ABŞ-ın baş kəşfiyyatçısının “Qarabağda irimiqyaslı müharibə gözlənilir” xəbərdarlığı erməniləri təlaşlandırıb

15-02-2018, 09:39           
ABŞ-ın baş kəşfiyyatçısının “Qarabağda irimiqyaslı müharibə gözlənilir” xəbərdarlığı erməniləri təlaşlandırıb
Düşmən narahatdır, işğalçı ölkə ABŞ-ın sanksiyalarına məruz qala bilər

Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi münaqişəyə keçə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər. Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək...

ABŞ kəşfiyyatının bu xəbərdarlığı işğalçı Ermənistanda rezonansa səbəb olub. Ara-sıra Azərbaycanı təhdid edən düşmən ölkənin təmsilçiləri dünyanın supergücünün kəşfiyyat orqanlarının Qarabağ xəbərdarlığının sıradan bir məsələ olmadığını anladıqlarından bu mövzuda geniş müzakirələr açıblar. Ermənistanda ayıq başla düşünən şəxslər yaxşı anlayırlar ki, Rusiyanın ABŞ-ın sərt sanksiyalarına məruz qaldığı bir dövrdə Ermənistan Azərbaycanla təkbaşına üz-üzə gələ bilməz...

Bu azmış kimi, işğalçı ölkədə sanksiyalarla bağlı gözləntilər riskinin olmasından danışılır. “Ermənistana qarşı sanksiyalar riski mövcuddur”. Axar.az xəbər verir ki, bunu “Aykakan Jamanak” qəzetinə açıqlamasında Ermənistan maliyyə naziri Vardan Aramyan söyləyib...

Okeanın o tayından işğalçı ölkə üçün daha bir ağır xəbər gəlib. Belə ki, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib (axar.az). Bu barədə informasiya ABŞ-ın büdcə layihəsində yer alıb. Yeni layihədə xarici yardımların kəskin azaldılması öz əksini tapıb. Layihəyə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən daha 600 min dollar azdır. ABŞ Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək.

ABŞ kəşfiyyatının müharibə xəbərdarlıqlarının fonunda Ermənistanın durumunu ağırlaşdıracaq bu kimi qərarlar, məntiqlə işğalçıları ciddi düşünməyə vadar etməlidir.

“ABŞ Milli kəşfiyyatı təmsilçisinin Azərbaycan və Ermənistan arasında gərginliyin yaranacağı və Qarabağda müharibənin yenidən alovlanacağı barədə mülahizələri ehtimal xarakteri daşıyır və təbii ki proseslərin məhz bu istiqamətdə cərəyan edəcəyi anlamına gəlməməlidir”.


Politoloq Elçin Mirzəbəyli bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert digər məsələyə də diqqət çəkdi: “Bununla yanaşı, kimsəyə sirr deyil ki, işğal faktı davam etdikcə müharibə ehtimalı hər zaman real olaraq qalır. Ermənistanın mövcud status-kvonu qoruyub saxlamağa çalışması, işğalçı ölkənin hərbi-siyasi müttəfiqi olan Rusiyanın destruktiv mövqeyi münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidləri gündən-günə azaldır. Belə olduğu halda isə şübhəsiz ki, müharibə amili gündəmə gəlir”. E.Mirzəbəylinin qənaətinə görə, Azərbaycan işğal altında olan ərazilərimizin azad olunması üçün bütün ehtimalları nəzərdən keçirir: “O cümlədən də müharibə ehtimalını. Düşünürəm ki, biz hadisələrin ən kəskin ssenari üzrə inkişafına hazırıq. O cümlədən də müharibəyə”.


QAT sədri Akif Nağı isə bildirdi ki, müharibə xəbərdarlığı ciddi bir orqanın hesabatında əksini tapdığı üçün ciddiyə alınmalıdır: “Yəqin siz də müşahidə etmişiniz, ötən ilin sonlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün proqnozlar ona yönəlmişdi ki, heç bir ciddi dönüş yaranmayacaq. Amma indi daha çox bunun əksi iddia olunur. Bu xəbərdarlıq da o qəbildəndir”. QAT sədri beynəlxalq şərtlərin Azərbaycanın tərəfində olduğunu deməklə yanaşı, Rusiyanın da məsələyə müdaxiləsinin azaldığını deyir: “Rusiyanın daha aqressiv mövqedən çıxış edəcəyi ağlabatan deyil, aqressiv olmaq üçün ciddi iqtisadi güc olmalıdır. Bu mənada Rusiya iqtisadi cəhətdən çox zəifləyib. Amma Rusiyanın ”başının özünə qarışacağı"na ümid etmək olmaz. Rusiya bir şeyi anlamalıdır ki, “Ermənistan” deyilən meydança artıq ona lazım deyil. Rusiya Azərbaycanla yaxınlaşmalı, Azərbaycanın maraqlarını nəzərə almalıdır. Yuxarıda deyilən xəbərdarlıqdan Rusiya nəticə çıxarmalıdır. Azərbaycanın Qarabağda müharibəni başlamaq üçün gücü və haqqı, indilikdə siyasi iradənin də ortaya qoyulacağı hiss olunur. Rusiya siyasətində tendensiyaları müsbət tərəflərə dəyişməsə müharibə qaçılmaz olacaq".

Qeyd edək ki, ABŞ Kəşfiyyatının xəbərdarlığı ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri, o cümlədən separatçı rejim təmsilçiləri ilə görüşdən sonraya təsadüf edir. Həmsədrlər İqor Popov (Rusiya Federasiyası), Ştefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) bu dəfə həmişəkindən çox müddətdə bölgədə oldular, Dağlıq Qarabağın ətrafındakı rayonlara da baş çəkdilər. Onlar yekun bəyanatlarında təmas xəttində ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırdılar. Ancaq görüşlər zamanı ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı Bakını razı sala bilmədikləri aydın oldu. Bakı haqlı olaraq birtərəfli qaydada güzəştə getməyəcəyini bəyan edərək, birtərəfli güzəştdən imtina edir. Görünür, ABŞ kəşfiyyatının hesabatı həm də həmsədrlərin son müşahidələrinə əsaslanıb.

Amerikalı həmsədr bu dəfə digər həmkarlarından iki gün əvvəl Bakıya gəlmişdi. O, Bakıdakı ABŞ səfiri ilə birgə məcburi köçkünlərlə də görüşmüşdü...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.