“Uşaqlara zarafatla deyirəm ki, bunlar “Qırmızı kitab”a düşüblər” – Vüsalə Mahirqızı
1-03-2019, 00:00
Teleqraf.com yeni yaradılan Online News Agency (ONA) rəhbəri Vüsalə Mahirqızı ilə müsahibəni təqdim edir:
- Vüsalə xanım, agentliklə bağlı anons verəndə ONA-nın mediaya yeni nəfəs gətirəcəyini açıqlamışdınız. Yeni layihənizdə nələr olacaq, əvvəlcə, buna aydınlıq gətirək.
- İstənilən sahədə yeni qurum yaranırsa, onu yaradanlar hesab edirlər ki, bu sahədə yeniliyə ehtiyac var. Yenilik etmək və ortaya fərqli bir şey qoymaq lazımdır. Biz indi mövcud olanları təkrarlayacağıqsa, niyə yaranaq ki?! Zatən onlar var. Ona görə istənilən bir struktur yaranırsa, söhbət təkcə mediadan getmir, onun məqsədi elə yeni nəfəs gətirməkdir.
- Bəs ONA APA-dan nə ilə fərqlənəcək?
- Mən, ümumiyyətlə, müqayisə etmək istəməzdim. Çünki APA tamamilə fərqli, klassik stilli agentlik idi. APA-nın əsas məqsədi olduğu dövrdə Azərbaycanda xəbər mühitini əhatə etmək, toplu xəbərlərin istehsalı və satışı ilə məşğul olmaq idi. ONA da yenə eyni işi görəcək. Amma biz artıq yeni bir mərhələdə işləmək istəyirik və bunun üçün tamamilə yeni infrastruktur qurulub. APA-nın əsas redaksiyası Azərbaycan dilində idi və başqa dillərdə tərcümə redaksiyaları var idi. Amma ONA fərqli bir konseptdə qurulub. Burada tərcümə redaksiyaları deyil, bir sıra dillərdə redaksiyalar fəaliyyət göstərir. Həmin tərcümə redaksiyalarını redaktorları və müxbirləri olan redaksiyalar əvəz edir. ONA brendi altında bir neçə dildə saytlar fəaliyyət göstərəcək. Gələcəkdə dizayn da buna uyğunlaşdırılacaq. Çünki bizim xarici dillərdə buraxılışlarımızın sayı artırılacaq. Eyni zamanda müasir trendlərə uyğun, sosial mediaya yönəlik fəaliyyət göstəriləcək. Bundan başqa gördüyünüz kimi, videogörüntülərimizin sayını artırmışıq. Əvvəllər APA agentliyi videogörüntü yayımı ilə məşğul deyildi. Biz videogörüntüləri yalnız APA TV-dən almaqla yayımlayırdıq. Ancaq indi agentlik özü videogörüntülərin yayımı ilə məşğuldur və bu videogörüntülər agentlik standartlarında yayımlanır. Tezliklə hadisələrin və maraqlı müsahiblərin canlı yayımları olacaq.
- Videogörüntülərin yayımına keçid hansı ehtiyacdan doğur? Bu, sosial şəbəkə auditoriyasına hesablanıb?
- Müxtəlif araşdırmalar, Google Analitik nəticələri göstərir ki, texnologiyanın inkişafı ilə əlaqədar olaraq bu gün saytlara daxil olanların, sosial şəbəkə istifadəçilərinin təxminən 60-70 faizi mobil vasitələrdən istifadə edir. Artıq tendensiya buna doğru gedir. Əvvəl bizim oxucumuz sənin yazdığını oxumaq istəyirdisə, bir müddət sonra onlar bunu görmək istədilər. Bir neçə il əvvəl yazıların içində fotolar daha trend idi. Bundan gələn ehtiyacdan saytlar fotoları böyütməyə başladılar, fotosessiya anlayışı gəldi və fotoqalereya bölümləri yarandı. İndi isə müasir oxucu və istifadəçi istəyir ki, siz onu hadisə yerinə aparasınız. Videogörüntü artıq çox asan bir şey olub. Əvvəla, ona görə ki, internet daha çox yayılıb, artıq interneti olmayan adam demək olar ki, yoxdur. Ölkə əhalisinin çox böyük əksəriyyəti, yəqin təxminən 70 faizdən çoxu “ağıllı telefon” istifadəçisidir. Yəni, adamların video çəkmək və paylaşmaq qayğısı yoxdur. Böyük əksəriyyət hər şeyi bir-birlərinə video və ya səslə göndərir.
