Sahibkarlara sırıdılan “amerikanski” toxumların əsl mənşəyi məlum oldu – ARAŞDIRMA/VİDEO
16-01-2017, 00:08

Dövlət Fitosanitar Xidməti Nəzarəti “Azərtoxum”un 2016-cı ildə gətirdiyi 20 ton toxumluq qarğıdalının Gürcüstan mənşəli olduğunu bildirib
Bu günlərdə sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC ilə bağlı şikayəti mətbuatda rezonans doğurdu. Qafqaz Xəbər Agentliyinin araşdırmalarından sonra, bəzi ziddiyyətli məqamlar ortaya çıxmış və “Azərtoxum” MMC direktoru Məzahir Qasımovun sahibkara “Amerika toxumu” kimi təqdim etdiyi toxumluq qarğıdalının mənşəyi barədə suallar yaranmışdı. Belə ki, Məzahir Qasımovun “mənim müdirim” dediyi Zeynal Əliyev (o isə özünü əməkdaşımıza“Azəryem”in rəhbəri kimi təqdim edib – red.) mübahisə mövzusu olan qarğıdalı toxumlarının İsveçrədən gətirildiyini bildirmişdi.
Yanvarın 11-də ““Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir?” başlıqlı yazıda bu və digər məqamlara geniş yer verilib. Qeyd edək ki, yanvarın 9-da Qafqaznews.az-da sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC-nin ünvanına səsləndirdiyi ittihamlar araşdırılmışdı. Belə ki, A.Süleymanovun sözlərinə görə, “Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib. A.Süleymanov qeyd edib ki, “Azərtoxum” nümayəndələri 100 ton qarğıdalını özləri aparıblar, ona isə 11 ton 700 kiloqram zay məhsul çatıb. Onun ittiham etdiyi şəxslər Məzahir Qasımov və Zeynal Əliyev isə bildirmişdilər ki, günah A.Süleymanovun özündə olub. Məzahir Qasımovla yanvarın 9-da olan telefon söhbətini oxucuların diqqətinə çatdırırıq: “Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı. “Məzahir müəllim, mən hələ sual verməmişəm axı… “Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi.
“Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi. “Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq.
“Ayə, qurtarın qardaş” deyən” Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı. Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb.
“Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə… Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq.
Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq. Xatırladaq ki, Z.Əliyev özünün “Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi “Azəryem” vasitəsilə İsveçrədən “Pioneer” toxumları gətirdiyini demişdi.
Yanvarın 11-də A.Süleymanov əməkdaşımıza bildirdi ki, Məzahir Qasımovun “amerikanski toxum” deyə təqdim etdiyi toxum kisələrinin üzərində “Adana, Türkiyə” yazılması onu heyrətləndirir: “Zeynal Əliyevin dediyi “İsveçrədən gətirilir” cavabı isə daha artıq heyrətə səbəb olur. Digər tərəfdən, anlamaq olmur, “Azərtoxum” mənə verdiyi arayışda 45 min manat xərc göstəribsə, Məzahir Qasımovun “70 min ziyana düşmüşük” cavabı nə ilə əsaslandırılır?
Bir hektara 20-25 kq toxumluq qarğıdalı lazım olur. Onların gömrükdən keçirdiyi “amerikanski” toxumların miqdarı ilə bizə “sırıdılan” toxumların miqdarını müqayisə etsək, çox ziddiyyətlər aşkar olunar”. A.Süleymanov qeyd etdi ki, bazar iqtisadiyyatı olan bütün ölkələrdə hansısa şirkətdən toxumu alıb sahibkarlara satan şirkətlər şikayətləri qeydə alır, “birinci əl” olan şirkətə təqdim edir və izahat tələb edirlər: “Lakin “Azərtoxum”un sahibkarlara “sırıdığı” toxumlar o qədər əldən keçir ki, özləri də bilmir ki, keyfiyyətsiz toxuma görə, kim məsuliyyət daşıyır. Ya da bilirlər, sadəcə məsuliyyət daşımaq onlara sərf eləmir.
Dövlət başçısı toxum gətirilməsi üçün 2008-ci ildə 33 milyon manat, keçən il isə 12 milyon manat vəsait ayırıb. Əgər bu vəsaitin necə xərclənməsiylə bağlı araşdırma başlansa, çox faktlar üzə çıxacaq”.
