Tənha ata: “Dövlət Sosial Müdafiə Fondu üç ildir ki, övladlarımın haqqını oğurlayır”
31-07-2023, 12:28
Mütəxəsislər hesab edir ki, təkvalideynli ailələr dövlət qayğısı və imtiyazlardan kənardadır
“Elə bil şəxsi ciblərindən verirlər, illərdir get-gəldəyəm. Kasıb, şəraitsiz evdə üç azyaşlı övladımla yaşayıram. Onların bütün məsuliyyəti, dolanışığı mənim öhdəliyimdədir. Artıq tükənirəm, övladlarımın halal haqqı olan ünvanlı sosial yardımı ala bilmirəm. Qızım Fatimənin 8 yaşı, Məhəmmədin 6, Hüseynin isə iki yaşı var. Tənha atayam, dövlətin dəstəyi, diqqəti yoxdur”.
“Ödənişi verməmək üçün heç vaxt sahib olmadığım iki maşını adıma çıxırlar”
51 yaşlı Sahib İsmayıl oğlu Məmmədov üç azyaşlı övladı ilə tənha yaşayan atadır. 2021-ci ilin oktyabrın 6-da həyat yoldaşı Vüsalə Alim qızı Məmmədova düz bağırsağın bədxassəli törəməsindən vəfat edib. Onun ölümündən sonra üç övladın bütün məsuliyyəti atanın öhdəliyindədir. Gününü onlara həsr etdiyindən və uşaqlara baxacaq bir kimsəsinin olmaması səbəbindən nə çalışa, nə də qazanc gətirə bilir. Həyat yoldaşının ölümündən altı ay sonra uşaqlar üçün təyin olunan valideyni itirməyə görə müavinət ailənin tək dolanışıq vəsaitidir. Tənha ata deyir ki, həmin minimum məbləğdə hesablanan vəsait övladlarının aylıq xərcinin bir hissəsi deyil.
Üç ildir ki, Dövlət Sosial Müdafiə Fonduna ailə vəziyyəti ilə əlaqədar ünvanlı sosial yardım üçün davamlı müraciət etsə də, tənha ataya imtina cavabı gəlir. Səbəb kimi isə şəxsinə aid olmayan iki nəqliyyat vasitəsinin adında olmasını göstərirlər:
“Dövlət Sosial Müdafiə Fondu üç ildir övladlarımın haqqını oğurlayır, onlara düşən ünvanlı sosial yardımı mənimsəyir. Deyirlər ki, seriya nömrəsi Tovuzdan olan iki nəqliyyat vasitəsi adınadır. Hətta hesablandı, üç ildə aya 800 manata yaxın pul edir ki, bu da iri məbləğdə ödənişdir. Ödənişi verməmək üçün heç vaxt sahib olmadığım iki maşını adıma çıxırlar. Mən kasıb, gəliri olmayan, evi bərbad adamam. Belə ağ yalan danışmaq, bəhanə ilə sosial yardımı təyin etməmək vicdansızlıqdır axı. Tənha atayam deyə nə rayonda, nə təsərrüfatda çalışa, pul qazana bilirəm, üç uşağın gündəlik baxımı, məktəbi, həkimi, qayğısı mənim boynumdadır. Savadsız, özünə çalışan kadrları otuzdururlar orada, onlar da məzlumun başına oyun açır”.
“Uşaqlarım xəstədir, ciddi müalicəyə ehtiyacı var”
Tənha ata deyir ki, DSMF -nın dəfələrlə təkrarlanan “3.7.4 ailənin istifadəsində və mülkiyyətində nəqliyyat vasitəsi olanda” cavabına sübut üçün Baş Dövlət Yol Polisinə müraciət edib. Tam bir həftə araşdırıldıqdan sonra idarənin Mərkəzi Məlumat Sistemi tənha atanın haqlı olduğuna dair DSMF-ya təqdim edilməsi üçün arayış verib. Ancaq Dövlət Sosial Müdafiə Fondunun işçiləri yenidən imtina cavabı göndəriblər. Bu dəfə isə vətəndaşın adına nəqliyyat vasitələrinin olması ilə yanaşı arayışın saxta olmasını da səbəb göstəriblər.
