İran buna görə mənə milyonlar verirdi: bir şərti vardı... - Şeyx
26-02-2019, 10:29
Kult.az əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudovla müsahibəni təqdim edir:
- Əbdül müəllim, kinoya gəlişinizin tarixçəsi maraqlıdır: necə baş erdi və indi buna görə peşman deyilsiniz ki?
- Mən Qobustanda böyümüşəm. O vaxt kəndimizə kino heyəti gəlmişdi. Onlar “Bir məhəlləli iki oğlan” filmində kütləvi səhnələrdə çəkilmək üçün yeniyetmə axtarırdılar. Mən fərqli uşaq idim - boy-buxunlu, çalışqan. Ona görə də seçilən 10-15 uşaq arasında mən də oldum.
Sonra bəlli oldu ki, bu filmdə bir az zirəklik lazımdır. Çünki qatar gedə-gedə ağalar, xanımlar bizə pəncərədən konfet, banan atırlar, biz də onları götürüb qaçırıq.
Çox-çox sonralar yazıçı Fərman Kərimzadə mənim haqqımda bir esse yazmışdı, çox gözəl də bir başlıq qoymuşdu: “Konfet dalınca düşüb kinoya gələn oğlan”. Arada deyirəm, kaş o konfet olmayaydı, mən də kinoya gəlməyəydim. Başqa sahələrə gedər, uğur əldə edə bilərdim. Gördüyünüz kimi, son 20 ildə kinomuzda durğunluq var. Amma bir tərəfdən də taleyimə minnətdaram ki, məhz kinoya gəlmişəm.
- “Yeddi oğul istərəm” filmindəki Qasım obrazı ilə məşhurluq qazandınız. Bu obrazın sevilməsinə səbəb nə idi?
- Məndə xalqımızın tarixinə, milli-mənəvi dəyərinə, yaranışına, heyrətamiz poeziyasına, musiqisinə daim maraq olub. Həmişə mədəniyyətə, milli-mənəvi dəyərlərə bağlı insan olmuşam. Bu obrazın da sevilməsinə səbəb Qasımın mənəvi dəyərlərə daha çox bağlı olmasıdır. Bu yaxınlarda bir siyasətçimiz “Yeddi oğul istərəm” ilə bağlı deyib ki, bu, siyasətdir, rusları, bolşevikləri Azərbaycana gətiriblər-filan. Əvvəla, bu əsərin nəhəng şəxsiyyətləri var – Səməd Vurğun, Tofiq Tağızadə, Adil İsgəndərov. İkincisi, bu film məişət zəminində, sosial bərabərsizlik üzərində çəkilib. Bu filmdə bizim qoruyub saxladığımız, tariximiz üçün dəyərli epizodlar var. İlk dəfə biz Novruz bayramını, folklor oyunlarımızı, dinin xurafat, yalançı yönlərini, mövhumatı, cəhalət olduğunu bu filmdə açmışıq. Bu film Azərbaycan xalqının tarixi, mədəniyyət nümunəsi kimi 128-dən çox ölkədə göstərilib.
- Necə oldu ki, “Yeddi oğul istərəm” filmində yaratdığınız Qasım obrazından qısa müddət sonra “Nəsimi” filmində Dərvişi canlandırdınız?
- O dövrdə kinostudiyada böyük sənətkarlarımızın yanında aktiv fəaliyyətə başlamışdım. Onlar mənə diqqət yetirirdilər və görürdülər ki, dilimizi, tariximizi bilirəm, adət-ənənə, folklor, etnoqrafiya ilə maraqlanıram. Elə qısa müddətdə Dərvişi canlandırmağıma səbəb də kinostudiyada öz sözünü demiş aktyora çevrilməyim idi.
- Dərvişin missiyası nədir?
- Prinsip etibarı ilə dərvişlər qədim Azərbaycan mənəviyyatını, əxlaqını, ideologiyasını bütün dünyaya təbliğ etməklə məşğul idilər.
- “Şah İsmayıl Xətai” adlı film çəkmək istədiniz. İdeya haradan gəldi?
