Vüsal Kərimlinin BNA-da şişirdiyi rəqəmlər: Milyonlarla vəsaiti necə özünə yaxın şirkətlərə ötürüb?

29-07-2023, 00:15           
Vüsal Kərimlinin BNA-da şişirdiyi rəqəmlər: Milyonlarla vəsaiti necə özünə yaxın şirkətlərə ötürüb?
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən gündən Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyata başlayıb.

TEREF.AZ Axar.az-a istinadən xəbər verir ki, BNA-da korrupsiyaya qarşı əməliyyat aparılması haqda məlumat bu qurumdakı illərdir dilə gətirilən problemləri yenidən aktuallaşdırıb.

Zəruri olaraq qeyd edək ki, 2015-ci ildə Birinci Avropa Oyunlarına görə Bakıya gətirilən ən müasir avtobusların “Bakı Bus”un tərkibinə, “Bakı Bus”un isə BNA-ya tabe edilməsi ilə bu qurum gündəmə gəlmişdi. İlk vaxtla dövlətin vəsaiti ilə alınan ən müasir və komfortlu avtobusların xəttə buraxılması əhalidə böyük məmnunluq yaratsa da, qısa müddətdə qurumun yarıtmaz fəaliyyəti üzə çıxdı.

BNA özündən əvvəlki strukturun milyonlarla vəsaitə özəl şirkətlərə satdığı marşrut xətlərini bir-bir tenderə çıxarıb, nəzarətinə qaytarmaqla ciddi “islahata” başladı. Nə qədər qəribə də olsa, bu islahat ictimai dəstək də qazandı. Çünki BNA-nın yeni marşrutlarda xəttə buraxdığı ən lüks avtobusların rahatlığı etiraza heç bir səbəb qoymurdu.

Ancaq az müddət sonra bəlli oldu ki, BNA “zərərlə işləyir”, üstəlik ən müasir avtobuslar getdikcə sıradan çıxır. BNA rəhbərliyi isə köhnələn detalları yeniləmək əvəzinə son model avtobusları “ölüxanaya” çevirməklə məşğuldur. Belə ki, sıradan çıxan detallar digər avtobuslardan təmin edilirdi və nəticədə 700-dən artıq avtobusun 300-ü “ehtiyat hissəsi” funksiyasını yerinə yetirməklə, sıradan çıxarılmışdı.

Nəqliyyat eksperti Elməddin Muradlı mediaya açıqlamasında bildirmişdi ki, BNA “daxili imkanlar hesabına təmir” deyərkən, bunu nəzərdə tuturmuş: “Hesablama Palatası da üzə çıxardı ki, BNA “daxil imkanlar hesabına” deyəndə bir avtobusu söküb hissələrini digər avtobusa yığmağı nəzərdə tuturmuş. Neçə avtobus artıq “sklet” vəziyyətindədir. Dövlət şirkətini bu vəziyyətə salıb bir daha bizə sübut etdilər ki, ictimai nəqliyyat sektorunda yalnız özəl şirkətlər olmalıdır”.

BNA yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibinə veriləndən sonra “ehtiyat hissəsi kimi istifadə edilən” avtobusların təmir edilərək, hissə-hissə xəttə buraxılmasına başlanıldı.

BNA rəhbəri Vüsal Kərimlinin ən səs-küylü qərarlarından biri də sürücülərin vahid formadan istifadəsi ilə bağlıdır. Məlum oldu ki, bir sürücünün uniforması 800 manata (? – red.) hazırlanır. Bu rəqəmin qeyri-real olduğu və həddən artıq şişirdilməsi barədə danışan ekspertlər vaxtaşırı öz şübhələrini bildirirdilər.

Vüsal Kərimlinin tender adı ilə milyonlarla vəsaiti özünə yaxın şirkətlərə verməsi də bir neçə dəfə medianın diqqət mərkəzində olub.

Bir müddət öncə “Unikal” BNA-ya ayrılan onmilyonlarla manat vəsaitin Vüsal Kərimliyə yaxın şirkətlər arasında bölüşdürüldüyünü yazmışdı.

2022-ci il ərzində tender layihələrinin qalibi edilmiş şirkətlər:

CIG AZERBAİJAN MMC – 985.413.7 AZN

ADVENTA CO MMC – 498.308.58 AZN

FIRE SECURITY MMC – 1.890.450.03 AZN

SM CONSTRUCTION SUPPLIES MMC – 2.340.394.3 AZN

N TENSILE MMC – 160.305.83 AZN

ARIS MMC – 3 tender layihəsi birlikdə – 1.995.714 AZN

ORN GROUP MMC – 644.992 AZN

FLEX GROUP MMC – 541.996 AZN

SEAR SUPPLY MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN

A4 PLAZA MMC – 138.924.35 AZN

TECHMASTER”MMC – 3.178.565.64 AZN

“BNA rəhbərinin ən ilginc yeyinti “fəndi” isə “Bakıkart”la bağlıdır. “Bakıkart”ın idarəçisi “K Group” şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gediş haqqı məbləğinin 5 faizi xidmət haqqı olaraq məhz “K Group”a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.

Oxumağa dəyər: Türkiyəlı nazir “Rosatom” rəhbəri ilə “Akkuyu” AES-i müzakirə edib
Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib”, – məqalədə bildirilirdi.

Qeyd edək ki, bu tənqidlərə BNA heç vaxt cavab verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.