Bazar günü ölə bilərsiz - Allah ümidinə qalan xəstələr, həkimsiz xəstəxanalar...

6-06-2024, 12:34           
Bazar günü ölə bilərsiz - Allah ümidinə qalan xəstələr, həkimsiz xəstəxanalar...
Bu problem sovet dövründən var: bazar günü ağırlaşdınsa, kəlmeyi-şəhadətini gətir. Bayram və bazar günü sancısı tutan hamiləyə də deyərdilər: vaxt tapdın?
Azərbaycan səhiyyəsində bu problem hələ də davam edir: bayram günü və bazar günü böhranı.
Statistikaya görə, bazar günü xəstə ölümləri digər günlərə nisbətən çox olur. Çünki Azərbaycanda bazar günü xəstəxanaların əksəriyyəti istirahət rejiminə keçir, xəstəni İcbari Tibbi Sığorta üzrə qeydiyyata almaq olmur, lazımi profilli cərrahlar işə çıxmır, xəstə yalnız təcili yardım şöbəsinə qəbul olunur, ağırdısa reanimasiyaya, ən yaxşı halda tanış varsa, xəstəxanaya qəbul olunub sabahı gözləyir.
Bakupost.az xəbər verir ki, “Medicina” saytının əməkdaşının ailə üzvünün başına gələn hadisə bu mövzu ilə bağlı bir çox nüansların üstünü açıb.
Onun dediyinə görə, mayın sonlarında bazar günü ailə üzvü olan gənc kişi dəhşətli böyrək ağrısı, tam anuriya, böyrək kanallarının tutulması şikayətləri ilə Klinik Tibbi Mərkəzin təcili yardım şöbəsinə çatdırılıb:
"Əvvəlki həftələrdə böyrək daşına görə İcbari Tibbi Sığorta ilə müayinədə olduğu, müalicə aldığı heç bir həkim telefonu qaldırmadı. Heç bir USM işləmirdi. Çünki bazar günü idi.
Klinik Tibbi Mərkəzin təcili yardım şöbəsi daxili qaydada xəstəni qəbul etdi, USM etdirib analizlər götürdü və xəstədə kreatinin normadan 4 dəfə artıq olduğu məlum oldu. 2 sutka idi tam anuriya davam edirdi. Xəstəyə ağrıkəsicilər təsir etmirdi. Təcili həkim axtarışına başladıq".
Əməkdaş deyir ki, uroloji şöbəsi olan bütün əsas dövlət xəstəxanalarının heç birində stent qoyacaq cərrah tapılmadı:
"Klinik Tibbi Mərkəzin təcili yardım həkimi “Uroloqa xəbər verdiniz? Xəstə böyrək yetməzliyinə girə bilər, məsləhətdir ki, bu gün stent qoyulsun” deyib xəstəni tərxis etdi. Çünki ona stent qoyacaq cərrahlar yox idi.

Xəstənin əməliyyatından imtina ilə bağlı 3 əsas bəhanə:
1. İcbari Tibbi Sığorta bu gün işləmir, 1-ci gün səhər açılacaq.
2. Stenti bazar günü qoya bilmərik, uroloq cərrah yoxdur.
3. Həkimlərin evdən gəlişi əlavə ödənişdir.