- Soya, kökə bağlılıq mənim ailəmdən gəlir. Mənim üçün ən böyük dəyərlərdən biri Şah İsmayıl Xətaidir. Əvvəla, mən o nəsildənəm, ulu babalarımız Ərdəbildən gəlib. İkincisi, Azərbaycan üçün Şah İsmayılın 3 əvəzolunmaz xidməti var:
1. Anadilli dövlətimizin əsasını qoyub.
2. İki milyon 800 min kv/km-lik vahid dövlətə tabe ərazimizi yaradıb və bu imperiyamızın 230 il ömrü olub. Təsəvvür edin, Dünya müharibəsindən qalib çıxmış Sovet imperiyası belə sadəcə 70 il mövcud ola bildi.
3. Ən nəhayət, Şah bizim mənəviyyat, əxlaq tariximizi formalaşdırıb.
Ssenari də bu 3 dəyər üzərində qurulmuşdu.
- Uzun müddətdir kino sahəsində yeni işlərinizi görmürük. Səbəbi nədir?
- Şah İsmayılla bağlı film çəkmək istəyi mənim faciəmə çevrildi. O işdən yapışdım, 34 ildir asılıb qaldım. Sovet dönəmində aləm qarışdı, qorxdular, imkan vermədilər. Müstəqillik dönəmində müəyyən çətinliklər yarandı. Vəziyyət durulandan sonra istəyimi Heydər Əliyevə bildirdim və o, dərhal göstəriş verdi. Beləcə, biz şəxsən Heydər Əliyevin xüsusi nəzarəti altında işə başladıq. O deyirdi ki, Azərbaycana dünya ölkələri gələcək, böyük müqavilələr imzalayacağıq, qoy ölkəmizə gələnlər bizim tariximizi görsünlər. Onlara göstərəcəyik ki, möhtəşəm, dünyaca əzəmətli olan böyük bir xalqın yaratdığı dövlətə gəliblər.
Bu ssenariyə xeyli pul xərcləndi. Artıq obyektləri, kostyumları, aktyorları seçməyə başlayırdım. H.Əliyev dünyasını dəyişəndən sonra iş dayandı, bu işi dayandıran, bizə əngəl olan adamlar bu gün iqtidarda deyillər.
Film hələ də gündəmdə qalır. Ora Şah Məhəmməd Qacarı, Xurşidbanu Natəvanı, Qarabağ problemini əlavə etmişəm. Bunlar hamısı ssenari-layihə olaraq qalır. Mən özümü bu işə həsr etmişəm deyə digər mövzular mənasız gəlir. Qəribədir ki, artıq 20 ildir başqa film üzərində işləmirəm.
– Sizcə, hürufi-səfəvi fəlsəfəsinin oxşarlığı varmı?
– Dünya yaranandan bütün fəlsəfi kəlamlar, dahi şəxsiyyətlər, dövlət və dövlətçilik ənənəsi 2 qanunun üstündə qurulub: işıq-qaranlıq, haqq-nahaq, düz-əyri. “Məndə sığar iki cahan” da bu ikilikdəndir. Həmin o mədəniyyətlərin kökündə də çox adi 2 söz durur: bu sözün biri yaylaq sivilizasiyasıdır, digəri qışlaq. Nədir bu qışlaq mədəniyyəti sivilizasiyası? Bu, oturaq mədəniyyətimiz deməkdir. Oturaq mədəniyyəti də izah edəndə onun həyat tərzi, geyim, yeməklər, əkin-biçin, maldarlıq və s. nəzərdə tutulur.
İnsanın iki həyatı var: oturaq və köç. Köç həyatı ilə bu yaratdığın mədəniyyətləri mərhələ-mərhələ dünyaya yayırsan. Bizim xalq da bu qanunun hər iki tərəfini dünyaya çatdırmaq üçün nəhəng şəxsiyyətlər yetişdirib. Hürufi–səfəvi fəlsəfəsinin də kökündə bu iki qanun durur.
- Müsahibədən əvvəl dediniz ki, çağdaş dünya sivilizasiyası Azərbaycanda yaranıb. Nəyə əsasən bunu deyirsiniz?
- Zərdüşt deyir ki, göydən üç od düşdü və üçü də üç tərəfi su, bir tərəfi quru olan torpağa düşdü. Bu da Abşerondur, yəni dünyanın yarandığı yer. Bu üç od hansılardır? Atəşgah, Yanardağ və Pirallahı. Üçü də minillərdir yanır.
Bizim kinoda, yazı-pozuda, ideologiyada kimdənsə nəsə götürməyə ehtiyacımız yoxdur, hamısı özümüzdə var. Amma lazımi səviyyədə təqdim, təbliğ edə bilmirik.
