Hakim İlahə Abbasovanın absurd qərarından Məhkəmə Hüquq Şurasına şikayət
10-01-2017, 09:56

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir” Bu sözlər ciddi aforizmlər sırasındadır və ailə institutuna dırnaqarası baxanlara bir ciddi mesajdır…
***
…Respublikamızda son illər boşanma halları artmaqdadır. Bəzən ailədə baş verən adi söz-söhbət tərəflər arasında münasibətlərin pozulmasına və son nəticədə boşanmaya gətirib çıxarır. Elə oxşar səbəbdən ailəsi dağıdılmış G.Cəbrayıllının da Bakı şəhəri Xətai rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən əmlak tələbinə dair mülki iş üzrə məhkəmə prosesi 26.12. 2016-cı il tarixində davam etdirilib. Prosesdə iddiaçı G.Cəbrayıllının vəkili Nüşabə Ağayeva, cavabdeh Mikayılov Bayram Təvəkkül oğlu, onun nümayəndəsi Mehman Paşayev və tərəflərin yaxınları iştirak edib. Hakim İlahə Abbasova prosesi açıq elan etdikdən sonra iclas şahidlərin dindirilməsi ilə başladı.
Şahid qismində ifadə verən Şəbnəm Məcidzadə iddiaçının rəfiqəsi olduğunu bildirdi. Hakimin suallarına cavab verən şahidin dediklərindən məlum oldu ki, o, iddiaçı G.Cəbrayıllı ilə 2013-cü ilin sonlarında tanış olub və o vaxtdan başlanan dostluq münasibətləri bu günədək davam edir. Şahidin sözlərinə görə, o, G.Cəbrayıllı ilə tanış olanda onun Bayram Mikayılov adlı şəxslə nişanlı olduğunu öyrənib. Şahid bildirib ki, rəfiqəsi Mikayılov Bayramla 2015-ci il iyunun 2-də rəsmi ailə həyatı qurduqdan sonra bir müddət xaricdə istirahət ediblər: «İstər nişalı olduqları müddətdə, istərsə də sonrakı dövrdə gənclər arasında xırda umu-küsülər, giley-güzarlar olsa da, bütün bunlar münaqişə həddinə çatdırılmırdı, tez də barışırdılar. Lakin rəfiqəmin hamilə qalması gənc ailədə baş verən xırda problemləri daha da artırdı. Bir gün o, telefonda ağlaya-ağlaya mənə Bayramın belə tezliklə uşaq istəmədiyini, hətta onu döydüyünü dedi».
Vəkillərin iddiaçının cehiz əşyaları ilə bağlı suallarını cavablandıran şahid cehiz üçün qab-qacaq, qızıl və digər əmlakların, eləcə də mebellərin bir hissəsinin «Dəniz» və «Yağmur» mebel mağazalarından G.Cəbrayıllının atası Aydın Cəybrayılov tərəfindən alındığını, bir hissəsinin isə rəfiqəsinin gəlin köçdüyü Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 79 ünvandakı mənzildə yığdırıldığını bildirdi. Eyni zamanda, şahid Ş.Məcidzadə rəfiqəsinə məxsus qızıl əşyalarının sözügedən ünvanda yerləşən seyfdə saxlanıldığını, Gülnarənin uşağı dünyaya gətirəndən sonra həyat yoldaşı ilə arasında yaranan münaqişə nəticəsində ata evinə gedərkən bəzi qızıl əşyalarını, şəxsiyyət vəsiqəsini seyfdən götürmək üçün Bayramdan seyfin açarını istəyərkən, onun açarı vermədiyini, üstəlik də Gülnarəni təhqir etdiyini söyləyib.
«Xonçanı açıb baxmadım ki, görüm, içində ilan var, yoxsa qızıl...»
Şahidin ifadəsindən sonra cavabdehin anası Sıtaraxanım Mikayılova danışdı. O isə iddiaçının gəlin köçdüyü mənzili və içərisindəki bütün əşyaları özünün aldığını bildirdi: «Mənzili də özüm almışım, içərisinin mebellərini də. Qızılları isə oğlum Bayram alıb. Gülnarənin atasının qızı üçün aldığı əşya yalnız o mənzildəki seyfdir».
