Nizaminin başçısı Arif Qasımov GENERALA villa TİKİB, parkı dağıdıb – Foto

5-05-2016, 23:41           
Nizaminin başçısı Arif Qasımov GENERALA villa TİKİB, parkı dağıdıb – Foto
Paytaxtın Nizami rayonu viran günə qalıb. İcra başçısı Arif Qasımov gəldiyi gündən satmadığı yer saxlamayıb.

Yaşıllıqları məhv edən icra başçısı indi də metronun "Neftçilər” stansiyası üstündəki parkı dağıtdırıb.

Nizami rayon İcra Hakimiyyəti ilə üzbəüz olan park müharibə meydanını xatırladır. A.Qasımovun "uğurlu siyasəti”nin nəticəsi olaraq parkı xarabalığa çevrilib və elə bu şəkildə saxlanıb. Hətta həmin parkın ərazisinin satılması da istisna deyil.

Miq.az xəbər verir ki, bununla belə, icra hakimiyyəti tərəfindən hər hansı addım atılmayıb və park dağıntılar içərisindədir. Bundan əvvəl də rayon icra başçısının ağacları kəsdirməsi haqda fotolar yayımlanmışdı. Məlum olmuşdu ki, Nizami rayonunda yaşıllıqlar məhv edilərək yerində tikinti aparılır.

Amma A.Qasımovun nə Siyəzəndə, nə bu gün Nizami rayonunda fəaliyyəti təkcə bu xəbərlərlə məhdudlaşmır. Belə ki, icra başçısının qohumu general Hilal Əsədova Siyəzəndə dəbdəbəli villa tikdirdiyi məlumatı yayılıb.

Azmedia.info-ya daxil olan məlumatda bildirilir ki, rabitə naziri tərəfindən Sabunçu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehdi və Texniki şöbənin 9-ci dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi xəbər verildi.

Həmin xəbərdə qeyd edilirdi ki, onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub. Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər.

Məlumata görə işdən çıxarılan iki nəfərdən biri Sabunçu Telefon qovşağının Marektinq xidmətləri satış şöbəsinin rəisi Mehdi Cəfərov Nizami rayon icra başçısı Arif Qasımovun qaynıdır. Ancaq məsələnin digər ilginc yeri isə Mehdi Cəfərovun işdən çıxarılan və sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan Hilal Əsədovun bacanağı olmasıdır. Yəni Mehdi Cəfərov işdən məhz gözdən düşmüş generalın bacanağı olduğuna görə azad edilib.


Mehdi Səfərov uzun müddət Arif Qasımovla Hilal Əsədov arasında vasitəçi olmaqla bərabər onların bir çox məsələlərdə birlikdə görüdükləri "işlərin” əsas aparıçısı siması olub. Mənbəmiz bir müddət bundan öncə ölkə gündəmini silkələyən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin cinayətləri işində, həmin vaxt Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovun adının çəkilməsi məsələsinə toxunaraq bildirib ki, "həqiqətəndə Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onun icra başçısı təyin etdirəcəyi vədində o zaman Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovda iştirak etmişdi.

Həsən Əliyev cinayətində Arif Qasımovun adının "yoxa” çıxmasını məhz həmin vaxtlar MTN nazirinin müavini vəzifəsini daşıyan general Hilal Əsədovun "xidməti” olduğunu qeyd edib.

Belə ki, qaynı Mehdi Səfərov vasitəsi ilə general Hilal Əsədovla isti münasibətlər quran Arif Qasımovun hətta Siyəzəndə generala dəbdəbəli bir villa tikdirdiyi də deyilir. Görünür, qaynının bacanağı vasitəsi ilə Eldar Mahmudov komandasına "stavka” edən Arif Qasımov özünün gələcək kareyrasını məhz Hilal Əsədov himayəsində görürmüş.

Mehdi Səfərovun vəzifəsindən çıxarılmasına gəlincə, mənbəmiz qeyd edir ki, Hilal Əsədovun işdən çıxarıldıqdan sonra onun ən yaxın qohumunun qovulması təbii idi. Çünki rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilal Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı.

O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.