«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR
19-04-2024, 15:34
Məlimdur ki, Vətən müharibəsi zamanı işğalçı Ermənistan üzərində parlaq qələbələr əldə etdikdən sonra, azad edilən torpaqlarımıza Böyük Qayıdışın başlanması xalqımızın və dövlətimizin qarşısında duran əsas vəzifə oldu. Bəli, çox keçmədi ki, bir tərəfdən ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilməyə başlanıldı, digər tərəfdən isə yeni yolların çəkilməsi, körpü və tunellərin inşa olunması, su və elektrik xətlərinin bərpa olunması, dağıdılan şəhərlərin, qəsəbə və kəndlərin yenidən qurulması və s. kimi işlər sürətləndirildi.
Azad olunmuş ərazilərindən olan Zəngilan rayonunda da, hal-hazırda yeni yollar çəkilir, körpülər salınır, elektrik stansiyası və s. tikilir. Budəfəki narazılıq isə, Zəngilan rayonu ərazisində inşa olunan körpü və tunellərin tikintisi işlərində çalışan fəhlələrin üz-üzə qaldıqları problemlərlə bağlıdır. Məsələn, bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Şəki şəhəri, Aran kənd sakini Qədimcan Kabulov tərəfindən müəyyən məlumatlar çatdırılıb. Məlumatlarda bildirilir ki, 08 aprel 2024-cü il tarixdə, saat təqribən 8:30 radələrində “AZVİRT” MMC-yə məxsus avtobus, Zəngilan rayonu ərazisindəki körpü-tunel tikinti işlərində çalışan şəxsləri Bakı şəhəri istiqamətinə apararkən Beyləqan rayonu ərazisində qəzaya uğrayır. Baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfəri qadın olmaqla, cəmi 17 nəfər müxtəlif ağır bədən xəsarətləri alırlar. Xəsarət alanlar içində 2 nəfər fəhlənin, yəni Kabulov Sənan Qədimcan oğlunun xəsarəti çox olur, Kabulov Sərxan Qədimcan oğlunun isə çanaq sümüyü sınır. Belə bir səbəbdən də, bu şəxsin vəziyyəti daha ağır olur. Hadisənin baş verdiyi vaxtlarda xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, təəssüflər olsun ki, bu səhiyyə müəssisəsində onlara qarşı olduqca soyuq münasibət göstərilir və xəsarət alan şəxslərin Bakı şəhərinə çatdırılması məsləhət görülür. Qeyd edək ki, çanaq sümüyü sınan Sərxan Kabulov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılsa da, bu səhiyyə müəssisəsində xəstəni qəbul etməkdən imtina edirlər. Adı çəkilən bu səhiyyə müəssisəsinin şöbə müdiri Rəşad həkim, imtina olunmasını onunla əsaslandırır ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə çanaq sümüyünün əməliyyat olunması qeyd olunmayıb. Bunun nə dərəcədə həqiqət olub-olmaması haqda dəqiq fikir bildirməsək də, deyəcəyimiz odur ki, Travmatologiya və Ortopediya İnstitutunda da xəstəyə ögey münasibət göstərilir.
Bütün bunlar qalsın bir yana, baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri alan şəxslər “AZVİRT” MMC –nin podratçı şirkəti olan “Saninşaat” şirkətinin Zəngilan rayonu ərazisində inşa etdirdiyi körpü-tunel işlərində çalışan şəxslər olurlar. Çox təəssüflər olsun ki, 08 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verir və hadisə barədə hər iki şirkətin rəhbərliyi, o cümlədən “Saninşaat” podtatçı şirkətinin sahibi Rüstəm müəllim də məlumatlı olur, amma həmin vaxtdan bu günə kimi bu şirkətlərin rəhbərləri xəsarət alan şəxslərin durumları ilə maraqlanmırlar. Bu da onu söyləməyə əsas verir ki, hər iki şirkətin rəhbərliyində olan şəxslərə görülən işlər, əldə olunan gəlirlər lazımdır, xəsarət alan şəxslərin sağlamlıq durumları isə, onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Əgər bu belə olmasaydı o halda rəhbərlikdə olanlar Ramazan Bayramı günü münasibətilə evlərinə getmək istəyən və yol-nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri alan şəxslərin sağlamlıq durumları ilə maraqlanardılar.
P.S. Məqalə dərc olunan zaman Azvirt MMC-nin mətbuat xidmətinin rəhbəri Ceyhun bəy zəng edib bildirdi ki, xəsarət alan işçilərin heç biri bizim işçilər deyil. Yalnız onlar bizim şirkətin maşınında qəzaya düşüblər. Əcaba bu təsadüf haradan. Bəs o işçiləri işlədən şirkət onlarla müqavilə bağlamayıblarmı ki, bu gün onların tibbi sığortası olmadığından onlar xəstəxana dəhlizlərində qalıblar. Deyəsən torbada pişik var.
Yazıda adları keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.
Deryaz.az