Hakimin «Bəs, gəlin özü ilə cehiz gətirməyib?» - sualını cavabdehin anası belə cavablandırıb: «Yox, gəlin heç nə gətirməyib, mənzildə nə var, özümündür».
Vəkilin gəlini Gülnarə üçün hansı qızıl əşyaları alıb apardığı ilə bağlı suallara cavab verən cavabdehin anası bütün qızılları oğlunun alıb gətirdiyini, lakin açıb baxmadığını və onları elə bağlı halda qız evinə apardığını söyləyib: «Xonçanı açıb baxmadım ki, görüm, içində ilan var, yoxsa qızıl».
“Aydın Cəbrayılov öz qızı üçün qızıl tacı və bir çox qızıl əşyalarını İstanbuldakı Çarşı Pazardan mənim iştirakım ilə alıb”
Şahid qismində dindirilən Roza Yolçuyeva 2002-ci ildən iddiaçının atasıgillə qonşuluq etdiyini, ailəsi tərəfindən Gülnarəyə alınan qızıl tac və digər zinət əşyalarını iştirak etdiyi «xınayaxdı» və digər tədbirlərdə gördüyünü bildirib. Sualları cavablandıran şahid gəlinin acıq edib ər evindən atası evinə gələrkən ev geyimində olduğunu və üzərində heç bir qızıl əşyası görmədiyini söylədi. Şahid, hətta özünün toy ərəfəsində Gülnarəyə hədiyyə etdiyi paxlava formasında olan qızıl üzüyün də ər evindəki seyfdə qalmasından xəbər tutduğunu məhkəmənin diqqətinə çatdırdı.
***
Özünü iddiaçının atası Aydın Cəbrayılovun dostu kimi təqdim edən şahid Tərlan Əliyev hər ikisi ticarət fəaliyyəti ilə məşğul olduqları üçün onunla birlikdə tez-tez Türkiyədən mal alıb gətirdiklərini dedi. O, ifadəsində bildirdi ki, A.Cəbrayılov öz qızı üçün qızıl tacı və bir çox qızıl əşyalarını İstanbuldakı «Çarşı Pazar»dan onun iştirakı ilə alıb.
Şahid iddiaçının atası A.Cəbrayılovun qızı Gülnarəyə avtomobil almaq məqsədilə ondan 2014-cü ildə borc olaraq 18 min manat aldığını da qeyd etdi.
Bu zaman cavabdeh Bayram Mikayılov yerindən müdaxilə edərək, «Əgər o qədər pulun var idisə, niyə qardaşının yas mərasimində pul yığırdın?» - deməsi cavabsız qalmadı: «Bayram, bu bizim camaatın el adətidir, məsələni qarışdırma, əgər yas mərasiminə yazdırdığın 50 manatın fikrini edirsənsə, poçt vasitəsilə ünvanına göndərərəm, heç narahat olma».
Bayram Mikayılov: «Subay adamam, kiminlə gəzərəm, özüm bilərəm»
İddiaçının atası evində cavabdeh Bayram Mikayılovun vasitəsilə xidmətçi kimi işləyən Ətrabə Məcidova ifadəsində G.Cəbrayıllının cehiz əşyalarının öz ailəsi tərəfindən alınıb gətirildiyinin və ər evində yerləşdirildiyinin şahidi olduğunu bildirdi. Vəkil Nüşabə Ağayevanın cavabdehin qızıl əşyalarının G.Cəbrayıllı tərəfindən ata evinə aparıldığı iddiası ilə bağlı səsləndirdiyi suala cavab verən şahid bunun həqiqətə uyğun olmadığını dedi.
