Jurnalistdən deputata müraciət – “Ağalar müəllim, yaşamağı bizə haram etməyin!”
21-06-2024, 13:15
“Kristal-Abşeron ” bəlkə də yeganə tikinti şirkətidir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək də istəmir”. Reportyor.info xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva bildirib. 2019-cu ildən şirkətin inşa etdiyi “Kristal Abşeron-1” şəhərciyində yaşadığını deyən jurnalistin sözlərinə görə, şirkət sakinlərdən pul qoparmaq üçün hər dəfə bir üsul fikirləşir: “Bizə konkret olaraq qazanc mənbəyi kimi baxırlar. Sakinlərin cibinə girmək üçün hər dəfə bir üsul fikirləşib tapırlar. Mənzil alandan qısa müddət sonra kommunal ödənişləri qaldırdırlar. Özü də nə az, nə çox 70 faiz. Bura zibil pulundan tutmuş lift puluna qədər bütün ödənişlər daxildir. Daha sonra liftə kart sistemi tətbiq etdilər. Elə bilirsiniz bu müasir standarlarla ayaqlaşmaq üçün edilib? Xeyr, yenə məqsəd pul qazanmaqdır.
Bundan başqa, kartı itirdinsə, ikinci dəfə pulla almalısan. Qiyməti də 10 manat. Mən hələ yaşayış binasında liftə kart sisteminin tətbiq edilməsinin nə dərəcədə doğru olub-olmadığına toxunmuram. Hərçənd, bu məsələdə də xeyli narazılıq var. Çünki kart sistemi sakinlər üçün müəyyən problemlər yaradır. Tutaq ki, qonağın gəlib – ya o, piyada 11-ci mərtəbəyə qalxmağa məcburdur, ya da ev yiyəsi olaraq özün aşağı düşməlisən. Çünki qonaqda kart yoxdur. Yaxud kart yaddan çıxıb qalıb evdə, vəssalam, gəl indi bu istidə piyada yuxarı qalx”.
Jurnalist Arifə Əliyeva bildirib ki, şirkət bu günlərdə qaraj üçün aylıq ödənişi də artırıb: “Qarajların qiymətini 30 manatdan 50 manata qaldırıblar. Qiymət artımının səbəbini də izah etmirlər. Hələ onu demirəm ki, bu xidmətləri də lazımi səviyyədə deyil. Təsəvvür edin, mən qaraja yaşadığım binadan deyil, yanaşı binadan daxil olmalıyam.
Həyətdə maşın saxlamağa isə ümumiyyətlə yer qoymayıblar. O qədər sıxlıq var ki, maşınını saxlasan sonra onu oradan çıxarmaq müşkülə çevriləcək. Nəzərə almayıblar ki, binada xəstəsi olan, təcili işi çıxan sakinlər ola bilər. Həmin vaxt onlar maşınlarını həyətdən çıxarmaq üçün azı 2-3 saat əlləşməli olacaqlar.
Şəhərciyin ortasında kiçik bir park var idi. İndi oranı da zəbt ediblər. Deyilənə görə, bina tikəcəklər. Allah uzaq eləsin, yanğın olsa, bura yanğınsöndürən maşınlar girə bilməyəcək. Belə başa düşürəm ki, “Kristal Abşeron” tikəndə yalnız hər nə yolla olursa-olsun pul qazanmağı düşünür. Sakinlər necə yaşayacaq, hansı problemlərlə üzləşəcək, onların vecinə deyil. Mətbuatda dəfələrlə yazılıb ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də buradan deputat Ağalar Vəliyevə müraciət edərək deyirəm ki, ay Ağalar müəllim, indi bir qələt edib sizin şirkətdən ev almışıq, niyə bizə yaşamağı haram edirsiniz?!”
reportyor.info