AZAL-da korrupsiya izi... AÇIQ AŞKARDIR! - Ekspert danışır
7-04-2023, 11:55
“AZAL-ın maliyyə hesabatlarını araşdırdım. İnternetdə şirkətin sonuncu hesabatı 2020-ci il görünür. 2021 və 2022-ci illərin maliyyə hesabatları yoxdur. Ümumi hesabatlara görə, AZAL-ın illik gəliri, doğrudan da, 1 milyarddan çoxdur. Amma xərci 1 milyarddan bir qədər azdır. Yəni hansısa illəri mənfəətlə də başa vurub. Əvvəlcə aydınlıq gətirmək istəyirəm ki, “gəlir” və “mənfəət” ayrı-ayrı şeylərdir. Mənfəət gəlirdən xərcin çıxılması yolu ilə əldə edilir. Məsələn, biz adi vətəndaşıq, kimsə, təxminən, min manat əməkhaqqı alır, bu, onun gəliridir, mənfəəti yox. Çünki onun aylıq hansısa xərcləri var. Bu vətəndaşın aylıq xərci 700 manatdırsa, deməli, mənfəəti 300 manat olur. Əksinə, xərci 1100 manatdırsa, deməli, 100 manat da əlavə ziyandadır. 100 manatı bəs haradan götürüb? Ya kimdənsə borc edib, ya da əvvəl yığdığı puldan xərcləyib. Eyni məsələ AZAL və digər şirkətlərə də aiddir. AZAL-ın maliyyə hesabatlarından görünür ki, bəzi illərdə mənfəəti olub, yəni gəliri xərcindən çox olub. Amma əksər illərdə, xüsusən əvvəlki illərdə ziyanla işləyib. Həmin ziyan isə indiyə qədər toplana-toplana gəlib. Tutaq ki, 10 il ilin 8 ilini ziyanla, 2 ilini mənfəətlə işləyib. Hətta bu il mənfəətlə işləsə belə, əvvəlki ziyanlar hələ də AZAL-ın “belindədir”. Bunun da, dediyimiz kimi, iki yolu var – ya borc almalıdır, ya da dövlət kömək edə bilər…”
TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
O, “niyə AZAL-ın gəliri xərcindən çox vaxt az olub?” sualına isə belə cavab verib: “Hamımız bilirik ki, AZAL-ın qiymətləri digər xarici aviaşirkətlərlə müqayisədə çox yüksəkdir. Bu, əlbəttə, korrupsiya, yeyinti barədə əsaslı şübhələr yaradır. “Xərcim çoxdur” deyəndə bu xərclərin xeyli hissəsi reallıqda AZAL-ın fəaliyyətinin təmin edilməsinə yox, kimlərinsə cibinə gedib. Bunun da müxtəlif yolları var. Guya baha qiymətə nəsə alırlar. Məsələn, təyyarənin avadanlıqlarının həqiqi qiyməti, təxminən, 1 milyondursa, AZAL hesabata 3 milyon yazır. 2 milyonun 500 minini satanın cibinə qoyurlar, 1 milyon 500-nü də öz ciblərinə. Belə-belə xərcləri artırıb, şişirirlər. AZAL-da müvafiq yoxlamalar da gedib. Ümid edirəm ki, xüsusən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni rəhbərliyi bu sahədə dəyişikliklər etmək əzmindədir. Yəqin, nəticəsini görəcəyik ki, AZAL nəinki çox yüksək gəlirlə, həm də mənfəətlə işləyəcək”.