Media insanların daha çox istifadə etdiyi alətlərin və vasitələrin təbliği ilə məşğul olan, onlarla körpü yaradan vasitədir. Bu gün insanlar özləri bir-birinə hər hansısa bir xəbəri, məlumatı, informasiyanı ötürürlər. Əvvəllər kimsə zəng edərək danışırdısa, indi bir şeyi göstərmək üçün çəkib göndərirlər. Əgər adamlar üçün bu, praktikləşibsə, media bunun ardınca getməlidir. Yəni bu trendi daha da artırmalıdır. Bu baxımdan videogörüntülər zamanın tələbidir.
Görüntü faktdır, adamlar üçün daha çox inandırma vasitəsidir. Bir neçə il bundan əvvəl bu, media, eləcə də insanlar üçün böyük vəsait demək idi. Məsələn, kimsə bir yerə gedəndə çəkiliş üçün fotoqraf çağırmalı idi. Hansısa yığıncaq olanda haradansa bir operator tapmaq lazım idi. İndi isə buna ehtiyac yoxdur. Hər kəs istənilən yerdə və istədiyi zamanda mobil telefonla çəkir və canlı yayım açır. Artıq hər kəs jurnalistdir, vətəndaş jurnalistikası formalaşıb. Cəmiyyət bir balaca nə isə edirsə, media ondan daha artığını etməlidir. Belə bir vəziyyətdə cəmiyyətin avanqardı olan medianın bu trenddən kənarda qalması yolverilməzdir. Hazırkı dövrdə media orqanını videogörüntüsüz təsəvvür etmək qeyri-mümkündür. Ola bilsin, hansısa sayt bundan istifadə etmir, bu da bir seçimdir. Amma xəbər istehsalı və yayımı ilə məşğul olan qurum, informasiya agentlikləri mütləq bundan istifadə etməlidirlər. Çünki hədəfimiz odur ki, abunəçilərimiz arasında yerli və xarici televiziyalar olsun. Televiziya üçün də mütləq videogörüntü satmaq lazımdır.
- Agentlik, portal, saytın adı çəkiləndə elə onlayn media nəzərdə tutulur. Bu baxımdan ONA-nın adı da müzakirələrə səbəb oldu...
- Bilirdim ki, marketoloqlar və kimlərsə adla bağlı nə isə deyəcəklər. Məsələ elə məhz o yanaşmaya nail olmaq idi. Müəyyən sözlər var ki, bir müddətdən sonra onlar özlərinin hərfi mənalarından çıxır və brendləşir. “Onlayn” sözü bu gün sadəcə onlayn olmaq anlayışını daşımır. “Onlayn” ifadəsi artıq sürət, operativlik və hərəkət deməkdir. Məhz bu baxımdan, onlaynlıq, canlı yayımların verilməsi və sairi əks etdirmək üçün bu adı seçdik. Bizim iddiamız bu sözü dediyimiz formada brendləşdirmək və öz hərfi mənasından çıxarmaqdır.
- Lent.az və Kulis.az bərpa olundu. Bərpadan sonra nə kimi fərqlər, hansı yeniliklər olacaq?
- Mən daha çox menecment işləri ilə məşğul oluram. Təbii ki, Lent.az və Kulis.az-ın yeni layihələri var. Bu layihələrdə media şirkəti olaraq, bütünlükdə öz xəttimizə sadiq qalacağıq. Bizim əsas işimiz Azərbaycanla bağlı doğru informasiya siyasətini həyata keçirməyə davam etmək və ölkəmizin nüfuzu ilə bağlı xarici dillərdə mətbu məlumatlar yaymaqdır.
Lent.az-ın konsepsiyasında əsas məsələlərdən biri Dağlıq Qarabağ məsələsini, müharibədən əziyyət çəkən insanları daim diqqətdə saxlamaq və şəhidlərimiz, onların ailə üzvləri ilə bağlı yazılar hazırlamaqdır. Artıq bununla bağlı Lent.az-da “Yadigarlar” layihəsi başlayır. Bu layihədə silsilə olaraq şəhid varisləri ilə müsahibələr olacaq. Vüsalə Məmmədovanın Dağlıq Qarabağla bağlı yazıları yenə də davam edəcək.
