Alxasov həbsdən QURTULA BİLƏCƏKMİ? - Görünəni odur ki...
1-06-2024, 13:18
Məlum olduğu kimi, təxminən iki həftə öncə rəsmən elan olundu ki, Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Dia-az.İnfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparıldığı qeyd olunurdu.
Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Dia-az.İnfo qeyd edir ki, dünən isə Qusar rayonuna 17 il idi ki rəhbərlik edən Şair Alxasov vəzifəsindən alındı və elə səslənən ilk səbəb ehtimalı da başçının məhz meşə torpaqlarını satması faktı oldu.
Məsələ bununla bitəcəkmi və ümumiyyətlə, Şair Alxasov səbvəb kimi göstərilən və artıq barəsində cinayət işi açılmış məlum faktla bağlı istintaqa cəlb olunubmu?
Bununla bağlı Dia-az.İnfo-ya Qusardakı mənbələrdən daxil olan informasiyada deyilir ki, əslində Şair Alxasovun meşə torpaqlarını özbaşına olaraq fərdi evlərin inşası üçün ayırması faktı səbəbindfən "vurulması" həqiqətdir. Mənbə bildirir:
"Şair Alxasov buna qədər də anoloji fəaliyyətdə bulunbu, lakin sonuncu faktın bütün ölkə miqyasında ictimailəşməsi və rezonansa nədən olması səbəblərindən artıq onunla bağlı gərəkən addım atıldı. Bəli, hüquqi araşdırma zamanı onun adı keçə bilər, səslənə bilər. Amma hələlik onunla bağlı hüquqi ölçünün götürülüb-götürülməyəcəyi bəlli deyil. Məlumdur ki, bununla bağlı həm də siyasi qərar verilməlidir".