Britaniyalı nazir: “Qarabağ münaqişənin həlli hər iki tərəfdən çətin qərarlar və güzəştlər tələb edəcək” - MÜSAHİBƏ
14-02-2019, 09:34
Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri, parlament üzvü Alan Dunkanın “Report”a müsahibəsi.
- Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
- Birləşmiş Krallıq və Azərbaycan arasında güclü siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr bizim üçün böyük əhəmiyyətə malikdir və bu daha da güclənməyə davam edəcək. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investordur və güclü iqtisadi münasibətlər ikitərəfli əlaqələrimizin təməlində dayanır. BP neft-qaz sektorunda 1994-cü ildən "Əsrin müqaviləsi" ilə başlayan uzun müddətli xüsusi əlaqələr qurub. Bu, Azərbaycanda mühəndislik qabiliyyətinin yaranmasına və ölkənin hazırkı dinamikasının inkişafına kömək edib. Bundan başqa bizim əməkdaşlığımız təhsil, mədəniyyət və yaradıcılıq sektorları kimi müxtəlif sahələri də əhatə etməkdədir. Hər il biz “Chevening” programı ilə Azərbaycandan Böyük Britaniyaya gələn tələbələri salamlayırıq. Bundan əlavə minlərlə azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil alıb.Siyasi əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirimiz ötən il böyük bir məmnuniyyətlə prezident İlham Əliyevi Londonda qəbul etdi. Oktyabr ayında illik strateji dialoq həyata keçirildi. İllik ticarət görüşmələrimiz - Birgə Tərəfdaşlıq Komissiyası isə aprel ayında baş tutacaq.
- Böyük Britaniyannın mart ayında Avropa İttifaqından çıxması gözlənilir. Bunun nə kimi təsiləri olacaq?
- Biz Avropa İttifaqı ilə ümumi maraqlarımızın,dəyərlərimizin genişliyi və dərinliyi üzərində qurulan yeni, ölçüləbilən xarici və təhlükəsizlik tərəfdaşlıq istəyirik. Bu, həm Brüsseldə, həm də dünyada istədiyimiz qlobal çağırışlara cavab vermək üçün birgə işləməyə imkan yaradacaq. Avropa İttifaqından sövdələşmə ilə ayrılmaq Britaniya hökumətinin prioriteti olaraq qalır və əminik ki, parlamentdə bu əksəriyyət tərəfindən qəbul ediləcək.
- İki ölkə regional əməkdaşlığa daha necə tövhə verə bilər, xüsusilə Böyük Britaniya Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında nə kimi rol oynaya bilər?
- Böyük Britaniya Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinə sadiqdir. Cənubi Qafqazın bütün üç dövləti ilə ikitərəfli əlaqələrimiz var. Avropa Şurası, NATO və BMT kimi beynəlxalq təşkilatlara üzvlüyümüz vasitəsilə münaqişənin nizamlanması və sülhün təşviqi üçün göstərilən səyləri dəstəkləyirik. Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzvü olmasa da, biz Minsk Qrupunun həmsədrlərini dəstəkləmək üçün hər cür səy göstəririk. Münaqişənin həlli regionda sabitliyin və rəfah səviyyəsinin artırılmasına kömək edəcək. Cənubi Qafqazda Böyük Britaniya Hökumətinin proqramı, daxili davamlılığı artırmaq, insanlararası əlaqələri inkişaf etdirmək və dialoq üçün platformalar yaratmaq məqsədi daşıyır. Biz hesab edirik ki, bu yanaşma münaqişənin həllinə və bütün regionun təhlükəsizliyini təmin etməyə kömək edəcəkdir.
- Rəsmi London Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi necədir?
- Böyük Britaniya sülh prosesində ATƏT-in Minsk qrupunun rolunu tam dəstəkləyir, Azərbaycan və Ermənistan arasındakı münaqişənin danışıqlar yolu ilə həll olunması prossesini sürətləndirməyə çağırır. Biz hesab edirik ki, bu münaqişənin həlli hər iki tərəfdən cəsarət, çətin qərarlar və güzəştlər tələb edəcək. Biz hər iki tərəfi də razılıq əldə edilməsi üçün yaxşı niyyətlə hərəkət etməyə təşviq edirik. Böyük Britaniyanın Minsk Qrupunda birbaşa rol oynamasa da, biz Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya həmsədrlərinin səylərini tam dəstəkləyirik və tərəflərin danışıqlar prosesinə konstruktiv şəkildə cəlb edilməsinə təşviq edirik.
- Böyük Britaniya və ABŞ arasındakı hazırkı əlaqələri necə dəyərləndirirsiniz? Donald Trampın prezidentlik müddətindən bu yana iki ölkə arasındakı münasibətlərdə hər hansı bir geriləmə vəya inkişaf varmı?
- Uzun tariximizə və paylaşılan dəyərlərə bağlılığımıza əsaslanaraq onu deyə bilərəm ki, Böyük Britaniya və ABŞ arasında xüsusi və davamlı əlaqələr mövcuddur. İki ölkə möhkəm, güclü tərəfdaş və müttəfiqdir. Biz birgə çoxlu işlər görürük. Keçən il Trampın ziyarəti də təhlükəsizlik və rifahımız üçün əlaqələrin nə qədər yaxın və vacib olduğunu bir daha sübut edib.