Zəvvarları aldadan şəxsin QMİ ilə əlaqəsi var? –ARAŞDIRMA
13-01-2017, 00:23

Abşeron RPİ-də Bəxtiyar Gülbalayevi tapa bilmirlər?
Şahin Həsənli: “Bu cür fırıldaqçılar barədə mənə də şikayətlər gəlir”
Bu günlərdə LEGİON-a müraciət edən Abşeron rayonu, Xırdalan şəhər sakini Vasif Kamil oğlu İskəndərov bildirib ki, sosial şəbəkələrdə “Abuali Gülbalayev” və ya “Bəxtiyar Gülbalayev” adlı profillərlə təbliğat aparan Bəxtiyar adlı şəxs tərəfindən aldadılıb.
“Bu şəxs mənimlə birlikdə 52 nəfəri aldadıb incitdi. O, Xırdalanda yaşayır, amma dəqiq ünvanını bilmirəm. O, avtobusla müxtəlif insanları Kərbəla ziyarətinə aparmaqla məşğul olduğunu deyir, bu mövzuda müxtəlif paylaşımlar edirdi. Ötən ilin oktyabr ayında onunla əlaqə saxladım, Xırdalanda, 120 saylı maşrutun son dayacağında görüşdük. Məndən özüm və həyat yoldaşım üçün birlikdə 640 manat pul aldı və heç bir müqavilə bağlamadan, qəbz təqdim etmədən söz verdi ki, təşkil etdiyi turda mənim və həyat yoldaşımın Kərbəlaya avtobusda aparılması, orda qalması və digər bütün xərclər o 640 manata daxil olacaq
Biz ümumilikdə 52 nəfərlik zəvvar heyətiylə birlikdə oktyabrın 10-da “Sədərək” ticarət mərkəzinin yaxınlığından yola düşdük. Avtobus Gürcüstan nömrəsiylə idi, dəqiq xatırlamıram, amma sürücünün adı Boris idi. Biz yola İraqa çatandan sonra problemlər başladı. Bəxtiyar gecələmə məsələsində öz vədlərinə xilaf çıxdı və biz qadınların da qalması üçün özümüz yer axtarmalı olduq. Nəcəfdə də, Kərbəlada da eyni hal müşahidə olundu. Bəxtiyar heç bir koordinasiya işi görmədi, hamımız başlı-başına qalmışdıq. Orda özümüz birtəhər qalmağa yer tapdıq.
Bəxtiyarı tapıb ona etirazımı bildirdim, o isə məni bıçaqlamaqla hədələdi. Yola düşəndə isə Boris ondan yanacaq üçün pul istədi, Bəxtiyar dedi məndə pul yoxdur. Yanacaq və sərhəddən keçmək üçün ümumilikdə 2200 manat yığıb sürücüyə verdik.
İran Astarasından keçəndə isə Bəxtiyar bizi avtobusdan düşürtdü və sürücüyə dedi ki, sən get, zəvvarlar bundan sonra özləri gedəcəklər. Sərhədi keçəndə biz sürücünün getdiyini öyrəndik. Bəxtiyar isə İran Astarasında yoxa çıxmışdı. Qadınlar, yaşlı adamlar var idi ki, artıq pulları qalmamışdı. Mən özüm 60 manat pul verərək, 3 taksi tutdum və sürücüyə zəng edərək, ondan bizi gözləməsini xahiş etdim. Masallının girişində sürücüyə çatdıq və avtobusa oturub qayıtdıq. Bizi incidən Bəxtiyar Gülbalayevi isə bir daha görə bilmədim”,- deyə V.İskəndərov vurğuladı.
V.İskəndərov qeyd etdi ki, məsələ ilə bağlı Abşeron RPİ-yə ərizə ilə müraciət edib: “Hazırda Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır”. Yanvarın 12-də biz məsələ ilə bağlı araşdırmanı davam etdirmək qərarına gəldik. Abşeron RPİ-nin təhqiqat şöbəsindən LEGİON-a bildirdilər ki, Bəxtiyar Gülbalayevin mobil nömrələri söndürülüb, onunla bağlı məlumatları əldə etmək üçün, müvafiq operatora sorğu göndərilib.
Araşdırma apararkən, mənbələrdən məlumat əldə etdik ki, B.Gülbalayev hazırda Səudiyyə Ərəbistanında, “Ümrə” ziyarətindədir. Hətta mənbələr sözügedən şəxsin Qafqaz Müsəlmanları İdarəsində müəyyən əlaqələri olduğunu da bildirdilər. Biz bu məlumatı dəqiqləşdirmək üçün, Qafqaz Müsəlmanları İdarəsinə zəng etdik.
QMİ-də yönləndirildiyimiz nömrədə özünü “bu işlərlə məşğul olan” şəxs kimi təqdim edən Ramil adlı əməkdaş (soyadını bildirmədi – red.) bildirdi ki, Bəxtiyar Gülbalayev adlı şəxsi tanımır: “Belə bir şəxs bizdə olmayıb. Hazırda “Ümrə”də adamımız yoxdur. Ümumiyyətlə, belə bir şəxs hətta zəvvar kimi də müraciət etməyib. Həcc və “Ümrə” ziyarətlərində iştirak etmək istəyən şəxslər sənədlərini bizə təqdim edirlər”.
QMİ sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də sözügedən şəxsi tanımadığını bildirdi: “Yəqin ki, fərdi olaraq səfərlər təşkil edən şəxslərdəndir, amma mən tanımıram. Həcc və ümrə ziyarətləri birbaşa QMİ-nin nəzarətindədir və bu səfərlərin təşkilində hər şey qanuna və qaydalara uyğun həyata keçirilir”.
O, Kərbəla və Məşhəd ziyarətlərinə səfərlər təşkil edən bəzi şəxslərin fırıldağa yol verməsi, öz öhdəliklərini yerinə yetirməməsi kimi hallar barədə məlumatlı olduğunu bildirdi. “Bəzi şirkətlər və ya ayrı-ayrı şəxslər insanları toplayıb ziyarətə aparırlar. Amma sonradan bir sıra problemlər ortaya çıxır. Mənə vaxtaşırı bu mövzuda şikayətlər olur.
Təkcə pul məsələsində yox, can təhlükəsizliyi baxımından da, diqqətli olmağa ehtiyac var. Təşkilatçılar zəvvarlarla müqavilə bağlamalı, gedib-gələnə qədər onlara nəzarət etməli, cavabdehlik daşımalıdır. Lakin təəssüf ki, bu istiqamətdə qeyri-peşəkar və fırıldaqçı xarakterli insanlara rast gəlinir. Ona görə də, mən inanclı insanlara tövsiyə edərdim ki, uzun illər bu işlə məşğul olan, sınanılmış turizm şirkətləriylə əməkdaşlıq etsinlər”, - deyə Ş.Həsənli vurğuladı.