“Baxşiyevin qızılları“ – sabiq müşavirin yoxa çıxmış sərvəti və aşkar olan həyat tərzi...

13-02-2018, 16:42           

Bu tragikomik əhvalat son iki ildə ölkə mediasında vaxtaşırı günün mövzusuna çevrilib. Budur, sabiq müşavirin qızıllarını mənimsəməkdə günahlandırılan Rövşən Əhmədov yenə məhkəmə qarşısına çıxarılır. Onu gah tutub aylarla həbsdə saxlayır, gah bəraət verib azadlığa buraxır, sonra yenidən təqib edib psixiatriya xəstəxanasına salır, oradan bir daha həbsxanaya göndərir, intiahara əl atmaq məcburiyyətində qoyur və yenidən xəstəxanaya aparmalı olurlar. Amma hələ nə qızıllar tapılıb, nə də bu apar-gətirin sonu görünür...
Hadisələr amerikalıların, təxminən, əlli il əvvəl çəkdikləri “Makkenanın qızılları” bədii filmini yada salır. ...Polis şerifi Makenna qədim hindu tayfasının qızıllarının harada gizlədildiyindən təsadüfən xəbər tutur. Bu qızılları ələ keçirmək istəyən quldur Kolorado isə onu “canlı xəritə” kimi girov götürür. Qızılların gizlədildiyi dərəni tapmağa yollanan quldurlara həmin sərvətə yiyə çıxmaq istəyən yeni-yeni adamlar qoşulur. Amma nəinki bu məqsədə çatmaq, oradan heç sağ-salamat geri qayıtmaq da hər kəsin qisməti deyil. Qarşıda onları qorxunc hadisələr gözləyir...
Bu, həmin filminin qısa annotasiyası olsa da, Bakıda iki ildir davam edən “Baxşiyevin qızılları” çoxseriyalı məhkəmə prosesinin “süjeti” ilə əməlli-başlı səsləşir.
“Koordinat.az” geniş ictimai rezonans doğuran bu olay barədə öz oxucularına əvvəllər də məlumat verib. Belə ki, keçmiş nəqliyyat nazirinin sabiq müşaviri Çingiz Baxşiyev dəyəri 700 min manatdan çox olan qızıl-zinət əşyalarının yoxa çıxmasına görə öz qohumu Rövşən Əhmədovu tutdurub. Uzun müddət istintaq gedib. Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatan proses R.Əhmədovun bəraət alaraq azadlığa çıxması ilə nəticələnib. Baxşiyevin qızıllarını onun mənimsəməsi barədə irəli sürülən ittiham məhkəmə istintaqında, sözün həqiqi mənasında, puça çıxıb.
Amma Baxşyev məhkəmənin bəraət hökmü ilə hələ də razılaşmır. Hazırda məhkəmə istintaqı onun apelyasiya şikayəti əsasında yenidən aparılır. Təqib, təzyiq, türmə R.Əhmədovun psixikasını elə pozub ki, adamı hətta dəlixanaya da qoyublar. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov onun psixatriya xəstəxanasındaca həbsə alınması barədə qərar çıxarıb. Bu hakim, görünür, R.Əhmədovu Baxşiyevin itmiş qızıllarının “canlı xəritəsi” hesab edir... Vəkilinin bildirdiyinə görə, bu dəfə müttəhimin üzünə durmaq üçün təzə şahid tapılıb. Guya R.Əhmədov taksi sürücüsü işləyən bu şahidə nə vaxtsa 30-40 qızıl onluğunun olduğunu deyib...
Bakı Ağır Cinayətlər Məhkəməsindəki uzunmüüdətli prosesi işıqlandıran jurnalistlər və bu hadisəyə münasibət bildirən ictimaiyyət nümayəndələri sabiq dövlət məmurunun külli miqdarda qızıl-zinətə hansı yollarla sahib olmasının da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının vacibliyini dəfələrlə vurğulyaırdılar. Həmin sual bu gün də açıq qalır: Baxşiyevdə bu qədər qızıl-zinət hardandır? Onun qanunazidd və qaranlıq əməlləri barədə qohumu Rövşən Əhmədovun məhkəmədə bəyan elədiyi və həqiqiliyini sübuta yetirmək üşün ipucu verdiyi faktlar niyə araşdırılmır.?
Bu hadisədə ictimai maraq doğuran məsələ nə Baxşievin qızıllarının taleyidi, nə də onları ələ keçirməkdə şübhəli bilinən R.Əhmədovun... Bəlkə də bir qohum kimi ikilikdə vaxtilə qaz vurub-qazan doldurublar, sonra da işləri əyri gətirib və araları pozulub... Öz işləridir! Amma sabiq dövlət məmurunun varidatının mənbəyi barədə həqiqtəin aşkarlanmaması, üstəlik, baş verməsi və sübuta yetirilməsi birinci məhkəmə instansiyasında mümkün olmayan cinayət işinin yenidən istintaq edilməsi cəmiyyətdə heç də birmənalı qarşılanmır. Bu adamın gücü və təsiri nə qədərmiş? O, gücündən, təsirindən və varidatından niyə xeyirxah məqsədlər üçün istifadə etməyib? Dövlətə, ölkəyə, xalqa xeyir vermək əvəzinə niyə məzmunu hələ də qaranlıq qalan əməllərlə məşğul olub? Niyə səxavətli el ağsaqqalı kimi tanınmağa, ən azı, qohumlarının himayədarı olmağa çalışmayıb?..
Əslində, məhkəmə zallarında baş verən “realiti-şou” Baxşyevlər ailəsinin özünə də yetərincə mənəvi zərbə vurur, hər bir ailə kimi bu ailənin də yalnız özünə məxsus və məlum olan həyat tərzini ictimai müstəviyə və müzakirəyə çıxarır. Necə deyərlər, film kimi bir həyat... “Baxşiyevin qızılları” – bir məmurun və ailəsinin sirlərini faş edən “film” davam edir...
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.