Eyni zamanda Azərbaycanın tolerant bir ölkə olduğunu göstərmək üçün müxtəlif layihələr var. Kulis.az yeni yazarların, yeni imzaların meydana çıxmasına və onların yazılarının yayımlanmasına şərait yaradacaq. Artıq bir neçə məşhur romanın ilk variantının bizdə təqdim olunmasına hazırlıq görülür. Yeni, xüsusilə auditoriyaya ehtiyacı olan gənc yazarlar cəlb olunacaq, dünya ədəbiyyatından, xüsusilə də yeni ədəbiyyatdan tərcümələr təqdim ediləcək. Ümumiyyətlə, ədəbiyyatla, mədəniyyətlə, incəsənətlə bağlı məlumatların verilməsi xəttinə sadiq qalacağıq. Mən biznes tərəfini deyə bilərəm ki, bu layihələrin içərisində müxtəlif onlayn mağazaların yaradılması nəzərdə tutur, yaradıcılıq tərəfini baş redaktorlar bilir.
- Bəs Vesti.az niyə bərpa olunmadı?
- Bayaq ilk suala cavabda dedim, ONA tamamilə yeni konseptdə fəaliyyət göstərəcək, agentliyin xarici dilləri tərcümə versiyası deyil, onlar bir redaksiya kimi fəaliyyət göstərəcəklər. Buna görə də düşündük ki, rusdilli ONA-nın orijinal materiallar, reaksiya və replikaları olduğuna görə bir şirkətin içində iki rusdilli, yaxud ingilisdilli sayta ehtiyac yoxdur. Vesti.az da buna görə təxirə salındı. Artıq yeni brend və onun içərisində rus dilində redaksiya var.
- Vesti.az-ın komandası agentliyin rus versiyasına cəlb olundu?
- Cəlb olunanlar da, olunmayanlar da var.
- Ümumilikdə bütün əməkdaşlarınıza dəvət göndərildi?
- Bəli, etik qaydada əvvəlki əməkdaşlarımızı dəvət etdik. Bəzi adamlar ötən müddət ərzində özlərinə daha yaxşı iş yeri tapdılar. Bəzilərinin obyektiv və subyektiv səbəbləri var. Bəziləri ilə bağlı biz seçim etdik, bəzisi bizlə bağlı seçim etdilər. Amma demək olar ki, kollektivin böyük əksəriyyəti buradadır.
- Kulis.az və Lent.az öz adlarında bərpa olundu. Niyə APA-nı öz adında yenidən bərpa etmədiniz?
- Bu, tamamilə yeni bir brend oldu. İstədik ki, klassik agentlik modelindən imtina edib, tamamilə yeni adla, yeni baxışla ortaya çıxaq.
- Biznes layihələrinizin taleyi necə olacaq?
- Bizneslə bağlı mənim yalnız bir layihəm - e-tibb.az layihəm var, əlbəttə, davam edəcək. Ümumiyyətlə, bu layihəni genişləndirmək fikrimiz var. Bu layihə biznes layihəsidir, amma tamamilə biznes layihəsi də demək olmaz. Əsasən, insanları maarifləndirmək əhəmiyyəti var. Biz istifadəçilərimizə - Azərbaycan auditoriyasına yaxşı nümunələri, həkimləri, səhiyyə ocaqlarını göstərmək istəyirik.
Azərbaycan dilində səhiyyə, xüsusən sağlamlıqla bağlı məsləhətlər çox azdır. Bizim insanlar ya rus, ya da türk mənbələrinə daha çox müraciət edirlər. Çünki Azərbaycan mənbələrində bu məlumatlar çox azdır. Biz əvvəla istədik ki, Azərbaycan dilində o maarifləndirməni və məlumatlandırmanı aparaq. Nurşən Quliyevlə birgə sosial şəbəkələrdə tez-tez görürdük ki, insanlar “ən yaxşı həkimi hardan tapmaq olar və bizə məsləhətlər verin” və s. kimi suallar yazırlar. Biz düşündük ki, həqiqətən bu layihəyə çox böyük ehtiyac var. Həm istifadəçilər, həm də klinikalar və həkimlər üçün çox yaxşı bir layihədir. Həkimlərin də ən çox şikayətləndiyi budur ki, mən yaxşı həkiməm, amma piarım və təqdimatım yoxdur.
