Qüdrət Həsənquliyev əslində nə deyib? – Muxtar statusla bağlı yanlış anlaşılmalar

26-02-2019, 00:00           
Qüdrət Həsənquliyev əslində nə deyib? – Muxtar statusla bağlı yanlış anlaşılmalar
BAXCP sədri Qüdrət Həsənquliyevin qəzetimizə verdiyi müsahibə ilə başlayan Naxçıvan “qarşıdurması” getdikcə şiddətlənir. Muxtar Respublikanın hər gün müxtəlif rəsmiləri millət vəkilinin fikirlərini şərh edir, bölgənin iqtisadi inkişafından danışırlar. Ən maraqlısı isə odur ki, Qüdrət Həsənquliyevin demədiyi, hətta qarşı çıxdığı fikirlər də ona şamil edilərək tənqid olunur. Belə fikirlərdən biri də muxtar statusla bağlıdır.

Qeyd etməyi lüzum bilirik ki, jurnalistimizin bütün israrlı suallarına rəğmən, millət vəkili muxtar statusun ləğvini dəstəkləməmiş, bununla belə, Naxçıvandakı bəzi strukturların muxtariyyətlik sərhədlərini aşdığını vurğulamışdır.

Yanlış anlaşılmalara son qoymaq məqsədilə millət vəkilinin müsahibədəki mövzu ilə bağlı fikirlərini yenidən dərc etməyi məsləhət bildik:

“-Təhqiri bir kənara qoysaq, həmin statusda ciddi bir məqam vardı. Adam deyirdi ki, Azərbaycan Milli Məclisinin deputatı Naxçıvanın daxili işlərinə qarışa bilməz. Sizə elə gəlmir ki, bu, muxtar hüquqa işarə idi? Ümumiyyətlə, görünən budur ki, Naxçıvandakı bütün demokratik problemlərin kökündə muxtar hüquqluluq dayanır və yerli rəhbərlik muxtariyyəti fərqli başa düşür...

-Ola bilər. Bayaq siz soruşdunuz ki, Ziyafət Əsgərov niyə mənim çıxışımı separatizmi stimullaşdırmaq kimi qiymətləndirib. Görünür, siyasi rəhbərlikdə olanlar bəzi məsələlərlə əlaqədar məndən daha geniş informasiyaya malikdirlər. Bəlkə də, dediyiniz kimi, mənə qarşı irəli sürülən iddiaların da, Ziyafət Əsgərovun xofunun da hansısa siyasi əsasları var. İstisna etmirəm ki, Naxçıvan nazirinin ilk baxışdan məntiqsiz görünən fikirləri təkcə gerizəkalılıqdan qaynaqlanmır. O, sadəcə yazılmış mətnin altına öz imzasını qoyub və buna görə təltif olunması da dediklərimə ciddi əsas yaradır.

-Yeri gəlmişkən, Zifayət Əsgərovun təbirilə desək, separatçılığı stimullaşdıran muxtar hüquqluluq Konstitusiyanın unitar dövlətçilik prinsipi ilə toqquşur. İndiki şəraitdə belə bir ayrıcalığa ehtiyac varmı və bu imtiyaz hansı zərurətdən qaynaqlanır?

-Muxtariyyətin olması o demək deyil ki, özünü müstəqil dövlət kimi aparasan. Naxçıvan yerli problemlərin həllində muxtar hüquqlara malikdir, ümumi dövlətçilik baxımından isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan unitar dövlətdir. Hətta federativ və ya konfederativ dövlətlərdə belə, insan hüquqları, qanunun aliliyi, dövlət hakimiyyətinin həyata keçirilməsi və s. kimi məsələlər vahid Konstitusiya ilə tənzimlənir. Ona görə də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləndə Naxçıvanda formalaşdırılan seçki dairələrinin, qanunən, Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasına heç bir aidiyyəti olmur. Düzdür, Naxçıvan MR MSK -sı bəzən bu seçki dairələrinin tərkibini müəyyənləşdirməkdən belə çəkinmir, bunun üçün müxtəlif müdaxilələrə əl atır. Məsələn, qalmaqal yaradan məlum müsahibəmdən bir az əvvəl Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri polislə hədələyərək, mənim seçildiyim dairədə qırmızı diplomla universiteti bitirmiş, cəmi 10 gün əvvəl Azərbaycan MSK tərəfindən üzv seşilmiş gənc seçki komissiyasının katibini istefa verməyə məcbur etmişdi.

-O, yəqin, sizin partiyadan idi.

-Bəli, bizim partiyanın üzvü idi və namizədliyi bizim partiya tərəfindən irəli sürülmüşdü. Qanunla həmin yerə yalnız biz üzv təqdim edə bilərik. Bizim fikrimizi öyrənmədən, onun yerinə başqa bir adam təyin etmək istəyirlər. Hətta bu məqsədlə qanunsuz olaraq MSK-ya bir adamın namizədliyini təklif ediblər. Sözüm ondadır ki, Azərbaycan MM-ə seçkilərdə Naxçıvandakı dairə seçki komissiyasının tərkibi Azərbaycan MSK tərəfindən formalaşdırılır. Naxçıvan MSK-nın ordakı seçki komissiyalarının işinə qarışmaq səlahiyyəti yoxdur. Amma qarışır.

