Ölümlə təhdid olunan xanım DİN başçısından kömək gözləyir – MÜRACİƏT
14-01-2017, 00:04

Yanvarın 13-də LEGİON-da “Bacılar təhdid olunur, polis isə biganəlik göstərir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə şikayət edən, lakin biganəliklə üzləşən Afina və Tünzalə Musayeva bacılarının problemi işıqlandırılmışdı. A.Musayeva məsələ ilə bağlı DİN başçısı, polis general-polkovniki Ramil Usubova müraciət edib.
Müraciətin mətnini oxuculara təqdim edirik:
“Cənab Nazir!
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə etdiyim şikayətlər və yazdığım ərizələrə biganə yanaşılır, məni az qala hər gün təhdid və təhqir edən Kənan Babayev adlı şəxslə bağlı tədbir görülmür.
Bildirirəm ki, bir neçə il əvvəl Buzovnada yaşayan, tanış olduğum, evli olmasını öyrəndikdə isə ayrılmağa qərar verdiyim Kənan Babayev adlı şəxs məni uzun müddətdir rahat buraxmır, gah ölümlə, gah üzümə turşu töküb yandırmaqla, gah da qaçırmaqla hədələyir. Onun qorxusundan evdən hətta marketə çıxa bilmirəm. Kənan Babayev öz qohumuna evlidir, bir oğlu da var. Onun təzyiq və təhdidləri barədə anasına məlumat vermişəm, amma onun ailəsi heç nə etmək istəmir.
Mənim yanımda nə atam, nə qardaşım var. Bir bacımla yaşayıram, ikimiz də Kənan Babayevin təhdid və təhqirləri qarşısında müdafiəsiz qalmışıq. 2017-ci il 8 yanvar tarixində binamızın həyətinə gəlib təhdidlər sovuran K.Babayev təhqiqatçı Seyid tərəfindən bölməyə aparılsa da (102-yə zəngimdən sonra), izahat alınıb buraxıldı. Lakin həmin gün və növbəti gün təhdidlər davam etdi. O, həbsdən çıxan qardaşı Səbuhi vasitəsilə məni öldürtdürəcəyini deyir.
Kənan Babayev polisdən və dövlətdən qorxmadığını deyir, hətta Prezidentin ünvanına xoşagəlməz sözlər işlədib. 102-yə 2-ci zəngdən sonra isə 9 yanvarda Səfalı adlı təhqiqatçı gəlib 2-ci dəfə məndən ərizə aldı. Mən Kənan Babayevin təhdidləri yer alan səs yazılarını 16-cı polis bölməsinin təhqiqatçıları Seyid və Səfalıya da göndərmişəm. Səfalı mənə dedi ki, daha 102-yə zəng etməyin, Kənan sizi narahat etməyəcək. Lakin Kənan Babayev hər gün məni təhqir və təhdid edir, zəng və SMS-ləri dayandırmır.
Yanvarın 12-dən 13-nə keçən gecə səhərə qədər evimizin qarşısında gəzişib. Qeyd edim ki, bu günə qədər sahə inspektoru Münasib Əliyevi heç cür tapa bilmirdik. Yalnız məsələ ilə bağlı mətbuata müraciət etdikdən sonra, Münasib Əliyev yanvarın 13-də mənə zəng etdi və “başqa yerlərə şikayət etdiyimə görə” məni qınamağa başladı. Mən onu heç cür tapa bilmədiyimi, Kənanın isə təhdidlərə son vermədiyini dedikdə, sahə inspektoru Münasib Əliyev isə bildirdi ki, guya Kənan Babayev Qubadadır, Bakıya gələndə ifadəsini alacaq. Halbuki, Kənan Babayev ötən gecə səhərə qədər bizim binanın qarşısında olub. Onun əlindən çölə çıxa bilmirəm.
Sizdən xahiş edirəm, mənə kömək edin. İnanıram ki, Siz bu məsələni nəzarətə götürsəniz, problem tezliklə həllini tapacaq.
Hörmətlə, Afina Rəşid qızı Musayeva”.
Qafqaznews.az