İmtina cavabı alınan yerlər:
1.Klinik Tibbi Mərkəz. Əvvəldən xəstənin müayinə və müalicələrini İcbari Tibbi Sığorta ilə etmiş cərrah zənglərimizə cavab vermədi.
2.Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası. Öncə xəstə orada USM-dən keçmiş və KT olunmuşdu. Bazar günü olduğundan stent qoyacaq həkimlərin olmadığını bildirdilər. Əgər sabaha qalsa, dializ olunacağı, sonra stent qoyulacağı bildirildi.
3. Yeni Klinika. Buradan növbətçi həkimin olduğunu, lakin onun stent qoymayacağını bildirdilər: "Xəstə gəlsə də, təcili yardım baxıb göndərəcək. Əziyyət çəkib yol ölçməsin"".
Əməkdaş deyir ki, əlaqələrindən istifadə edib mətbuat xidmətlərini də məsələyə qoşsa da, onlar da naəlac qalıb:
"Özəllərdəki tanış həkimlər isə "İcbari Tibbi Sığorta işləmir, təəssüf ki, sığortaya sala bilmərik, amma xəstəyə bu gün stent qoyulmalı, anuriya aradan qalxmalıdır” dedilər. Özəl klinikalar azı 1000-2000 manat depozit istədi. Həkimlər, anestezioloqlar isə evdən təcili çağırış üçün 100-200 manata gəlir. Yaxşı ki, dostların sayəsində İnternational Caspian Hospitalda baş həkimin dəstəyi ilə uroloq cərrah Fəxri Quliyev xəstəni təcili əməliyyata aldı".
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə İTS xidmətinin bazar və bayram günləri niyə işləmədiyi barədə sorğu göndərildi.
Sən demə, İTS sisteminin bazar və bayram günləri işləməməsi haqda deyilənlər uydurmadan başqa bir şey deyil və xəstəxanaların əlində bir bəhanədir.
Agentliyin rəsmi cavabında bütün Azərbaycan vətəndaşlarının bilməli olduğu bir fakt var: "Xəstə bazar və bayram günləri İcbari Tibbi Sığorta ilə xidmət göstərən istənilən dövlət və ya özəl klinikaya getsə də, təcili əməliyyat lazımdırsa və bu, Xidmətlər Zərfində varsa, sığorta ilə əməliyyat edilə bilər".
Bəs, bayram və bazar günləri İcbari Tibbi Sığortanın iş prinsipi dövlət və özəl müəssisələrdə necə tənzimlənir? Agentlikdən göndərilən cavabda vurğulanır:
“Qeyri-iş günlərində planlı tibbi xidmət üçün Agentliyin müqavilə bağladığı özəl tibb müəssislərinə verilən göndərişlərin təsdiqi növbəti iş günündə təsdiq olunur. Təcili və təxirəsalınmaz hallarda isə vətəndaşa tibbi xidmət, göndəriş vərəqəsi olmadan dərhal göstərilir. Təcili hal zamanı pasiyentə sözügedən dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaş qeyri-iş günləri daxil olmaqla göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən istənilən birinə yaxınlaşaraq, tibbi xidmətdən yararlana bilər.
Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım ancaq Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər.
Bunun üçün özəl tibb müəssisəsi Agentliyə 24 saat ərzində elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir. Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində planlı tibbi xidmətlər isə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutunda gözləmə müddəti ərzində göstərilir:
* İxtisaslı ambulator xidmət üçün 14 gündən gec olmayaraq;
* İnstrumental diaqnostik və laborator müayinələr üçün 14 gündən gec olmayaraq;
* Planlı stasionar tibbi yardım üçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Qeyd olunan dövlət xəstəxanalarında tibbi xidmət göstərilməsi mümkün olmadığı hallarda isə vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi xidmətdən yararlanmaq üçün göndəriş vərəqəsi yazılır.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən 24 saat ərzində təsdiq edilir. Bu zaman vətəndaşın mobil telefonuna təsdiq edilmə ilə bağlı SMS-lə birdəfəlik kod göndərilir. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsi aidiyyəti qurumun səlahiyyətlərinə aid olduğu üçün digər məsələlərlə bağlı həmin quruma müraciət etməyiniz tövsiyə olunur”.

PS. Qeyd edək ki, xəstə bazar günü özəl tibb müəssisəsində əməliyyata alınsa da, həmin klinika İcbari Tibbi Sığortaya göstərilən xidmət barədə sorğu göndərə bilər. 1 ay ərzində məsələ yoxlanılır və xidmətlər zərfinə daxildirsə, vətəndaşın əməliyyat xərci İTS tərəfindən qarşılanır.
Biz də bu müraciəti etdik, qalır gözləmək. Bir də aidiyyəti qurumların tibb müəsisələrinin "bazar günü oyununu" çözməsi qalır. Çünki bütün bu proseslərdən sonra məlum oldu ki, xəstəxanalar bazar günləri, bəzən hətta şənbə günləri özlərinə işləmək, fürsətdən istifadə edib, sığortadankənar qazanc əldə etmək istəyirlər. Şənbə və bazar günləri təcili müayinə və ya əməliyyata gələnləri sığortadankənar qəbul etmək və ödənişləri tələb etməklə. Bəs görəsən, bundan İTS-in xəbəri olub, TƏBİB-in xəbəri var?
Aygün Musayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.