Naxçıvan qanunları Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməməlidir. O, sadəcə yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olmalıdır. Muxtariyyətlərin xarici siyasət yürütmək, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, ordu qurmaq səlahiyyəti yoxdur. Bu kimi məsələlər, istisnasız, mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir. Məsələn, İsveçrə konfederativ dövlətdir, amma onun subyektləri müstəqil şəkildə sərhəd, miqrasiya, ordu, gömrük, xarici siyasətlər yürüdə bilməzlər. Bunlar mərkəzi hakimiyyətə aiddir. Amma Naxçıvanda ümumi dövlət prinsiplərinə zidd olaraq səfərbərlik üzrə ayrıca çağırış xidməti fəaliyyət göstərir. Halbuki, onun muxtar respublikaya heç bir aiddiyyatı olmamalıdır. Eyni zamanda Miqrasiya Xidməti var; tam qanunsuzdur. Naxçıvan MR Gömrük Komitəsi də, həmçinin, qanundan kənar yaradılmış qurumdur. Bu kimi dövlət xidmət qurumlarının olması faktiki surətdə unitarlığa ziddir. Yenə deyirəm, hətta konfederativ dövlətlərin subyektlərinin belə, bu cür səlahiyyətləri yoxdur. Amma bizdə bu cür ənənələr formalaşıb. Zamanında hesab edilib ki, əlavə iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Məhz bu səbəbdən həmin qurumları bir qədər normal qarşılayıblar.

-Qüdrət bəy, bütün regionların yerli səlahiyyətləri var. Gəncənin də, Şəkinin də, Sumqayıtın da. Amma heç biri muxtariyyət deyil. Deməli, Naxçıvan muxtar respublika olmadan da yerli səlahiyyətlər əldə edə bilərdi...

-Muxtar respublika statusu Naxçıvanın tarixi taleyi ilə bağlıdır. Vaxtilə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan arasında razılaşma əsasında bu status Naxçıvana verilib.

-Aydındır. Amma o zaman buna zərurət vardısa, bu gün göründüyü kimi, ciddi problemə, hətta rəsmilərin etirafına görə, separatizm qaynağına çevrilir. Sizcə, bu statusu ləğv etməyin vaxtı çatmayıbmı? Üstəlik, Qars müqaviləsini imzalayan sübyektlərdən yanlız Türkiyə mövcuddur. Nə Rusiya SSFR, nə Azərbaycan SSR, nə Ermənistan SSR, nə də Gürcüstan SSR və onların birgə ittifaqı olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası var. Dolayısıyla, Qars müqaviləsinin nə qədər qüvvədə olması da mübahisəlidir.

-Mənə elə gəlir ki, nə vaxtadək Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Naxçıvanın muxtar statusunu müzakirəyə çıxarmaq olmaz. Amma gələcəkdə hansısa tarixi şərait yaranarsa, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ərazi bütövlüyü təmin olunarsa, əlbəttə, muxtariyyət statusu da ləğv edilməlidir. Bununla belə, hazırda Naxçıvandakı bəzi dövlət qurumları muxtariyyət hüdudlarını aşır və onlar ləğv olunmalıdır. Məsələn, gömrük keçid məntəqələrinin əməkdaşları Bakıdan təyin olunmalı, Naxçıvan Gömrük Komitəsi isə ləğv olunmalıdır. Bu zaman Naxçıvana gedib gələn insanlar gömrük yoxlamalarından qanusuz olaraq keçirilməz, əmlakları müsadirə olunmaz və qanunsuz rüsum ödəməzlər.

-Yadıma bir hadisə düşdü. Türkiyəyə oxumağa gedəndə mərhum Heydər Əliyevin müşaviri Rza İbadovun qəbulunda olmuşduq. Rza İbadov Türkiyəyə zəng edib dedi: Sizinlə konuşan Naxçıvan cümhurbaşkanının yardımçısıdır. Türkiyədən soruşdular: - Naxçıvan cümhuriyyətmi? Rza bəy cavab verdi ki, bəli, Azərbaycanın daxilində yerləşir. Soruşdular ki, kardeş, cümhuriyyət içində cümhuriyyətmi olur? Sizcə, bu, səhv sual idi?

-Rza İbadovun o sözünü qəribçiliyə salmayın. Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon İcra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır.

-Bəzilərinin fikrincə, Naxçıvanın muxar hüququ ermənilərin işinə yarayır. Ermənilər iddia edə bilərlər ki, Azərbaycan hökuməti bizə heç bir muxtar hüquq vermədiyi halda, Naxçıvan muxtar dövlət statusuna malikdir. Halbuki, Naxçıvan Azərbaycan xalqının qurucu subyekti olan milli çoxluğa məxsusdur, ermənilər isə etnik azlıqdır. Sizcə, bu, həqiqətən ikili yanaşma deyilmi və nə dərəcədə doğrudur?

-Ermənilər bunu iddia edə bilməzlər. Çünki biz dəfələrlə elan etmişik ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən geniş muxtariyyət statusu verməyə hazırıq. Amma o da həqiqətdir ki, bu gün Naxçıvanda mövcud olan sərhəd, gömrük, hərbi çağırış və səfərbərlik, miqrasiya xidmətləri kimi qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər. Bunlar isə müstəqil dövlətin atributlarıdır”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.