“DYP ciddi yoxlayıb. Yevlaxda da oldum, orada da yoxladılar, hətta Tibbi Ekspertizadan da keçirmişəm, sənədi prokurorluqdadır. Hər bir qurum təsdiq edir ki, adıma nə nəqliyyat vasitəsi var, nə də etibarnamə. Ancaq DSMF deyir ki, var, üstəlik sənədi göstərirəm, onlara verirəm. Deyir ki, arayış saxtadır. Bu qədər ağ yalan, saxtakarlıq olar? DYP deyir adına nəqliyyat yoxdur, DSMF deyir var. Hətta adıma 55 sot pay torpağım, himayəmdə üç azyaşlı övladım var. Süründürürlər. 4 aylıq körpəni inək südü ilə böyütdüm. Uşaqlarım xəstədir, ciddi müalicəyə ehtiyacı var, Göyçay Rayon İcra Hakimiyyətində, Mərkəzi Xəstəxanada oldum, qızımın gözünün müalicəsi ilə bağlı kömək etmədilər. “Bakıya get” deyirlər, göndəriş yoxdur. Böyük oğlum əməliyyat oldu, 500 manat istədilər. Dərs ili başlayacaq, iki böyük övladım məktəbə gedir. Çox çətinliklərim var. Dövlət dəstəyini təkvalideynli ailə olaraq hiss etmirəm, əlacsızam. Tək istəyim ünvanlı sosial yardımı almaqdır, ona da qaniçən məmurlar imkan versə…”.
“Yardımla bağlı müraciəti araşdırılaraq yekun qərar veriləcək”
Dövlət Sosial Müdafiə Fondu Meydan TV-yə vətəndaş Sahib Məmmədovun əvvəlki müraciətlərinə adına nəqliyyat vasitəsi olması səbəbindən imtina cavabı verildiyini təsdiqlədi. Ancaq son müraciətə vətəndaşın adına fərdi yaşayış evinin qeyd olunmamasını əsas gətirərək yenidən imtina cavabı verildiyi də bildirildi.
“Əvvəlki müraciətlərində imtina səbəbi sistem üzərində adına maşın görünməsi olmuşdur. Sözügedən şəxs mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmadığını təsdiqləyən arayışı rayon üzrə DSMF-yə təqdim etdikdən sonra sistemdə məlumatlar yenilənərək vətəndaşa yardımla bağlı yenidən müraciət etməsi tövsiyə edilib. Bundan sonra ailənin yardımla bağlı son müraciəti 25 iyul 2023-cü il tarixində qeydə alınıb. Həmin müraciətə sistem tərəfindən ailə üzvü Məmmədova Əntiqə Məhəmməd qızı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması və adına olan fərdi yaşayış evinin qeyd edilməməsi səbəbindən imtina verilib. Ailə qeyd edilən məlumatlarda düzəliş edərək elektron qaydada yenidən qeydiyyatdan keçərsə, yardımla bağlı müraciəti araşdırılaraq yekun qərar veriləcək”, – deyə fondun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili deyib.
“Digər müavinətlər nəzərdə tutulmayıb”
Rəşad Mehdili təkvalideynli ailələlərə Dövlət Sosial Müdafiə Fondu çərçivəsində tanınan imtiyazların ailə başçısını itirməyə görə və pensiya təminatı hüquqi ilə bağlı müavinətlərin olduğunu deyir:
Foto: arxiv
“ Əgər təkvalideynli ailənin pensiya hüquqi yoxdursa, o ailə ancaq ailə başçısını itirməsinə görə müavinət alır. Digər müavinətlər nəzərdə tutulmayıb. Ünvanlı Dövlət Sosial Yardımı ümumiyyətlə ailəyə verilir. Ailədən adambaşına düşən ehtiyac meyarı var ki, bu da 246 manatdır. Əgər ailənin gəliri o meyardan azdırsa və digər qanunvericilik tələblərinə uyğundursa, ünvanlı sosial yardım həmin təkvalideynli ailəyə düşə bilər”.
