Vasif Talıbovun əlindən alınan `SİRAB`ın SİRRİ - Adicə krant suyudur...

28-07-2023, 08:51           
Vasif Talıbovun əlindən alınan `SİRAB`ın SİRRİ - Adicə krant suyudur...
Azərbaycanda yerli mineral suların qiyməti xaricdən, xüsusilə də Gürcüstandan idxal edilən mineral suların qiymətindən baha satılır. Bir zamanlar qəzet satışı məqsədilə "Qasid" mətbuat yayımı firmasının yerinə qoyulan "qəzet köşkləri" indi öz missiyasını tamamilə dəyişərək, qəzetdən başqa nə desən, satır. Əsasən də yayın istisində insanların ən çox tələbat duyduğu sərin və mineral suları. Ancaq gəl gör ki, yerli məhsul olmasına baxmayaraq, məsələn Naxçıvan MR Babək rayonunun məşhur, bərəkətli Sirab kəndinin torpağından çıxan "Sirab" suyunun yarım litri 80 qəpiyə satılır. Ötən il bu həcmdə olan suların qiyməti köşklər də daxil olmaqla, istənilən mağaza və marketlərdə 40 qəpiyi keçmirdi. İndi necə oldu və nə baş verdi ki, öz torpağımızın milli məhsulu olan həmin mineral suların qiyməti xaricdən gətirilən firma sularından baha satılır? Məsələn, bir zamanlar Gürcüstanın "Borjomi" şirkətinin suları Azərbaycanda bahalı hesab edilən mineral sulardan hesab olunurdu. Lakin bu gün həmin firma "Sirab"ın qiyməti yanında kölgədə qalır.
Köşklərdəki satıcılar "Sirab"ın yerli, qatqısız və təmiz mineral su olduğunu desələr də, vətəndaşların əksəriyyəti bununla razılaşmır və bildirirlər ki, Bakıda satılan "Sirab" sularının Naxçıvandakı mineral "Sirab" suyu ilə heç bir əlaqəsi yoxdur və bu sular krantdan doldurulur: "Bu gün Bakıda hara baxsanız, üzərində "Sirab" yazılan sular görəcəksiniz, qiyməti də bir manata çatır, sabah biri gün elə bir manat olacaq. Deyirlər ki, bu sular Naxçıvandan gətirilən həmin "Sirab" mineral suyudur. Ancaq yalan deyirlər, burda nəinki "Sirab", üzərində tanınmış firma adı yazan nə qədər su çeşidi var ki, heç birinin üzərindən yazılan firma ilə əlaqəsi yoxdur. Bircə Türkiyənin "Erikli" firmasından başqa. O firmanın suyu dəyişdirilmir, əgər dəyişdirilirsə də "Sirab" kimi əndazəni keçmir. Naxçıvanda "Sirab"la birlikdə "Badamlı" mineral suyu da var, ölkənin dörd bir yanına paylanılır, həm də bu sular xüsusi pasterizə edilmiş şüşələrdə satılır, dadından, tamından o dəqiqə hiss olunur ki, bu su şəffaf mineral sudur, krant suyu deyil. Rayon adamları bulaq suyu, mineral su ilə krant suyunu həmin dəqiqə ayırd edə bilir. Bakıda satılan "Sirab"ın Naxçıvanda çıxan "Sirab"la heç bir əlaqəsi yoxdur. Krant suyudur, plastik şüşülərə doldurub, baha qiymətə camaata sırıyırlar" deyə, vətəndaş bildirib.

Köşklərdə satıcılıq edən şəxslər isə müsahibə və çəkilişdən imtina edirlər. Bildirdilər ki, onlara bu barədə "yuxarı"dan icazə verilməyib. Köşkün fotosunu çəkmək isə az qalır ki, "cinayət məsuliyyəti" yaratsın. Satıcı az qala, köşkdən çıxıb, bütün "qətiyyəti" ilə obyekt qarşısında sinəsini sipər edir. Qiymətlərin bahalaşıb, məhsulların keyfiyyətsizləşdiyi bir zamanda işbazların mineral su adı altında vətəndaşları aldadıb, yarım litrlik krant suyunu 80 qəpiyə sırıması bu sahədəki nəzarətsizliyin və özbaşınalığın bariz nümunəsinə çevrilib.

QEYD: Əvvəllər "Sirab"ın sirri çıxdığı torpaqda idi, indi isə doldurulduğu paslı kranda. Ola bilirsə, nuş olsun!
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.