. Belə ki, rayonun icra başçısı tərəfindən göndərilmiş, polis sahə müvəkkilindən tutmuş, başçının müavininə qədər məmurların daxil olduğu komisiya üzvləri, eləcə də Aqil Nəzərli özü belə bizimlə danışıqlar aparıb bildirirlər ki, bu iki nəfər, yəni Kərim və Etibar hər gün kurator Ağaəli Əhmədova zəng edirlər. Ağaəli Əhmədov da icra başçısına və digər məmurlara zəng edib tələb edir ki, o iki nəfərin tələblərini təmin edin! Hətta, rayon prokurorunun, polis rəisinin, yerli icra nümayəndələrinin və digər əməkdaşların yanında, iclas zalında başçısı bizdən xahiş edir ki, razılaşaq, bu iki nəfərin tələbi təmin olunsun...”
Göründüyü kimi, Laçın RİH-nin rəhbərliyi tərəfindən nəinki, rayonda sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradılmır, hətta əksinə, bu işi öz qüvvələri hesabına görmək istəyən insanların da qarşıları alınır. Maraqlıdır ki, bu kimi addımların ölkə rəhbərliyi tərəfindən yürüdülən və sahibkarlığın inkişafına yönəldilmiş daxili siyasətə açıq-aşkar zidd olması faktı da, Aqil Nəzərlini və onunla əlbir hərəkət edən digər məmurları bu əməllərdən çəkindirə bilmir.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.