“Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanının qəbulundan 4 il keçdi

5-04-2023, 09:04           
“Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident  Fərmanının qəbulundan 4 il keçdi
5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”!
Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru, məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da.
Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi sürür. Qarabağ əlil(lər)inin mübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna, eyni predmet üzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar?
Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib. Təsəvvür edin, Prezidentin, 1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyi fərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin, icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir.
Prezident aktının 8-ci bəndində baş prokurora dövlət ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər.
Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə - vəkillərin həkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi - əməl edilməməsi də göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndə vəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in “vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?) Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib.
Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsi fərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə, eldə deyildiyi kimi, issahat – islahat qalmadı. ..
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.