“Təkvalideynli ailələr üçün gün təyin olunsun, status təsdiqlənsin”
Ailə başçısını itirən, himayəsində azyaşlı övladları qalan, ailədə özündən başqa gəlir mənbəyi olmayan təkvalideynli ailələri araşdıran “Sənsiz” Cəmiyyətinin rəhbəri Zemfira Rəhimova illərdir bu ailələrə dəstək üçün təkliflər hazırladığını, ancaq qurumlar tərəfindən qulaqardına verildiyini deyir. Həmin təkliflərə təkvalideynli ailələr üçün əlamətdar gün, status təyinatı, həmin ailələrə məxsus, həmçinin onların uşaqlarının hüquqlarının qorunmasına dair yardım mərkəzlərinin açılması, qanunvericilikdə müvafiq qanunların qəbul edilməsi, yerli hakimiyyət və hökumət nümayəndələrinin təkvalideynli ailələrinin problemlərinə yardımçı olması daxildir.
Cəmiyyət rəhbəri deyir ki, 2000-ci ildə apardığı statistikaya görə, ölkədə 100 min təkvalideynli ailə var idi ki, hazırda bu rəqəm 140 mini ötüb. Bu illər ərzində avtoqəzalar, xəstəliklər, boşanma və nikahdankənar doğumlar çoxaldığından tənha analar daha çox üstünlük təşkil edir. Tənha ataların payı isə 10%-dir. Hər 100 təkvalideynli ailənin 2-3%-i tənha atalardır. Cəmiyyət rəhbəri ölkədə yenidən ciddi statistika aparılması, təkvalideynli ailələrə dövlət tərəfindən ciddi imtiyazların ayrılması üçün haray çəkdiyini deyir:
“Ailə başçısını itirməyə görə dövlətdən uşaqsayına 120 manat civarında müavinət ayrılır. İllər öncə təklif etdim ki, təkvalideynli ailələr üçün gün təyin olunsun, status təsdiqlənsin. Tənha ana, tənha ata özünü tək hiss etməsin. Qəbul edilmədi, ancaq yenidən BMT-yə yazacam. Heydər Əliyevin dövründə Milli Məclisə həmin ailələrə xüsusi imtiyazların şamil edilməsi üçün təkliflər verdim. Reaksiya verildi və qərar qəbul edildi. Ancaq Uşaq Hüquqları Konvensiyası yenidən işlənəndə komissiya sədri, millət vəkili Hadi Rəcəbli imtiyazları dəyişdirib valideynlərdən hər ikisi ölmüş, yaxud 1-ci, 2-ci qrup əlili dərəcəsinə sahib olan təkvalideynli ailələrə şamil etdi. Bu ailələr üçün imtiyazlar çoxdur. Təhsildə geyim, yolpulu, kirayəhaqqı verilir. Ancaq cəmiyyətin cəmi 5-8 faizini təşkil edir. Beləcə təkvalideynli ailələrin aqibəti diqqətdən kənarda qaldı”.
