"Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

21-05-2024, 00:04           
"Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...
Sovet dağılanı Lerik rayonun ucqar dağ kəndi olan Hamaratın xoş növrağına son qoyuldu. Çox keçmədi bu böyük, yaraşıqlı yaşayış məntəqəsi problemlər bataqlığına düşdü. Birinci buraya işləyən avtobus marşrutu bağladı. Daha sonra kolxozun zəhmət adamlarının rahatlığı üçün tikdirdiyi sosial obyektlər məmurların əli ilə talandı. Gələn hər il də öz sosial ağrıları ilə hamaratlıları imtahana çəkdi. Artıq indi bu minvalla 30 ildir kənd camaatı problemlərin əlindən insan kimi bir gün görmür.

Hamaratlılar öz acı talelərini dəfələrlə rayon rəhbərlərinə bildirsələr də, ağrılarına qalan olmayıb. Onlar danışsalar vəziyyət olduğu kimi görünər.

Tərlan Heydərov:- Pis gündəyik. İllərlə yığılıb qalmış sosial problemlər indiki zamanda günümüzü qara edib. Otuz ildən çoxdur aldada-aldada gün sayırıq. Mənim indi 65 yaşım vardır. Həyatın xoş üzünü sovetdə gördük. Heç də həmin dövrü təbliğ etmirəm. Olanı deyirəm. Kolxozda işləyir, halal qazancımızla güzəranımız yaxşı keçərdi. Dövlətdə ki, qoymazdı çətinə düşək...

Müstəqil ölkə olanda sevindik. Qaldı ki, yerli məmurlar bu sevinci bizə çox bildilər, hər şeyimizi məhv etdilər. Hazırki zamanda da sadə kütləni adam yerinə qoymurlar, nəticədə problemlərin məngənəsində can veririk. Bir balaca yağış yağanda palçıqdan kəndin içində gəzmək olmur. Yayımız da toz-torpaqdır. İctimai nəqliyyatın yoxluğu üzündən bir yerə çıxa bilmirik. Sosial məsələlərin ağrı-acısı hamaratlıları girinc hala salıb. Ümumiyyətlə, dünya ölkələri arasında iqtisadi cəhətdən inkişaf etmiş, müstəqil, azad bir dövlətin vətəndaşları olsaq da, yerli məmurların biganəliyi üzündən günümüz gün deyil. Son vaxtlar Hamaratda yaranan yanacaq problemi daha dözülməzdir. Neçə ki, 10 il bundan əvvəl kəndimizə qazın verilməsi ortaya atıldı, meşələr üzümüzə bağlandı. Bu fürsətdən istifadə edənlər yanacaq odunun qiymətini on qat qaldırdılar. İndi bir qışı yol vermək üçün 2000 manatlıq odun lazım olur. Sadə kənd adamının onu almağa gücü çatmır...

Allahverdi Allahverdiyev:- Sovet dağılandan hər şeyimizi itirmişik. Bir müddət meşədən ulaqla çürük ağac kötükləri gətirib bir təhər qışın şaxtasından çıxardıq. Hamarata təbii qazın çəkilişi ortaya düşən kimi, onu da bizə çox bildilər. Hazırda illərdir nə qazdan soraq verən var, nə yanacaq problemimiz insafa salınır.

Şahin Hacıyev:- Bizi narahat edən problemlər bir deyil, iki deyil. Yanacaq qıtlığı ən çətin yerimizdir. Meşəyə gedə bilmirik, belə də ki, gətirilən oduna elə qiymət deyirlər onu almaq qeyri-mümkündür. Artıq həyətlərdə meyvə ağacı da qalmayıb ondan yanacaq odun kimi istifadə edək. 10 ildir hamaratlılar mavi qaz istəyirlər. Amma məmurların yalan vədləri, əhaliyə qarşı məsuliyyətsiz davranışları istəyimizə əngəl törədir.

Hacımusa Mirzəyev:- 30 ildən çoxdur problemlər içindəyik. Artıq çətinlikləri özümüzə Tanrıdan qismət payı bilib barışırıq. Amma bizim dağlarda istilik olmadı vay o günə. Get-gedə yandırmağa odun tapılmır. Olanda isə onu almaq hər adamın işi deyil. Ümidimiz mavi qazadır. Çünki dünyanın əksər ölkəsi Azərbaycan qazı ilə isinir. Bu gedişlə hələ illərlə onu gözləməliyik...

Bəxticamal Kərimov:- Yanacaq sırasında çətin duruma düşmüşük. Baha satıldığına görə gücümüz çatmır odun almağa. Bizə təbii qaz lazımdır. Uzun illərdir bu barədə söz-söhbət gedir. Məsələni ləngidən elə dövlətin etibar etdiyi məmurlardır.

Hamaratlılar onu da dedilər ki, biz öz Prezidentimizə çox inanırıq, onun Vətənin tərəqqisi, xalqın xoş güzəranı naminə gördüyü işləri ürəkdən bəyənirik. O, çox humanist, hər bir ölkə vətəndaşın qayğısına qalmağı bacar rəhbərdir. Dövlət rəhbəri olduğu gündən misilsiz fəaliyyəti ilə respublikamızı bütün dünyaya tanıtdırıb. Əminik ki, vəziyyətimizdən xəbərdar olsa, heç vaxt bizi çətinlikdə qoymaz...

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.