Biz onlara onlayn bir klinika, kabinet təqdim edirik. Özünə güvənənlər gəlsin və məlumatlarını, sertifikatlarını yerləşdirib pasiyentləri olacaq şəxslərin suallarına cavab versinlər. Yeni layihələrimiz yarandığına görə e-tibb.az bir az ikinci plana düşdü. Amma bu layihə ilə bağlı çox işlər görülüb və yaxında təqdimatı olacaq. O layihə çərçivəsində həkimin qəbuluna onlayn olaraq yazılmaq mümkün olacaq, həkimlər öz aksiyalarını burada elan edə biləcəklər. Eyni zamanda əgər siz bir həkimə getmisiz və onun xidmətindən xəbərdarsınızsa, faydasını görmüsünüzsə, öz fikirlərinizi yaza bilərsiniz. Biz istifadəçiləri məhz buna çağırırıq.
Əgər kimsə bir həkimdə yanılıbsa, başqalarının yanılmaması üçün bu aktivliyi göstərsin. Biz istifadəçiyə öz sağlamlığının qeydinə qalması üçün yaxşı seçim müstəvisi veririk. Özünə güvənən və “mənim piarım yoxdur” deyən həkimlərə və klinikalara onlayn klinika təqdim edirik ki, gəl, öz piarını qur, biz də sənə dəstək verək, işlə. Gələcəkdə o layihənin içərisində onlayn tibb mağazası da fəaliyyət göstərəcək. Layihə ilə bağlı planlar genişdir, sadəcə indi daha çox informasiya agentliyinə fokuslanmışıq, gələcəkdə layihə davam edəcək. Başqa hələ ki elə bir biznes layihəm yoxdur.
- Media qurumunun bir neçə dildə fəaliyyət göstərməsi üçün peşəkar kadrlar varmı? Xaricidilli jurnalistlərin səviyyəsi qanedicidir?
- Dediyim kimi, əməkdaşlarımızın bir qismi gələ bilmədi, bir qisminə biz müraciət eləmədik. Təbii ki, yeni nəfəs, yeni insanlar lazım idi. Ümumiyyətlə, media qurumu üçün yenilənmə xüsusən vacibdir. Düzdür, insanlarla uzun müddət işləməyi sevirəm, amma jurnalistin çevikliyini itirməməsi üçün yanında gənc, enerjili jurnalisti hiss eləməlidir. Ona görə də xeyli jurnalist cəlb eləmək üçün axtarışlara başladıq.
Bizim əvvəlki dövrdə stabil və oturuşmuş, uzun müddət bizimlə bir yerdə işləyən komandamız olduğuna görə bəlkə o qədər görmürdüm. Amma son formalaşma dövründə çox ciddi kadr probleminin olduğunu gördüm. Əslində bu məsələ Mətbuat Şurasında qaldırılmalıdır, yaxud hansısa universitetlərlə bir yerdə onlayn jurnalistika kursları açılmalıdır. Gələcəkdə xaricdə təhsil üçün tələbə göndərilməsi konsepsiyası olacaqsa, burada jurnalistika mütləq nəzərə alınmalıdır.
Cənab prezident də media ilə bağlı tövsiyələrini deyəndə əsas söylədiyi məsələlərdən biri Azərbaycanın xarici dilli media qurumlarının çox olması ilə bağlı idi. Özü də bu yaxınlarda yerli mediaya müsahibəsində bildirmişdi ki, daha çox xarici mediaya müsahibə verməsinin səbəbi Azərbaycan həqiqətlərini və reallıqlarını dünyaya çatdırmaqdır.
Xarici mediada Azərbaycan barədə materiallar ölkəmizin inkişafı və gələcəyi üçün çox mühüm məqamdır və doğru təsbitdir. Azərbaycan mediasının bu işi görməyi üçün xaricidilli kadrlar çox olmalıdır. İnsanların ingilis dilini yaxşı bilməyi əsas deyil. İngilis dilini bilməklə yanaşı jurnalist işləyəcəyi sahəni yaxşı bilməlidir. Məsələ ingilisdilli jurnalist məsələsi deyil. Söhbət beynəlxalq siyasəti, iqtisadiyyatı bilən ingilisdilli jurnalistdən gedir. Artıq ingilisdillilik deyil, peşəkarın ingilis, fransız, ərəb dilini bilməsi vacibdir. İqtisadçılar var ki, çox yaxşı mütəxəssisdirlər, amma jurnalistika bilikləri və vərdişləri azdır.