Əslində, arxeoloji qazıntılar sivilizasiyanın bizim torpağımızda yarandığını deməyə əsas verir. Ta o vaxtda Azərbaycanda ilahi qüvvə, elm, ağıl mərkəzləri olub. Bizim folklorumuzda, mahnılarımızda da deyilir ki, “Yer yox ikən, göy yox ikən ta əzəldən var idim”. Məsələn, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri də bu fəlsəfi anlayışın işartısıdır. Əslində, irfan, sufi, hürufi, marksizm, leninizm – bunlar hamısı o köynəkdən çıxıb.
- Qorxulu bir vəziyyət yaranıb. Bəzi şəxslər Səfəvilər İmperiyasının İran dövləti olmasını iddia edirlər. Maraqlıdır, bu iddia haradan qaynaqlanır?
- O vaxt Heydər Əliyev mənə dedi ki, bu elə bir məsuliyyətli işdir ki, burada uduzub biabır da ola, çox böyük uğur qazanıb yüksələ də bilərsiniz. Uğurun yeganə yolu isə konkret faktlardır. Faktsız heç nə eləmə! Məndə çox ciddi sənədlər, həmçinin bir İran tarixçisinin konkret faktlarla yazdığı kitab var.
Əslində, o vaxt Kirmanşahda balaca bir İran dövləti qalmışdı. Farslar gəlib Şaha deyiblər ki, bizi də götür təbəəliyinə. Şah İsmayıl isə müstəqil Azərbaycan dövlətini bərpa etdiyini bildirib.
Film söhbəti bağlanandan sonra məni İran səfiri çağırmışdı. O, görüşdə məni hörmətlə qarşıladı, dedi, ağa, mən İran hökuməti adından bu işdə çox maraqlıyam. Biz neçə illərdir sizin Şah İsmayılla bağlı fəaliyyətinizi ciddi şəkildə izləyirik. Dedi, axırıncı bəyanatınızı oxuduq (mən əsəbi şəkildə bir bəyanat verib, 3-4 ay xaricdə qalmışdım). Bildirdi ki, rəsmi Tehran bu filmi çəkməyim üçün məni İrana dəvət edir və milyonlarla pul ayırır. Dedi, dünyanın hansı ölkəsində, necə istəyirsiniz çəkin, amma bir şərtlə - Şah İsmayıl Xətai İran hökmdarı kimi təqdim olunsun. Dedim, İran o günə qalıb ki, bizim tariximizə yiyələnir? İranın Keykavusu, Darası, II Kirinə nə olub ki?! “İran hökuməti çox səhv edib” deyərək, ayağa qalxanda əlimdən tutdu. Bayıra çıxandan sonra məlum oldu ki, o, əslən azərbaycanlıymış. Məni qucaqlayıb dedi ki, gözlərinizdən öpürəm, siz çox böyük bir xarakter nümayiş etdirdiniz. Bizə İranın təkliflərini qəbul edən bir neçə rejissor müraciət edib. İran hökuməti deyir, yox, Şeyx Əbdül çəksin, çünki o, Ərdəbildəndir.
Açığı, İran heç indi də əl çəkmir. İran Füzulidən, Nizamidən, muğamdan əl çəkir ki, ondan da əl çəksin?!
- Bu il prezidentin sərəncamı ilə “Nəsimi ili” elan olunub. Nəsimi ilindən gözləntiləriniz nələrdir?
- Mənim gözləntim yox, xahişim olacaq. Prezidentdən xahiş edirəm ki, İmadəddin Nəsimi yaradıcılığının araşdırılması üçün xüsusi bir komissiya yaradılsın. Bu komissiyaya xüsusi nəzarət olunsun ki, sərəncamdan sui-istifadə edilməsin. Bu gün Avropada elə böyük tədqiqatçılar, nəsimişünas alimlər var ki, bunlar bizdən yüz dəfə savadlıdırlar. Təəssüf ki, Azərbaycanda Nəsimini bilən çox az alim qalıb. Quluzadələr, Əli Fəhmi, Ə.Şərif, H.Araslı öldü və bu səbəbdən Azərbaycanda nəsimişünaslar azdır. Populistlik edib gündəmə gəlmək, Nəsimi ilə alver etmək bizi dünya alimlərinin gözündən sala bilər.