Hakimin ailənin nədən dağılması ilə bağlı sualına şahid cavab olaraq bildirdi ki, o, gənclərin barışması üçün əlindən gələni etməyə çalışsa da, Gülnarənin əvvəlcə acıq edərək ər evindən atası evinə gələndən sonra Bayramın başqa bir xanımla əl-ələ tutub çəkdirdiyi şəkil hər şeyə son qoyub və bundan sonra G.Cəbrayıllı boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu zaman cavabdeh Bayram Mikaylovun gülə-gülə «Əşşi, subay adamam, kiminlə gəzərəm, özüm bilərəm», -deməsi hakimin sərt reaksiyası ilə qarşılandı… Ardınca cavabdehin anasının «Mən oğlumla fəxr edirəm», -kimi replikası da proses iştirakçılarının diqqətindən qaçmadı.
«Canlı bomba» partlamadı…
İddiaçı tərəfin şahidlərinin ifadəsindən sonra növbə cavabdeh tərəfin şahidlərinə çatdı. Cavabdeh Bayram Mikayılov bir azdan «canlı bomba»nın partlayacaği xəbədarlığı ilə sürücüsü Əli Bayramovun şahid kimi dindirilməsini tələb etdi. Lakin iddiaçı tərəfin vəkili etiraz edərək, Ə.Bayramovun artıq əvvəlki məhkəmə iclaslarında iştrak etdiyini bildirdi. Bu səbəbdən də cavabdehin tələbi qəbul olunmadı və məhkəmə prosesi digər şahidlərin dindirilməsi ilə davam etdirildi.
Şahid qismində dindirilən Rahil Abdulov ifadəsində mebel ustası olduğunu və cavabdeh Bayram Mikayılovu onun birlikdə işlədiyi əmisi oğlu Mikayılov Taleh vasitəsilə tanıdığını bildirdi. R.Abdulovun sözlərinə görə, o, bu tanışlıqdan sonra cavabdehin sifarişi ilə onun evində 2014-cü il iyulun 12-də mətbəx mebeli, avqustun 23-də şkaf və 2016-cı ilin yanvarında isə blokda əlavə şkaf yığıb.
Şahid Əfəndiyeva Nəzakət cavabdeh Bayram Mikayılovla 2005-ci ildən «Meridian» restoranında birlikdə işlədiklərini və 2013-cü ildən isə onun evinin təmizlik işlərinə nəzarət etdiyini, mənzillərdə təmizlik işləri aprılarkən heç bir qızıl əşyasına rast gəlmədiyini bildirdi. Vaxtilə mebel mağazalarında işlədiyini deyən şahid vurğuladı ki, məhz bu səbəbdən Mikayılov Bayramın xahişi ilə onun mənzilinə mebellərin alınmasında yardımçı olub. N.Əfəndiyeva ifadəsində məsələlərə tez-tez subyektiv münasibət bildirdiyi üçün hakim dəfələrlə ona düz danışmağını irad tutaraq ona məhkəmədə şahid qismində iştirak etdiyini xatırlatdı.
Şahid N.Əfəndiyeva ifadəsinin əvvəlində nişan və toy məclisinin birbaşa təşkilatçısı olduğunu, gəlinə aid qızıl əşyalarının, bahalı paltarların məhz Mikayılov Bayram tərəfindən alındığını iddia etsə də, vəkil Nüşabə Ağayevanın ona ünvanladığı sualları konkret cavablandıra bilmədi və yalanları üzə çıxdı. Bunların hamısı hakim İlahə Abbasovanın diqqətindən yayınmadı. Çünki bəzi yalançı şahidlərin sözlərindən belə çıxırdı ki, gəlin, ümumiyyətlə, ər evinə heç nə aparmayıb, bütün cehiz əşyalarını oğlan, yəni Bayram Mikayılov özü alıb. Bu necə ağlabatandır? Özü də milli el adətlərimizin qorunub saxlanmasını özündə daşıyan, iddiaçının təmsil olunduğu Laçın kimi bir rayonda…
***
Şahid Eynullayeva Bahar ifadəsində cavabdehin evində Əfəndiyeva Nəzakətin vasitəsilə az müddətdə xidmətçi kimi işlədiyini və ailənin daxili işlərinə qarışmadığını dedi.
Seyf açıldı, amma «lələ köçmüş və yurdu qalmışdı...»
Şahidlərin ifadəsindən sonra hakim İlahə Abbasova Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 79-dakı seyfə baxış keçiriləcəyini elan etdi.
