Dəmiryolu sistemindəki “otkat” əməliyyatları cəmiyyətə niyə açıqlanmır? – TƏHLİL

12-01-2017, 01:13           

Arif Əsgərovun oğlu haqqında səsləndirilən iddialar şərh olunacaqmı?

Fazil Mustafa: “Bu barədə “Azərbaycan Dəmir Yolları” mütləq mətbuata açıqlama verməlidir”

Nazim Bəydəmirli: “Azərbaycanda məmurların dövlət sifarişlərini öz ailə üzvlərinin adına olan şirkətlərə həvalə etməsi ənənəyə çevrilib”

Yanvarın 9-da LEGİON-da “Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir?” başlıqlı yazı dərc olunmuşdu.


Həmin yazıda “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin müdiri, hazırda həbsdə olan Rahib Hüseynovun (habelə, həbsdə olan digər qardaş Emin Hüseynovun) vəkili Sevil Hacıyevanın müsahibəsinə toxunulmuşdu.

Qeyd edək ki, Həmin müsahibədə vəkil müdafiə etdiyi Rahib Hüseynov və Emin Hüseynov qardaşlarının ötən ilin noyabrında Qoşqar Tofiq oğlu Zeynalovun (DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu – red.) şikayəti əsasında həbs olunmasından və istintaq prosesindən danışmış, nəqliyyat nazirinin müavini Arif Əsgərov və ailəsi haqqında sensasion açıqlamalar dilə gətirmişdi.


S.Hacıyeva müsahibəsində sözügedən “dələduzluq” ittihamının tarixçəsinə diqqət çəkmişdi: “Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb. 2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalov da onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər.

O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür.


Əslində, bu pul məsələsi Arif Əsgərov, onun həyat yoldaşı Balaxatın Əsgərova və oğlu Elnar Əsgərovun dəmiryolu sistemində həyata keçirdikləri maxinasiyalardan, “otkat” əməliyyatlarından başlayır.

Onlar müxtəlif şirkətlər açaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə şişirdilmiş qiymətlərlə müxtəlif mallar satırdılar. Mal almaq üçün maya lazım olduqda isə müxtəlif şəxslərdən faizlə borc istəyir, yüksək gəlir vəd edir, pul almağa isə Rahib və Emini göndərirdilər. Rahib Hüseynov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri idi. O, Arif Əsgərovun və ailəsinin tapşırıqlarını yerinə yetirirdi. Müxtəlif şəxslərdən aldığı pulları isə aparıb Elnar Əsgərova vermişdi.

Bu və digər nüanslarla bağlı xeyli faktlar var. Hələ 2013-cü ildə də ölkə mətbuatı dəmiryolundakı maxinasiyalardan yazmışdı. Nədənsə, Arif Əsgərov və ailəsi məsuliyyətə cəlb olunmadı. O vaxt olduğu kimi, indi də Rahib və Emin Hüseynovu qabağa verirlər. Sanki özlərinin bu işlərdən heç xəbəri olmayıb. Halbuki, bütün oyunların başında Arif, Balaxatın və Elnar Əsgərovlar üçlüyü durur. Elnar Əsgərovun açdığı şirkətlərə aid müqavilələrin bəzi sənədlərini də sizin redaksiyanıza, habelə istintaqa təqdim etmişəm. Elnar Əsgərovun mənə məlum olan şirkətləri bunlardır: “Apollon”, “Sigma” və “Liman Group”. Araşdırma başlansa, çox faktlar üzə çıxacaq”.


Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən açıqlama ala bilmədikdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirovaya müraciət etdik və ondan sözügedən şirkətlərin QSC ilə alqı-satqı münasibətlərinə dair məlumatları LEGİON-la bölüşməyi xahiş etmişdik.


Yanvarın 11-də S.Qədirova ilə yenidən əlaqə saxladıq, o isə bildirdi ki, yaxın günlərdə məsələ ilə bağlı araşdırma aparılacaq və LEGİON-un sorğusuna cavab veriləcək.


Bu vəziyyəti LEGİON-a şərh edən millət vəkili, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirdi ki, bu cür məlumatlar mətbuatda müzakirə olunursa, aidiyyatı olan qurumlar mütləq reaksiya verməlidirlər. “Əlbəttə, bu və digər dövlət qurumlarında məmurların öz qohumları və ya yaxın adamlarının adına şirkət açaraq, müxtəlif maxinasiyalara əl atması halları geniş yayılıb.

Bu cür məlumatlar Azərbaycanda artıq kimsəni heyrətləndirmir. Lakin konkret olaraq, hansısa məmurla və ya qurumla bağlı bu cür məlumatlar və iddialar yayıldıqda, mütləq münasibət bildirilməli, aydınlıq gətirilməlidir. Söhbət korrupsiya faktlarından gedirsə, qanunlarımız yayılan məlumatların araşdırılmasını, cəmiyyətə məlumat verilməsini tələb edir”.

Onun sözlərinə görə, ümumiyyətlə, hansısa vəzifəyə yeni təyin olunan məmurun özündən əvvəlki məmurlarla bağlı araşdırma aparıb məlumatlar yaymasına yaxşı baxılmır: “Ona görə də, bəzən mətbuat bu qurumlardan köhnə rəhbərliklə bağlı olsa belə, yetərincə məlumat ala bilmir”.

Sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli də hesab edir ki, Azərbaycanda dövlət qurumlarının əksəriyyətində məmurların dövlət sifarişlərini öz ailə üzvlərinin adına olan şirkətlərə həvalə etməsi ənənəyə çevrilib: “Şərhimi sırf bir şəxsin üzərində qurmaq istəmirəm. Bir çox məmur və onların qohumları bu işlərlə məşğuldur, dövlət sifarişlərini tendersiz əldə edərək, dövlət vəsaitini mənimsəyirlər”. O qeyd edib ki, adətən, yeni vəzifəyə keçən məmurlarla öz sələfləri arasında razılaşma olur: “Müxtəlif rayonlarda, idarələrdə yeni təyin olunan rəhbərlik sabiq rəhbərliyin fəaliyyətini yoxlayır. Hətta Hesablama Palatasının səthi də olsa məlumatları da yayılır. Lakin bu və digər hallarla bağlı ictimaiyyətə geniş məlumat verilmir, əksər hallarda cinayət işi açılmır”.

Burdan bir sıra suallar yaranır. Görəsən, 2016-cı il oktyabrın 13-də dəmiryolu sistemində mövcud olmuş “yeyinti”lərdən söz açan, lakin sonradan bu barədə mətbuata geniş açıqlama verməkdən boyun qaçıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və onun komandası öz məsum sükutunu daha nə qədər qoruyacaq?

Ümid edirik ki, yaxın günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-dən Elnar Əsgərova aid olduğu iddia edilən şirkətlərlə bağlı geniş məlumat ala biləcəyik...

Sözardı: Vəkil Sevil Hacıyevanın iddialarına hüquq mühafizə orqanlarının göstərdiyi sükutdan isə belə qənaətə gəlmək olar ki, məmur övladları bir-birinə milyonlarla dollar yox, “ştuçnı” siqaret borc veriblər...

Rüfət Əhmədzadə

LEGİON

Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir? – ARAŞDIRMA+AUDİO
Cavid Qurbanov “seryoznı” səhv buraxanları necə cəzalandırır? – NÜANSLAR
Mətbuat katibi: “Cavid Qurbanovu “seryoznı” qəbul etməyin”
Cavid Qurbanovun “hücum” planı iflasa uğradı? VİDEO
Cavid Qurbanov “yeyinti”lərlə bağlı tədbir görmək istəmir? – ABSURD

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.