Cavid Qurbanovu təbliğ edən "ABŞ saytı"... - İLGİNC
2-01-2018, 13:04

Xəbər verildiyi kimi, bir il əvvəl fəaliyyətini dayandırmış “Gündəlik Bakı” qəzetinin 1 ildən çoxdur DTX tərəfindən şantaj və digər cinayət əməllərinə görə həbs edilmiş baş redaktoru Habil Vəliyevin, eləcə də onun himayəsi altında bu cür əməllərlə məşğul olmuş dəstənin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. “İttiham Aktı”ndan bəlli olur ki, dəstə ayrı-ayrı vəzifəli şəxslərin şantajı ilə məşğul olurmuş və bu gün həmin şantajların trayektoriyası araşdırılır...
Amerikapress.com niyə Amerikadan yox, Cavid Qurbanovun təriflərindən yazır?
Pravdainfo.org-a daxil olan şok məlumatlar gerçəkdən şokedicidir. Təsəvvür edirsinizmi, Azərbaycan elektron KİV-ləri arasında amerikapress.com adlı sayt var imiş... Bilmirəm, bu sayt nə vaxt “anadan olub”, amma bizə o bəllidir ki, təxminən 1 il olar bu saytın Rauf Sultanov adlı rəhbəri və guya Azərbaycan üzrə əlaqələndiricisi olan Rauf Sultanov adlı məsul əməkdaşı Bakıdakı 178 saylı məktəbin direktoruna “ilişmişdi”. Tərəflər arasında “razılıq əldə edilmədiyindən” sayt axar.az saytı ilə birgə həmin direktorun gizli yazılmış səs yazısını yayımlamışdı... Məktəb direktoru aidiyyəti qurumlara şikayət etmişdi və sonra nəsə abır və ismət qalib gəlmişdi, xanım direktor sakitləşmişdi... Amma adı çəkilən sayt və onun rəhbərliyi ilə əlbir olanlar sakitləşməmişdilər... İstək və iştah diş altındadır məntiqi ilə mübarizə davam etmiş, sayt rəhbərliyi niyyətindən geri çəkilməmişdir...
İctimai Nəzarət Koalisiyası hərəkətə keçdi və...
Ölkədə tanınməş bir QHT var: İctimai Nəzarət Koalisiyası... Xanım Məktəb direktoru başına gələnlərlə bağlı məcburən İNK- rəhbərliyinə müraciət edir... Azərbaycanda görkəmli ziyalıların cəm olduğu İNK rəhbərliyi yenə də problemin təmkinlə həllinə tərəfdar olur. Amma... Qarşı tərəf inadkarlıq edir...
***
Təsəvvür edirsinizmi, qarşı tərəf necə bir “xitriy” yol tutub: adında aldadıcı “Amerika” sözü olduğundan hamıda belə təsəvvür var ki, “...Bu sayt yəqin ABŞ Prezidentinin, ABŞ Dəmiryol İdarəsinin, ABŞ həyatınının, eləcə də digər dövlət adamlarının fəaliyyətindən yazır... Deməli, Azərbaycan hökumətinin rəsmiləri belə bir beynəlxalq dərəcəli və səhifəli saytda adımı görərsə, dərimə saman təpərlər...” və sair...
Amerikapress.com saytıABŞ-ın yox, Cavid Qurbanovun təbliğində???
Pravdainfo.org olaraq biz də bəlli məlumatı alanda dərhal bu saytın səhifəsini axtardıq. Təsəvvür edirsinizmi, “qış yuxusunda” olan sayt rəhbərliyinin sonuncu xəbəri dekabrın 28-də olub. Prezident İlham Əliyevin Azərbaycan xalqına Yeni İl təbrikidir. Qalan xəbərlər ötən ilin noyabrında 1 xəbər, oktyabrda 1 xəbər, sentyabrda 1-3 xəbər... Və adında “Amerika” sözü olan sayt deputat Cavid Qurbanovun nəsil və şəcərəsini təblig edən yazı verir... Ən rüsvayçı hal: adında “amerika” sözü olan saytda ABŞ həyatına aid bir dənə də olsin xəbər yoxdur. İngilis dilində isə heç nə yoxdur. Azərbaycan dilində olan xəbərlərdə isə qramatik səhvlər və qeyri-peşəkar yazılar... diqqəti çəkir.
Budur, saytın elanına diqqət edin, özünüz qiymət verin: “Bizi izləyənlərin nəzərinə çatdırırıq ki, qarşılaşdığınız və şahidi olduğunuz insan haqlarının pozulması, polis zorakılığı və digər məsələlər ilə bağlı Rauf Sultanovun şəxsən özü ilə əlaqə saxlayın.Bütün müraciətlər qeydə alınır və anonimliyə tam zəmanət verilir.
+99455 924-97-24
+99455 924-97-24 (WhatSapp)
info@amerikapress.com
“Şikayətlərinizi Bizə Göndərin-Amerikapress”
Tarix: 10 Dekabr 2017 Müəllif: Rauf Sultanov”.
***
Bu hələ harasıdır: sayt daha bir “şedevr məlumat yayıb: “Amerikapress.com xəbər verir ki, hazırda vətəndaşların bir çox problemləri həll olmadan
qalmaqdadır. Bizdə öz növbəmizdə problemləri olan və həllində çətinlik çəkən vətəndaşlara yardım etmək istərdik.