” Təkliflər ciddi nəzərə alınmalı və təkvalideynli ailələrə həssas yanaşılmalıdır”
Zemfira Rəhimova təkvalideynli ailələrin işsizlik probleminin, həmin ailələlərə məxsus uşaqların təhsil qayğılarının çox, güzəştlərin isə olmadığını qeyd edir:
“Hətta, çalışdım ki, həmin ailələrin uşaqlarına təhsildə ödənişə 50% güzəşt edilsin, edilmədi. Ayrı-ayrı ali təhsil ocaqlarına müraciət etməli olurdum. Həllini tapan da olurdu, tapmayan da. Müdafiə Nazirliyinə müraciət etdim ki, təkvalideynli ailələrin övladlarını tez-tez görüşə buraxsın və ailəsinə aylıq maddi, ərzaq yardımı göstərilsin. İsraildə var bu qayda. Həmçinin həmin ailələr üçün iş yerlərində xüsusi kvota ayrılsın. Çünki valideyn təkdir, uşaqlar qayğı və nəzarətdən kənardadır. Narkomaniya və digər zərərli vərdişlərə aludə olan uşaqların çoxu təkvalideynli ailələrə məxsusdur. Təkliflər ciddi nəzərə alınmalı və təkvalideynli ailələrə həssas yanaşılmalıdır. Tənha analar daha çox yüklənir, çünki tənha ataların çoxu yenidən ailə qurur. Tənha anaların isə çox faizi qura bilmir. Ancaq tənha ata üçün ailənin digər üzvlərindən kömək yoxdursa, ailə qurmursa, tək övladlara baxmaq çox çətindir. Ata, ana çalışmayanda və imtiyazlar olmayanda, bu tip ailələrə görə kənd inzibati ərazi nümayəndəliyindən tutmuş icra hakimiyyətlərinin və Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin üzərinə məsuliyyət düşür”.
“1000-1200 manat civarında müavinət ayrılmalıdır”
Hüquqşünas Namizəd Səfərov da təkvalideynli ailələrin dövlətin diqqət və qayğısından kənarda qaldığını, Milli Məclisin isə bununla bağlı mürtəce qanunlar qəbul etdiyini deyir. Hüquqşünas sosial müavinət və xidmətlərə ehtiyacı olan bu tip ailələrə dövlət qayğısının qanunvericilikdə də bərbad durumda olduğunu əlavə edir:
Namizəd Səfərov. Mənbə: “Amerikaninsesi”
“Dünyanın çox ölkəsində bu tip ailələrə dövlət tərəfindən müavinətlər ayrılır, hətta güzəştlər edilir, ev belə verilir. Təbii ki, himayəsində övlad(ları) olan valideynlər işləmək imkanından məhrumdur, xüsusilə Azərbaycan kimi işsizliyin yüksək səviyyədə olduğu ölkədə. Məsələn, qayğı və xidmətdən məhrum tənha atanın yüksək əməkhaqqılı işi olsa, bir dayə tutub ödəniş müqabilində uşaqlara baxdıra bilər. İşdən sonra yenə özü qulluq edər. Tənha üç uşaq atası, anası yüksək əməkhaqqılı və normal iş şəraitindən məhrumdur. Rayonlarda da mövcud iş imkanları həddən zəif və minumum əməkhaqqı civarındadır ki, nəinki dayə tutmaq, ailə saxlamaq absurddur. Odur ki, belə durumda dövlət hərəkətə keçməli, uşağın sayını və tək valideyni nəzər alaraq, 1000-1200 manat civarında müavinət ayırmalıdır”.
“9 milyard pulun 90 faizi mənimsənildi”
Hüquqşünas təkvalideynli ailələrə ünvanlı sosial yardımın verilməsini, say statistikasının, aylıq gəlirlərin və uşaq sayının dəqiq müəyyənləşdirilməsini, eləcə də aidiyyəti qurumların problemlərin həllinə çalışmasını vacib hesab edir.
“Çünki sayları yüzminləri ötüb keçir. Əksinə dövlət bütün vasitələrdən istifadə edir ki, ailələr müavinət və ünvanlı sosial yardım xidmətlərindən məhrum qalsın. Pandemiya dövründə ölkə və Dünya Bankı tərəfindən işsiz, təminatsız, özəl müəssisə işçilərinə, bu tip ailələr üçün ayrılan 9 milyard pulun 90 faizi mənimsənildi. Azərbaycan qanunvericiliyinin pensiya və müavinətlər haqqında bəndində çox az miqdarda deklarativ şəkildə həmin ailələrə dövlət tərəfindən birdəfəlik, ya aylıq müavinət verilməlidir. Ancaq bu illərdir sənəd üzərində qalır. İllərdir təkvalideynli ailələr işsizlik, evsizlik, övladlara nəzarətsizlik və zəif sosial iqtisadi durum sıxıntısı ilə boğulur”.