Həmçinin xatırladaq ki, M.Qasımov özü bizimlə əlaqə saxlayıb: “Zeynal Əliyev özünü nə qədər “kənar şəxs” kimi qələmə versə də, bir müddət sonra əməkdaşımıza zəng edən Məzahir Qasımov tamam başqa şey dedi.
“Dünəndən mənim müdirimə zəng edirsiniz… Bəli, Zeynal müəllimi deyirəm… Qardaş, mən yaxşı kişiyəm, sən də yaxşı oğlana oxşayırsan, gəl dost olaq”, – deyə M.Qasımov bildirdi.
M.Qasımov əməkdaşımızla söhbətində toxumların İtaliyadan gətirildiyini qeyd etdi. Burda ziddiyyətlər ortaya çıxır: Toxumlar hardan gətirilib? ABŞ-dan, İsveçrədən, yoxsa, İtaliyadan? Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Xidməti bizim sorğumuza belə bir cavab verdi: “2016-cı ildə Azərbaycan Respublikasına 421,7 ton toxumluq qarğıdalı idxal edilib ki, bunun da 20 tonu “Azərtoxum” MMC tərəfindən Gürcüstan Respublikasından daxil olub. “Azəryem” MMC tərəfindən isə ötən il ərzində toxumluq qarğıdalı idxal edilməyib. Azərbaycan Respublikasına idxal edilən əkin və ya səpin materiallarının Dövlət Reyestrində qeydiyyatdan keçməsi, eləcə də beynəlxalq səviyyədə mövcud olan genetik modifikasiya olunmuş bitkilər siyahısında yer alıb-almaması araşdırılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən də Azərbaycan Respublikasına daxil olan toxum materiallarının GMO məhsulu olmaması istiqamətində nəzarət işləri həyata keçirilir. Eyni zamada mövcud qaydalara əsasən idxal edilən bütün toxum materialları ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş toxumun səpin keyfiyyətini təsdiq edən sənədlə müşaiyət olunmalıdır”.
Biz ilk əvvəl düşündük ki, açıqlamada “Azərtoxum” MMC-nin Azərbaycana toxumluq qarğıdalını Gürcüstan Respublikası vasitəsilə keçirdiyi qeyd olunub. Lakin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşı Xəyalə Dadaşova Qafqaznews.az əməkdaşı ilə söhbətində bildirdi ki, “Azərtoxum” MMC-nin idxal etdiyi toxumlar məhz Gürcüstan mənşəlidir: “Bizi toxumların hansı ölkə vasitəsilə keçirilməsi maraqlandırmır. Apardığımız statistikada toxumun mənşəyi qeyd olunur. Bu şirkətin idxal etdiyi toxumlar məhz Gürcüstandan gətirilib”.
O, Z.Əliyevin “Toxumçuluq İdarəsi xətti ilə toxum gətirməsi” barədə suala belə cavab verdi: “Fiziki şəxslər icazə üçün Toxumçuluq İdarəsinə müraciət edirlər, idxalın qeydiyyatı və nəzarətini isə bizim xidmət həyata keçirir”. X.Dadaşovanın sözlərinə görə, 2016-cı ildə nə Zeynal Əliyevin, nə də Məzahir Qasımovun adına toxumluq qarğıdalı idxalı barədə məlumat DFNX-nin bazasında yoxdur. Biz yenidən “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovla əlaqə saxladıq. “Araşdırsanız, “Pioneer” toxumu ABŞ-ındır. Amma İtaliyada qablaşdırılıb gəlir. Bəzən də Türkiyə vasitəsilə gətiririk. Özümüzə nə qədər lazım olursa, o qədər gətiririk. Biz sahibkarlarla elə çox işləmirik. Keçən il Arif Süleymanov xahiş elədi, biz də dəstək vermək qərarına gəldik. Lakin bu adam bizə şər atır”, – deyə M.Qasımov bildirdi.
Təəssüf ki, onun özü bizə nə qədər toxum gətirdikləri və neçə hektar torpaq sahəsində əkin apardıqları barədə məlumat vermədi. Lakin hesablamamızla, 20 ton Gürcüstan mənşəli qarğıdalı toxumu 1000 hektar sahəyə səpilməliydi…
Rüfət Əhmədzadə
Qafqaznews.az
Mövzu ilə bağlı linklər:
“Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir? – ARAŞDIRMA(+18 AUDİO)
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib? – ARAŞDIRMA (+18 AUDİO)