Hazırda "Hüquqlarını Qoru" layihəsinə start vermişik. Bu istiqamətdə vətəndaşların Bizə köməklik göstərmələrini xahiş edirik.
ƏLAQƏ NÖMRƏSİ: 055 924-97-24”.
***
...Və bu dəm “xoruzun quyruğu görünür”. Saytın “Cəsarətli və Obyektiv -Cavid Qurbanov” başlıqlı yazısına diqqət edin. Tarix: 19 Sentyabr 2017 Müəllif: Rauf Sultanov | Şərh sayı 0
Yazıda deyilir: “Məlumat üçün qeyd edək ki, 19 sentyabr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun doğum günüdür.
Kəlbəcər rayonundan olan bir qrup ziyalı Gununsesi.info vasitəsi ilə onu təbrik edib.
Təbrikdə yazılır:Millət vəkili Cavid Qurbanov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr vermiş, xalqın sonsuz məhəbbət və rəğbətini qazanmış Ağdabanlı şair Qurbanın, Azərbaycanın görkəmli ustad aşığı, Dədə Şəmşirin ocağında, görkəmli ziyalı Qənbər Qurbanovun ailəsində dünyaya göz açıb. Atası kəlbəcərlilərin ağsaqqal ziyalısı, uzun müddət Azərbaycan dövlətinə və millətinə sədaqətlə xidmət etmiş, bu gün də böyük hörmət sahibi olan Qənbər Şəmşiroğlundan Vətənə sədaqət və xidmət tərbiyəsi almış Cavid Qurbanov bu gün gördüyü işlərlə öz ocağına və bu ocaqda gördüyü Vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə, var gücü ilə xidmət edir.
Cavid Qurbanov təkcə Milli Məclisdə ona səs verən kəlbəcərlilərin deyil, ona müraciət edən insanların hər birinin qayğı və problemlərinə həssas yanaşır.
Bununla o, əsl xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyev və onun siyasi irsini ləyaqətlə davam və inkişaf etdirən Prezident Cənab İlham Əliyevin yürütdüyü siyasətə xidmət edir və dövlət başçısının göstərdiyi nümunəvi idarəçiliyə, ona göstərilən yüksək etimada layiq olmağa çalışır.
Rauf Sultanov”.
Adam utanıb xəcalət çəkmək istəyir...
***
Bir aydanbir verilən yazılardan məlum olur ki, “Rauf Sultanov Komitə Sədrinin Müavini Təyin Olundu”
Tarix: 26 Avqust 2017 Müəllif: Rauf Sultanov | Şərh sayı 0
Bu da həmin xəbər: “Amerikapress.com xəbər verir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin 24.08.2017-ci il tarixdə keçirilən geniş iclasında yeni təyinatlar olub. Belə ki, amerikapress.com saytının rəhbəri Rauf Sultanov Komitə Sədrinin Hüquq Məsələləri Üzrə sədr müavini təyin olunub.Məsələni dəqiqləşdirmək üçün R.Sultanovla əlaqə saxlayıb suallarımızı ünvanladıq....”.
Əttökən cavabı diqqətinizə yetirib vaxtınızı almaq istəməzdik... Amma hiss olunur ki, müsahibə verən də, alan da Rauf Sultanovdur... Elə saytdan bəlli olur ki, Rauf Sultanov bir müddət əvvəl həbs edilib, Nizami rayon məhkəməsi (bilinmir Bakının, yoxsa Gəncənin Nizami rayonudur) barəsində qərar çıxarıb... Təsəvvür edin, avqust ayında dərc olunan yazını indiyədək (01.01.2018) cəmi 77 nəfər oxuyub… Bəz deyirdilər Amerikada oxucular fəal olur?!
***
Beləcə, yola saldığımız ilin dekabrın 26-da Rauf Sultanov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 min manat rüşvət alarkən həbs edilib... Gözləmək olardı ki, “beynəlxalq dərəcəli” saytla bağlı ABŞ Departamenti bəyanat yayacaq və... Əksinə, heç Azərbaycan Mətbuat Şurası da dillənmədi, susdu. Çünki... Nə isə, bəlli olan budur ki, ayıblı işlərə könül verənlər əvvəldən taleyini gözünün qabağına almalıdır.
İndi sual yaranır: adında “Amerika” sözü olan sayt necə olur ki, Amerikadan bir cümlə belə yazmır, amma Azərbaycanda babat məmur yoxdur ki, tərifləməsin, “babat olmayan”ları isə lənətləsin...
P.S.Bədbəxtçilik budur ki, saytın rəhbəri və “Azəərbaycan üzrə” rəsmi nümayəndəsi olan Rauf Sultanovu həbs edənlər isə təriflənən Azərbaycanlı məmurlarıdır...
-Bəs amerikapress.com saytının rəhbəri Rauf Sultanov necə həbs edildi?
-Rauf Sultanovu Amerikaya bağlayan səbəb nədir?
-Saytın hüquqi ünvanı niyə yoxdur və niyə bütün zənglərə Rauf Sultanov cavab verir???
(Davamı var) \\tezadlar.az\\