Kollegiyanın sədrindən ittihamlara cavab: “Karvanımız getdikcə bizə şər-böhtan atanların olması təbiidir ”
25-02-2019, 19:08
Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov, keçmiş həmkarı Aslan İsmayılov öz şəxsi facebook səhifələrində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun və vəkil həmkarı Anar Qasımlının ünvanına sərti ttihamlar səsləndiriblər.
Femida.az xəbər verir ki, vəkil Adil İsmayılov Sumqayıt regional vəkil bürosunun rəhbəri Anar Qasımlını hədəf alaraq büronun təmirinə və yeni avadanlıqların alınmasına xərclənən vəsait barədə sual ünvanlayıb.
Femida.az ittihamlarla bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlayıb.
- Anar,müəllim son zamanlar Kollegiyanın ətrafında baş verən qalmaqallarda sizin hədəf seçildiyiniz açıq-aşkar görünür. Hadisələrə münasibətiniz necədir?
-Belə bir deyim var ki, tərifi və böhtanı soyuqqanlı qarşılamaq lazımdır. Mən isə daha da irəli gedib sadəcə gülümsəyərək qarşılayıram. Əvvəla qeyd edim ki, Vəkillər Kollegiyasına yüksək balla 2005-ci ildə keçirilən ilk test imtahanı verərərk şəffaf sistemlə daxil olmuşam. Bəziləri kimi mən vəkilliyə Ədliyyə Nazirliyinin qərarı ilə qəbul edilməmişəm. Bu gün məni hədəfə alan şəxslərdən fərqli olaraq mənim dövlət qulluğunda, məhkəmə və ədliyyə sistemində çalışan heç bir qohumum, yaxınım yoxdur. Bunları xatırlatmaqda məqsədim budur ki, mən bu vəzifəyə öz zəhmətim hesabına gəlmişəm. Məni ittiham edənlərdən fərqli olaraq əmi-dayı hesabına paqonlu vəkilliyə gəlməmişəm. Kollegiyanın sədrliyinə də sadə vəkillikdən gəlmişəm və vəkillərin tam dəstəyi ilə seçilmişəm. Həmişə də bir çoxlarından fərqli olaraq prokuror, polis deyil vəkil olmağı arzulamışam.
- Bu mübahisələrin kökündə nə dayanır?Sizi ittiham edənlər bir müddət əvvəl sizə təriflər,təbriklər ünvanlamışdı.Birdən-birə nə baş verdi?
-Özünüz düşünün. Dünən məni qısa zamanda xeyli işin görülməsini qeyd edərək təbrik edənlər, bu gün məni hədəf alıb.Mənim heç kimlə problemim olmayıb. Biz öz işimizdə davam edirik.Adını çəkmək istəmədiyim şəxslər mənə kitablar göndərib, mənə təriflər deyirdilər. İndi nə oldu? Mən bütün bunları paxıllıq və kənardan idarə olunan qarayaxma kampaniyası kimi qəbul edirəm. Mən qara piarın texnologiyası ilə yaxşı tanışam. Onlar özləri şaiyələryayır,daha sonra onun ətrafında müzakirələr açırlar.Məni hədəf almaqla bizim gördüyümüz işlərə kölgə sala bilməyəcəklər.
-Anar müəllim,digər bir ittihamda Kollegiyanın ünvanına daha sərt fikirlər səsləndirilir. Söhbət maliyyə məsələsindən gedir. Buna münasibətiniz necədir?
-Biz bununla bağlı rəsmi bəyanatla çıxış etmişik.Bizim bütün işlərimiz şəffaflıq prinsipinə əsaslanır. Bütün rəqəmlər,işlər vəkillər üçün açıqdır. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitin naməlum yerə xərclənməsi, 12 saylı vəkil bürosunun Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlardır. Biz bunu qəti surətdə təkzib edirik və böhtan hesab edirik.
Sumqayıt regional vəkil bürosunun təmiri işlərinə biz minimum məbləğdə maliyyə ayırmışıq. Orda təmir işləri hələ davam edir. Sualı olan vəkil istənilən vaxt rəyasət heyətinə müraciət edə bilər və edir də, dərhal bütün cavablar da verilir. Sosial şəbəkə vasitəsi ilə sual vermək, əsassız şaiyə yaymaq isə özü-özlüyündə bazarda küçə söhbətlərinə bənzər bir işdir.
- Sonda görülən və görüləcək işlərinizdən danışmağınızı istərdim.
- Görülən işlər hamısı mətbuatın və insanların gözünün qarşısında baş verir. Vəkillik inkişaf edir, nüfuzu artır, böyüyür, güclənir, təşkilatlanır, xarici ölkələrlə əlaqələrimiz genişlənir və sair. Aydın məsələdir ki, karvanımız getdikcə bütün bunları istəməyən, gözü götürməyən, şər-böhtan atan insanlar da olacaq, bu təbiidir.
Miri Məcidli
Femida.az