Maraqlıdır ki, hakim özü də bilməli idi ki, əgər ailənin qızıl və zinət əşyalarının, pullarının, digər qiymətli nələri varsa, hamısının saxlanıldığı seyfin açarı Bayram Mikayılovdadırsa və o, məhkəmə iclasında belə o iddia ilə çıxır edirsə ki, evindəki bütün əşyalar-mebel və s. Onun özü tərəfindən alınmışdır, deməli, seyfin içində artıq heç nə qala bilməzdi… Və sonradan məlum oldu ki, belədir. Məsələn, məhkəmədən aldığımız məlumata görə, həmin gün hakimin, məhkəmə icraçılarının, vəkillərin, iddiaçı və cavabdeh tərəfin iştirakı ilə sözügedən ünvandakı seyfin qapısı sındırıldıqdan sonra onun boş olduğu müəyyən olunub.
Xatırladaq ki, iddiaçı G.Cəbrayıllı əmlak tələbi barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edib. İddia ərizəsindən məlum olur ki, o, cavabdeh, hazırda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışan Mikayılov Bayram Təvəkkül oğlu ilə 2 iyun 2015-ci ildə rəsmi ailə həyatı qurub. Birgə nikahdan 20.04.2016-cı il tarixdə Mikayılov Raul Bayram oğlu anadan olub. İddiaçı bildirir ki, ona verilmiş cehiz, qab-qacaq, qızıl və digər əmlakları cavabdeh Mikayılov Bayram Təvəkkül oğlunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41, mənzil 79 ünvanda qalıb və məhkəmə həmin əmlakların ona qaytarılması barədə məhkəmə aktı qəbul etsin…
Şahidi doğru danışmağa dəvət edən hakimdən doğru olmayan-qanunsuz qərar…
Və bu əmlaklarının cavabdehdən alınaraq ona qaytarılmasını istəyən Cəbrayıllı Gülnarə Aydın qızı eyni zamanda məhkəmədən iddia tələblərini artıraraq cavabdeh Mikayılov Bayram Təvəkkül oğlundan «Hyundai Elantra» minik markalı 90 UK 088 dövlət nişanlı avtomobilin alınması ücün iddiaçı tərəfindən cavabdehə verilmiş 18 min manat pulun da alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. Amma hakim İlahə Abbasova bəlkə də məhkəmə tarixində olmayan əsassız və absurd qərar çıxarmışdır.
Qısaca olaraq deyək ki, hakim İlahə Abbasova məhkəmədə cavabdehin şahidlərinin göz görə-görə yalan danışdığını görərək onlara doğru danışmağı, həqiqəti söyləməyi, ədalətli olmağı tövsiyyə etsə də, sonda özü ədalətsiz və absurd qərara imza atır. Söhbət hakimin gəlinin ər evinə apardığı cehiz əşyalarının guya ərin özünə, yəni Bayram Mikayılova məxsus olması barədə çıxardığı qərarından gedir.
