Arif Rəhimzadədən “Yeni Müsavat”a sensasion açıqlamalar

26-02-2019, 08:50           
Arif Rəhimzadədən “Yeni Müsavat”a sensasion açıqlamalar
“Ona dedim ki, mənimlə salamlaşma və sən adlı adamı tanımıram”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yeni Müsavat”a geniş müsahibə verib. Gündəmdəki müxtəlif məsələlərdən bəhs edən söhbətimiz zamanı komitə sədri sensasion açıqlamalar verdi, məsələlərə özünəməxsus yanaşmaları ilə bəzi hallarda bizi xeyli təəccübləndirdi. Adətən bir çoxlarının “quru adam” kimi xarakterizə etdiyi Arif Rəhimzadə əslində həmin şəxslərin təqdim etdiyi kimi deyilmiş. Üstəlik, çox dəqiq adam imiş. Görüş yerinə - Əhmədlidəki “Heydər parkı”na danışdığımızdan da bir neçə dəqiqə əvvəl gəlmişdi. Hətta parkı gəzib-dolaşmağa da vaxt tapmışdı. Heydər Əliyevin abidəsi qarşısında başlayan söhbətimizi təqdim edirik:

- Arif bəy, sizi adətən Heydər Əliyevə ən sadiq insanlardan biri hesab edirlər. Necə qarşılayırsınız belə fikirləri?

- Hesab edirəm ki, Heydər Əliyevə sadiq insanlar çoxdur, sadəcə, onların fikirlərini ifadə etməyə imkanı olmayıb. Mən o vaxt deputat olmuşam, tribunada çıxış etmişəm, ona görə də barəmdə belə rəy yaranıb. Ancaq onu istəyənlər, onun tərəfdarı olanlar az deyil. Ona görə də mən özümü ilahiləşdirmək, qəhrəman kimi təqdim etmək fikrində deyiləm.

- İndiyədək bu parkda olmuşdunuzmu?

- Sözün doğrusu, park yeni yaradılanda bir-iki dəfə gəlmişdim. Amma geniş gəzib görməmişdim.

- Arif bəy, bu günlərdə növbəti dəfə mətbuatda və sosial şəbəkələrdə deputatların yaşı ilə bağlı müzakirələr aparıldı. Bildirildi ki, deputatların 42-sinin yaşı 65 və 65-dən yuxarıdır. Bu sırada adı çəkilən deputat olaraq sizin parlamentin tərkibi barədə səsləndirilən fikirlərə münasibətiniz necədir?


- Deputat seçilmək istəyənlər bir neçə şərtə mütənasib olmalıdırlar. Namizədin seçiləcəyi dairədə nüfuzu, real seçilmək imkanı və siyasi partiya tərəfindən namizədliyi irəli sürülənlər üçün onun mənsub olduğu partiyanın bu məsələyə münasibəti əsas məsələlərdir. Deputat seçilmək istəyənin müəyyən dünyagörüşü, bilik səviyyəsi, həyat təcrübəsi də olmalıdır. Deputat olmaq üçün heç də müəyyən bir yaş əsas deyil. Əlbəttə, mən aşağı yaş məhdudiyyətini nəzərdə tutmuram. Yuxarıda qeyd etdiyim şərtlər həlledicidir. Digər tərəfdən, cəmiyyətdə yaşlılarla bərabər, cavan nəslin nümayəndələri də mövcuddur. Onlar da həm dövlət işində, həm də seçkili orqanlarda təmsil olunmalıdırlar və olunurlar da.

- Növbədənkənar parlament seçkilərinə hazırlıq görüldüyü iddiaları səngimir. YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü olaraq yəqin sizin dəqiq məlumatınız var...

- Düşünürəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə elə bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulur ki, Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Düzdür, məlum səbəblərə görə Milli Məclisin 125 deputatından 119-u fəaliyyət göstərir. Belə vəziyyət müəyyən çətinliklər yaratsa da, Milli Məclis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

- Növbəti parlament seçkilərinə qatılmaq fikriniz varmı?

- Seçkilərə iki ilə yaxın vaxt var. Yeni Azərbaycan Partiyası o vaxt hesab etsə ki, seçildiyim dairədə daha yaxşı namizəd var, mən bu qərarla razılaşacağam.

- Arif müəllim, sosial şəbəkələrdə varsınızmı? Ümumiyyətlə, orada yazılanları izləyirsinizmi?

