Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəyə lazımdır? - İstehlakçıların hüquqları qorunmur
20-06-2024, 15:52
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-ci il tarixli
Azərbaycan Respublikası qanununun 19-cu maddəsi istehlakçıların
hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi haqqındadır.
Dövlətin adından bu müdafiəni İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Di gəl,
keçirirmi? Bu sualın cavabının “yox” olmasını konkret faktlar doğrulayır.
Elə son günlərin pozuntularından və istehlakçı hüquqlarını qorumağa
təhkim edilən Dövlət Xidmətinin susqunluğundan danışaq. Ölkədə fəaliyyət
göstərən bütün mobil operatorlar, eldə deyildiyi kimi, bir-birinin “ağzına
tüpürüblərmiş kimi” müqavilə şərtlərini birtərəfli qaydada pozaraq tarifləri
də qaldırıb, internet paketlərinin qiymətini də. Birtətərəfli qiymət artımına
baxın, indi ən aşağı aylıq paket qiyməti 6 manatdan başlayır. Əvvəllərsə
həftəlik, 15 günlük paketlərlə yanaşı , aylıq 3 manatlıq paketlər də
istehlakçıların ixtiyarına verilirdi. Belə xidmətdən daha çox aztəminatlı
tələbələrin, əlillərin, pensiyaçıların yararlanmaları isə heç kimə gizlin deyil.
Aylıq 80-100 manata göz dikən tələbənin, müharibə veteranının ayda ən
azı 6 manat rabitə xidmətinə ödəməyə pulunun çatmadığı göz önündə
deyilmi? Bəs İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti hara baxır, bu qurumun dövlət
büdcəsindən maliyyələşməsinə nə ehtiyac var?
Kommunal xidmətlər sektorunda da durum ürəkaçan deyil. Hökumət,
qanunverici orqan əhalinin durumunu ağırlaşdıran aktlarla istehlakçıları
çıxılmaz duruma salıb. Özbaşınalığa baxın, “Azəristilik” istilik qiymətlərini
özbaşına Tarif Şurasının qərarına uyğun olaraq yaşayış sahəsinin kvadrat
metrinə görə 15 qəpikdən hesablamaq əvəzinə, ümumi sahəyə uyğun
hesablama aparıb. Qış mövsümü bitdi, bu 6 ayda istilik xidməti anlamadı
ki, NK-nın qərarında söhbət ümumi yaşayış sahəsindən gedir, hər
mənzilin ümumi sahəsindən yox. Bunu anlamaq bu qədərmi çətindir ki,
istilik verilməyən artırmaya, hamam tualetə, dəhlizə görə istehlakçıdan
ödəniş tələb edilməsi absurddur. Bu, Konstitusiyanın 73-cü maddəsinə də
ziddir.
Energetika, su təminatı, nəqliyyat sahəsində də istehlakçı hüquqlarının
kobud pozuntusu müşahidə edilir. Qaz, işıq, su sayğaclarının fiziki şəxslərin
istifadəsi üçün pulsuz , xidmət qurumunun hesabına quraşdırılması
qanunda yazılsa da, yazılmayan qanunlarla istehlakçılar aldadılır,
qanunsuz ödənişə məcbur edilir, qanunsuzluğa boyun əyməyənlər isə
kommunal xidmətlərdən məhrum edilir. Təsəvvür edin, “Azəriqaz” 15 ildən
çoxdur Qarabağ qazisinin müraciətinə baxmır, evin çöldən “Kombi” sistemi
ilə qızdırılmasına sayğac quraşdırmaqdan imtina edir. Bakı İnzibati
Məhkəməsi ( h. Fərid Mədətli) 5 ildir vermədiyi aktla əlil fiziki şəxsə
saatda 10 kub metrdən çox qaz sərf edən istehlakçılar üçün
nəzərdə tutulan sənaye qaz qurğusunun quraşdırılmalı olmasını
qərara alıb. İndi 5 ildir əlil-istehlakçı məhkəmə qərarının icrasını ,sənaye
qaz qurğusunun quraşdırılmasını və müqavilə bağlanmasını tələb edir, nə
qərar icra olunur, nə sayğac quraşdırılır. “Azəriqaz”ın keçmiş rəhbərliyi isə
otaqların, hamamın qızdırılmasını binanın çölündə quraşdırılan qaz
qurğuları yolu ilə həyata keçiriləcəyini bildirirdi. İmkan vermədilər, elə bu
təklifdən sonra rəis görəvindən alındı. İşıq xidmətində özbaşınalıq hökm
sürür, istehlakçı hüquqları qorunmur. Özbaşınalığa baxın, 2018-ci ilə kimi
50 metr məsafəyə qədər görülən işlər xidmət qurumunun hesabına həyata
keçirilirdi, qoşulma haqqı tutulmurdu. İndi hamısı istehlakçının boynuna
qoyulub, hətta köhnə tarixə qoşulma haqqı da tələb olunur. Onu da
vurğulayaq ki, bu qoşulma haqqının qaz, su xidmətinə də şamil edilməsinə
başlanılıb və istehlakçı hüquqlarını qorumalı olan qurum bu pozuntuya
qiymət vermək istəmir. Özbaşınalıq o həddədir ki, əlillər, qazilər bu
ödənişləri ödəməkdən azad olsalar da, xidmət qurumları qanunsuz
ödənişlər tələb etməkdə “azadlıq”larını ortaya qoyurlar.
Bəs İqtisadiyyat Nazirliyi, yanındakı xidmət qurumu niyə görəvini icra
etmir, niyə qanuna uyğun olaraq məhkəmədə istehlakçı hüquqlarının
müdafiəsinə ərizə vermir? Əksinə, hüquq pozucularını qoruyur? Yəqin
hüquq müdafiəçiliyinin də öz haqqı var. Ombudsman da eləcə, yalnız
qanunsuz cavablarla poçtalyon rolunu oynayır. Qanunvericilik isə real
addımlar atılmasını doğrulayır. Atılacaqmı? İstehlakçı hüquqları
qorunmayacaqsa, İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti nəyə və kimə lazımdır?
“Azərişıq” ASC 8-ci ildir verdiyi 03.04.2017-ci il tarixli texniki şərti ,
müqavilə öhdəliyini icra etməkdən imtina edir. Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti susur, istehlakçının isə məhkəmə
müdafiəsi hüququna da qadağa qoyulub. Cavabdehin “hüquq” xidmətinin
haqqı ilə. Hələ ki ölkədə hüquq, haqq-ədalət yox, haqq-hesab hökm sürür.
Bu hökm nə qədər sürəcək, ilahi?
Məğrur Bədəlsoy
TEREF