Bir sıra kiçik və əlçatmaz imtiyazlar…
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Meydan TV-nin sorğusuna cavab olaraq bildirir ki, təkvalideynli ailələrin dəqiq statistikasına dair informasiya onlarda yoxdur, ancaq ailə başçısı itirməyə görə müavinət və pensiya alanların sayı min ailə üzrə 33 ailə, min nəfərə isə 56 nəfər düşür. Təkvalideynli ailələrə tanınan imtiyazlara gəldikdə isə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrində güzəştlər nəzərdə tutulub. Bu da rəsmi qaydada çalışan təkvalideynlərə, xüsusilə tənha analara şamil edilir.
“Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər sırasında uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) göstərilir. 78-ci maddənin 2-ci hissəsində işçilərin ixtisarı zamanı öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilir. Məcəllənin 79-cu maddəsində isə hamilə, üç yaşınadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 91-ci maddədə isə 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmayan iş saatı nəzərdə tutulur. 117-ci maddədə 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 130-cu maddənin c bəndində 16 yaşınadək uşağı olan qadınlara, yaxud təkvalideynlərə, qəyyumlara, himayədarlara 14 təqvim gününədək ödənişsiz məzuniyyət hüququ verilir. 133-cü maddəyə əsasən əmək məzuniyyətlərinin verilməsi növbəsində təkvalideynli ailələrə əlverişli seçim vaxtı hüququ da tanınır. Əmək Məcəlləsinin 37-ci fəslində isə azyaşlı uşaqları olan qadınlar üçün tanınan imtiyazlar ana ölərkən, azadlıqdan və sağlamlığından məhrum olarkən tənha atalara və himayədarlara şamil edilir”.
Komitə əlavə edir ki, ailə başçısını itirməyə görə sosial müavinətdən başqa “Məşğulluq Haqqında” qanunun 1.122-ci bəndində sosial müdafiəyə ehtiyacı olan və işədüzəlməkdə çəkilən şəxslər içərisində yetkinlik yaşına çatmayan uşaqları olan tək və çoxuşaqlı valideynlər də nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinə ilk növbədə qəbul edilənlər arasında qanunla tək işləyən valideynlərin və çoxuşaqlı ailələrin uşaqları nəzərə alınmalıdır. Tənha atalar üçün nəzərdə tutulan əmək pensiyası ilə bağlı güzəştlərə gəldikdə isə əlçatmazdır desək, yanılmarıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
““Əmək Pensiyaları Haqqında” Qanunun 8.3-cü bəndində ana vəfat etdiyində və ya ailə ilə nikaha xitam verildiyində, yaxud ana valideynlik hüququndan məhrum edildikdə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, qəyyum kişilərə bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verilir. Bir digər güzəşt isə “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Qanunun 19.1.4-cü bəndində göstərilir ki, himayəsində 8 yaşınadək 3 və daha çox uşağı olan tənha ana və ya tənha ata ailə vəziyyətinə görə möhlət verilməli şəxslər sırasındadır”.
Həmçinin komitədən bildirildi ki, təkvalideynli ailələrdən daha çox övladlarının təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlər daxil olur ki, bunun həlli üçün qanunvericilikdə ciddi dəyişiliklər edilməsinə ehtiyac var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tənha ata Sahib Məmmədovun müraciətini icrata götürdüyünü də qeyd edib.
Sahib Məmmədov Meydan TV-yə ərizəsinin qeydə alındığını təsdiqləyib, problemlərinin həlli üçün kömək gözlədiyini deyib.