- Sosial şəbəkələrdə varam. Lakin nadir hallarda ona müraciət edirəm. Yəni sizin dediyiniz kimi orada yazılanları mütəmadi qaydada izləmirəm. Amma hər bir fərd dediyinə, hərəkətinə görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki, sosial şəbəkələrdə əxlaqa zidd, tərbiyəsiz çıxış edənlərə qarşı qanunvericiliyin yol verdiyi qaydada məsuliyyət tətbiq olunmalıdır. İnternet vasitəsilə anonim çıxışların qarşısı alınmalıdır. Bu, tək bizim problemimiz deyil, ümumdünya problemidir. Odur ki, nə qədər tez öz həllini tapsa, cəmiyyət bir o qədər tez bu bəladan azad olar.

- YAP-ın icra katibinin müavini, deputat həmkarınız bir neçə dəfə deputatlara müraciət edərək “söyüş müxalifəti”nə qarşı aktiv mübarizəyə çağırıb. Bir sıra hallarda konkret adlar çəkilməsə də, deputatlar susqunluğuna görə ittiham olunur. Siz söyüş söyənlərlə mübarizənin hansı şəkildə tərəfdarısınız? Siyavuş Novruzov söyənlərə onların dili ilə cavab verməyə çağırdı, siz nə təklif edirsiniz?

- Birinci deməliyəm ki, etik qaydalara əməl etmək hər kəsin borcudur və fikirlərini söyüş formasında ifadə edənlərə müxalifət deməyi düzgün hesab etmirəm. Müxalifət deyəndə biz nəzərdə tuturuq ki, fərqli fikirdə olan bir siyasi qüvvə var və bu qüvvə ölkədəki inkişafın daha faydalı yolunu təklif edir. İnsanlara fikirlərini söyüşlə, təhqirlə çatdırmaq istəyənlər müxalifət deyil, bunlar əxlaqsız, tərbiyə görməyən insanlardır. Söyüşlə, təhqirlə mübarizə forması seçənlərə münasibət bildirməyə Azərbaycanın hər bir vətəndaşı borcludur. Əlbəttə, biz onların səviyyəsinə düşə bilmərik. Hesab edirəm ki, onların söyüşləri istədikləri insanlara deyil, məhz öz ünvanlarına yönəlir və cəmiyyət belələrini özündən uzaqlaşdırmalıdır.

- Maraqlıdır, belələrinə sizin cavabınız necə olur?

- Özümə aid bir misal gətirmək istəyirəm. Hazırda Milli Məclisin üzvü olan bir deputat 90-cı illərin əvvəlində Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədib. Mən onu üzdən yaxşı tanımırdım. Biləndə ki, o, həmin adamdır, bir qrup deputatın yanında ondan soruşdum ki, o vaxtlar Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədən sən idinmi? O, özünü itirdi və cavab verə bilmədi. Onda ona dedim ki, mənimlə salamlaşma və sən adlı adamı tanımıram! Görəndə ki, o, liftin qarşısında dayanıb, mən onunla bir kabinəyə minmirəm. Yəqin ki, xalqımızın ədəb-ərkanına uyğun digər formada da münasibət bildirmək olar.

- Çox ilginc məqama toxundunuz. Deyə bilərsinizmi, kimdir həmin deputat?

- Mən hesab edirəm ki, onun özünün əzabı özünə bəsdir. Bu mənada həmin deputatın adını açıqlamağa ehtiyac yoxdur.

- Heç olmasa adının baş hərfini deyə bilərsiniz?

- (Gülərək) Yox, heç orta hərfini də deyə bilmərəm.

- Arif müəllim, prezident İlham Əliyevin son addımları, sərəncamları, əhalinin müxtəlif təbəqələri ilə təmasları geniş müzakirələrə səbəb olub. Bir sıra müşahidəçilər ölkədə yeni mərhələnin başladığını söyləyirlər. Sizin qənaətiniz necədir?

- Prezident İlham Əliyev fəaliyyətinin bütün dövrlərində əhalinin müxtəlif təbəqələri ilə fəal təmasda olub. Azərbaycanda baş verən təbii fəlakətlər zamanı cənab prezident insanlara lazım olan bütün köməkliyi edib. Düşünürəm ki, ölkə başçısının belə hərəkətlərini hansısa dövrə aid etmək düzgün olmazdı. Belə münasibət ölkə vətəndaşlarına olan hörmət və ehtiramdan irəli gəlir.