Hakim İlahə Abbasovanın ədalətsiz və absurd qərarından həm də Məhkəmə Hüquq Şurasına şikayət olundu…
Beləliklə, hakim İlahə Abbasovanın qəbul etdiyi qərardan belə çıxır ki, ümumiyyətlə, Azərbaycanda gəlin ər evinə cehiz aparmır, hamısını ər özü alır. Doğrudanmı bu belədir? Hesab edirik ki, hakimin bu qərarı Azərbaycanda pis nümunə olaraq peresedent yarada bilər… Axı Azərbaycanın özünün mili toy adətləri vardır və digər xalqların da adətlərində də vardır ki, gəlin bəy evinə ən azı sadə yaşayış minimumu təmin edən cer-cehiz aparır, ən çoxu isə imkanına uyğun ən bahalı, dəbdəbəli cehiz əşyaları… Azərbaycan xalqının tarixi ənənələrinə və adətlərinə həsr olunmuş dastanlarda və qədim yazılı ədəbiyyat nümunələrində də göstərilir ki, toy mərasimlərində gəlin bəy evinə cehiz aparır. Bu adət indii də yaşadılır və hər halda ifrat olan məqamları çıxsaq, bu o deməkdir ki, ailənin-bu kiçik dövlətin təməli onun məişət büdcəsi və əmlakı ilə təşəkkül tapır. Elə isə, necə ola bilər ki, Laçın kimi bir mili adət-ənələri yaşadan, kifayət qədər maddi imkanı olan bir ailə qız evi olaraq özünə cehiz almasın? Halbuki «Təzadlar»a təqdim olunmuş rəsmi bank və digər sənədlər yuxarıda deyilənlərin təsdiqidir…
Hakimin Saatlı rayon Məşğulluq Mərkəzi direktorunun məhkəmə qalmaqalına dair çıxardığı qərarından belə alınır ki, Azərbaycanda gəlin deyil, bəy ər evinə cehiz alıb aparır…
Elə yekun olaraq qız atası, təmkinini sonadək qoyruyub saxlayan Aydın Cəbrayılovun məhkəmə qərarına münasibətini soruşduq. O, belə söylədi:
-Ədalətsiz qərarın başqa adı varmı? Hakim özü də xanımdır və yəqinki ailə həyatı quranda ər evinə cehiz aparıb… Yox, əksinə olubsa, başqa heç nə deyə bilmərəm… Məhkəmə iclasında da hakim İlahə Abbasovaya təqdim etdiyim sənədlər içərisində ikisinə xüsusi olaraq toxunmaq istərdim. Bunlardan biri mənə məxsus «Qızıl pul kartı»mın kürəkənim Bayram Mikayılovda olduğu müddət ərzində onun tərəfindən xərclənmiş 20 min evro pulun bankdan verilmiş çıxarışıdır, ikincisi isə İstambulda toy ərəfəsində həm bəy üçün, həm də gəlin üçün alınmış və hər birinin dəyəri 25 min dollar (cəmi 50 min dollar) olan qızıl taca, digəri isə gəlin üçün qızıl sinəbəndinə aid sənədlərdir ki, onun da qiyməti ən azı 8-10 min dollar idi. Bunları sübut etmək üçün həmin vaxt İstambulda, sonralar evdə çəkilmiş fotoşəkillər, həmin qiymətli əşyaların alındığı İstambul mağazasından verilmiş qaimə sənədi və s. vardır. Əgər hakim İlahə Abbasova hesab edibsə ki, yuxarıda qeyd olunan, məhkəmədə şahid ifadələri və rəsmi sənədlərlə təsdiqini tapmış bütün bu əmlaklar Bayram Mikayılova məxsus olub, bunları onun hakim vicdanına buraxıram… Mən bir ay ərzində Parisi gəzməsi üçün vaxtilə adi bir «moyka»da işləmiş Baram Mikayılovun sərəncamına 20 min evro pulumu verə bilirəmsə, doğrudanmı mənim qızıma hansısa cehiz əşya almağa imkanım olmayıb? Və hakim ədalətin təmin olunmasını istəyirdisə, bizi həmin cehiz alınmış mağazalara aparıb tanıtma edə bilərdi. Hətta razıyam ki, yol xərci mənim üzərimdə, hakimin bir nümayəndəsi mənimlə birlikdə İstambula getsin və orada qızıl tac alınmış mağazada Bayram da daxil, 5-6 alıcını tanıtmaya təqdim etsin. Əgər orada Bayramı tanıyan olsa ki, bəli, bu mağazadan 50 min dollara bu tacları və sinəbəndləri alıb, mən bütün məhkəmə iddialarımdan imtina edib hakimdən üzr istəyəcəyəm… Əks halda, hakim İlahə Abbasova bu ədalətsiz məhkəmə qərarı ləkəsini yumalıdır, hansı ki, belə absurd qərarına görə məsuliyyət daşıyır… Çünki mən artıq bu qərardan apellyasiya şikayəti verməkdən başqa, həm də hakimin cəzalandırılması üçün Məhkəmə Hüquq Şurasına şikayət vermişəm. İnanıram ki, Xətai rayon Məhkəməsində baş verən belə absurd qərar oyunbazlığına aydınlıq gətiriləcək…
Mövzuya mütləq qayıdılacaq. \\tezadlar.az\\