Ağstafa sakini “Azərişıq”dan şikayətçidir
12-01-2017, 14:03

Ağstafa rayonu, Xətai kənd sakini Vəliyev Nadir Mədəd oğlu redaksiyamıza gələrək “Azərişıq”dan şikayətlənib. Onun sözlərinə görə, artıq iki ildir ki, işıqsız qalıb. Səbəb isə elektrik enerjisinin verilməsi üçün quraşdırılacaq sayğac üçün aidiyyəti qurumların ondan pul tələb etməsi olub:
“Xətai kəndində təzə tikilmiş evimə elektrik xəttinin çəkilməsi ilə bağlı 26.10. 2015-ci il tarixli ərizə ilə Ağstafa Rayon Elektrik Şəbəkəsinə müraciət etdim. Sənədlərim texniki şərt hazırlanması və sayğac ayrılması üçün rayon işıq idarəsi tərəfindən Bakı şəhərinə, ”Azərişıq" ASC-yə göndərildi. 23.11 2015-ci il tarixdə sənədlər sayğacla birlikdə Ağstafa Rayon Elektrik Şəbəkəsinə qaytarıldı.
Ağstafa Rayon Elektrik Şəbəkəsindən isə mənə bildirdilər ki, işığın verilməsi üçün 240 manat ödəməliyəm. Mən elektrik enerjisindən istifadə qaydalarının 7.9 bəndinə istinad edərək bu pulun ödənilməsindən imtina etdim.
20.11.2016-cı il tarixdə yenidən işığın verilməsi ilə bağlı rayon elektrik şəbəkəsinin rəisinə müraciət etdim. Rəis qətiyyətlə bildirdi ki, biz bu məbləği “Azərişıq” ASC-nin sədr müavini cənab Ziyəddin Quliyevin bizə göndərdiyi texniki şərt və smeta əsasında toplayırıq. Tələb olunan pulu ödəməyincə sənə işıq verməyə ixtiyarımız yoxdur.
Mən texniki şərtin və smetanın surətlərini alıb oxuyandan sonra bu qənaətə gəldim ki, bu cür nüfuzlu təşkilatın rəhbər vəzifəli şəxsi bu savadsız hazırlanmış qeyri-ciddi sənədə imza ata bilməz, möhür də, imza da saxtalaşdırılıb. Texniki şərtin bir tərəfində elektrik enerjisindən istifadə qaydalarının 7.9-cu bəndini əsas gətirərək istehlakçıların sayğaclarla təchiz edilməsi və onların quraşdırılmasının “Azərişıq” ASC-nin hesabına həyata keçirildiyi bildirilsə də, digər tərəfində müasir texnologiya və dünya standartları sözləri işlədilməklə istehlakçıların hesabına quraşdırılması tələb olunur.
Mənim bütün standartlara uyğun- diametri 250 mm, hündürlüyü 8 m, başında izolyator quraşdırılmış dirəyimlə sonuncu qonşu abonentin dirəyinin arası cəmi 22 metrdir. Özümün standartlara uyğun 70 metr uzunluğunda kabelim var. Bunu bir neçə dəqiqənin ərzində quraşdırmaq əvəzinə məndən yaşıma və büdcəmə uyğun olmayan pul tələb edirlər".
Şikayətçinin sözlərinə görə, məsələnin yaxından araşdırılması və sayğacın quraşdırılmasına göstəriş verilməsi ilə bağlı “Azərişıq” ASC-nin sədri B.Rzayevə və digər aidiyyəti qurumlara müraciət etsə də hələ ki bir nəticə yoxdur.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq iki ildir ki, bu cür məsələlərlə bağlı bütün səlahiyyətlər “ASAN xidmət”ə verilib: “Abonent bütün sənədlərini ”ASAN xidmət"ə təqdim edir və oradan texniki arayış alır, daha sonra bizim əməkdaşlarımız sayğacı quraşdırır. Ola bilər ki, orda abonentin özünə aid olan məsələlər var, məsələn, evinin yanında yarımstansiya, yaxud transformator məntəqəsi varmı, elektrik enerjisi haradan çəkiləcək, dayaq lazımdırmı və sairə məsələlər üçün baxış keçirilməlidir. Ola bilər ki, şikayətçinin dediyi 240 manat həmin materialların və ya sayğacın haqqıdır tələb edilir. Bunu araşdırmadan dəqiq bir söz demək mümkün deyil. Bir daha qeyd edirəm ki, abonent şikayəti ilə bağlı “Azərişıq” ASC-yə və ya “ASAN xidmət”ə müraciət etməlidir".