Misal üçün, Şamaxıda baş verən zəlzələ barədə. Bütün dünyada qəbul olunmuş təcrübə var və bizim vətəndaşlarımız da bilirlər ki, mülkiyyətdə olan əmlak təbii fəlakətlərdən sığortalanmalıdır. Belə hallar baş verdikdə aldıqları sığorta vəsaiti hesabına əmlaklarına dəyən ziyanı bərpa edə bilərlər. Əfsuslar olsun ki, bu haqda müvafiq qanunvericiliyin olmasına, lazımi izahat işlərinin aparılmasına baxmayaraq, biz bu məsələyə məhəl qoymuruq. Sonuncu təbii fəlakət zamanı və ondan əvvəlkilərdə də əhaliyə dəyən ziyan cənab prezidentin göstərişi ilə dövlət tərəfindən tam olaraq ödənilib. Dövlət başçısı bunu etməyə də bilər və heç kəsin haqqı yoxdur ki, onu qınasın. Lakin İlham Əliyev insanların çətin günlərində həmişə onların yanında olub və lazımi tədbirlərin operativ qaydada həyata keçirilməsini təmin edib. O ki qaldı ölkədə yeni mərhələnin başlanmasına, dövlətin iqtisadi imkanları artdıqca sosial-iqtisadi inkişafın istiqamətləri və idarəetmə sistemi təkmilləşir. Təbii ki, bu işlərin ideya müəllifi və təşkilatçısı yenə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

- Arif bəy, sizin hakimiyyətin sadiq müdafiəçisi olduğunuza, prezidentə sədaqətinizə kimsə şübhə etmir. O mənada münasibətiniz çox maraqlıdır, ölkədə hansı addımların atılmasına zəruri ehtiyac var?

- Hesab edirəm ki, cənab prezident tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən idarəetmədə olan dəyişikliklər məhz bu məsələyə yönəldilib. Biz Stalin dövründə yaşamırıq, onda kolxoz və ya sovxozun bağından bir kiloqram meyvə yığan insanlar məhkum edilir, yaxud fəaliyyətində hər-hansı səhvə yol verənlər sürgün olunurdular. Biz demokratiya dövründə, azadlıq və sərbəstlik şəraitində yaşayırıq və hər birimiz həyatda, fəaliyyətimizdə üzərimizə düşən vəzifələrin məsuliyyətini dərk etməli, bütün sahələrdə qanunun tələblərinə əməl etməliyik. Biz bəzən özümüzdən məsuliyyət tələb etmirik, xırda məsələlərin həllində də üzümüzü cənab prezidentə tuturuq.

Bu yaxınlarda bir nəfər mənə müraciət etdi ki, 9 mərtəbəli evin birinci mərtəbəsində yaşayır. Şikayətləndi ki, yuxarı mərtəbələrdə yaşayanlar zibili, hətta uşaq bezini belə, aşağı mərtəbəyə atırlar. Hər gün binanın giriş meydançasında çoxlu zibil toplanır. Mənim iradlarıma evin sakinləri məhəl qoymur və oranı mən təmizləmək məcburiyyətində qalıram.

Hesab edirəm ki, həyatımızda belə hallara qarşı lazımi ictimai fəallıq göstərmirik, nöqsana yol verənlərə qarşı ictimai qınaq tətbiq etmirik. Belə hallar az deyil və hər xırda məsələnin həllini də ölkə rəhbərindən gözləsək böyük səhvə yol verərik.

- Sizcə, bir sıra məmurlar niyə xalqa prezident qədər yaxın olmaq istəmirlər?

- Məmurlar da bizim içimizdən olan adamlardır, onlar hansısa başqa ölkədən gəlməyiblər. Və cənab prezidentin dediyi kimi: “Bütün dövlət məmurları - prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”. Bu tapşırığın məsuliyyətini hamımız anlamalı və icrasını təmin etməliyik. Hər yerdə nöqsanlar var. Harada nöqsan yoxdur? Bəlkə Amerika, Fransa, ya İngiltərədə yoxdur? İntəhası nöqsan var ki, düzələsidir. Nöqsan çox vaxt siyasi xəttin nəticəsi deyil, ayrı-ayrı şəxslərin səhlənkarlığı nəticəsində olur.

- Bəs talançılıq? Məsələn, prezidentin etimad göstərdiyi məmurun bir gün dövlətin, xalqın sərvətlərini taladığı üzə çıxırsa, onda necə? Belələri ilə necə mübarizə aparmaq lazımdır?

(davamı növbəti sayımızda)

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.