Bu günlərdə ən çox axtardığımız, ciddi problemə çevrilən məsələlərdən biri iqtisadiyyat müxbirləri, iqtisadi analitiklərdir. Onlar o qədər azdırlar ki. Son zamanlar ölkəmizdə xeyli yeni iqtisadi qurumlar yaranıb və onlar normal maaşla bu insanları cəlb edir. Açıq deyək, jurnalistikada dövlət qulluqçusu ilə müqayisə olunmaz dərəcədə ağır və fasiləsiz iş rejimidir. İnsanlar haqlıdırlar, seçim edəndə rahatlıqlarını, perspektivlərini düşünürlər. Yaxşı maaş müqabilində belə biz iqtisadiyyat müxbiri tapa bilmirik.
Uşaqlara zarafatla deyirəm ki, bunlar artıq “Qırmızı kitab”a düşüblər. Problemlərimizdən biri ingilis, fransız, ərəbdilli redaktorlar, müxbirlərlə bağlıdır. Xüsusilə rusdilli jurnalistlərimizin sayının getdikcə hədsiz dərəcədə azaldığını vurğulamaq istərdim. Kimin nə deməyindən asılı olmayaraq, Cənubi Qafqaz regionunda olan bir ölkənin media qurumlarında peşəkar rusdilli jurnalistlər işləməlidir. Hətta rusdilli peşəkar media qurumu prioritetdir. Bizim Dağlıq Qarabağ kimi problemimiz var və bizim regionumuzda beynəlxalq dillər arasında rus dili hegemondur. Bu, etiraf olunmalı faktdır. Regionumuzun ümumi kommunikasiya dili rus dilidir. Biz öz regionumuzda tamamilə anlaşılmaq, regionumuza öz dərdimizi çatdırmaq istəyiriksə, rus dilində çox peşəkar media qurumlarımız olmalıdır. Hesab edirəm ki, bu problemlə dövlət universitetləri məşğul olmalıdırlar. Rusdilli jurnalistlərin sayı sürətlə azalır.
- Xatırlayırsınızsa, Rusiyaya media rəhbərlərinin səfəri təşkil olunanda rusdilli media kapitanı seçimində problemlər yaşanmışdı...
- Bəli. Rusdilli jurnalistlərin böyük əksəriyyəti artıq yaşlanıb. Düşünün, onların çoxu müstəqillikdən əvvəl oxumuş, yazmış jurnalistlərdir. Düzdür, yeni nümunələr, gənclər var, amma Azərbaycan mediasının ehtiyaclarını qarşılayacaq qədər deyillər, sayları çox azdır. Bu sahədə ciddi problem yaşayırıq. Rus dilini bilənlər də ana dilimizi bilmirlər. Bu da ciddi problemlərdən biridir.
Bizə isə Azərbaycan və rus dillərini, eyni zamanda öz ixtisasını mükəmməl bilən kadrlar lazımdır. Eləsi var, gəlir, rus dilindən 15 kitab tərcümə edib, baxırsan, media tərcüməsi sıfırdır. Fizika kitabları tərcümə edib. Media sahəsində tərcüməçi siyasət, iqtisadiyyat, sosial, mədəniyyət sahələrini bilməlidir. Bu gün qrammatik cəhətdən rus dilini çox yaxşı bilən adamı işə götürək, amma rus mediasının stilistikasını bilmir. O yazanda bilirlər ki, türklər demiş, əcəmi yazıb. Söhbət bundan gedir. Bu məsələ dövlət səviyyəsində diqqət çəkilməli məsələdir.
- Qəzetlərin bir çoxu yeni şərtlərlə əlaqədar veb versiyaya keçmək barədə qərar qəbul etdi. Yaranan situasiya ilə bağlı qənaətiniz necədir?
- Mən özüm jurnalistikaya qəzetdən başlamışam. Qəzetdən işə başlayan jurnalistlər üçün qəzet çox doğmadır. Hesab edirəm ki, qəzet jurnalistin yetişməsi üçün çox münbit yerdir. Ona görə ki, kompüterlə qəzetin ruhunda bir az fərq var. Qəzet jurnalistikasının romantikası var, əl dəyə bilən bir şeydir, uzun müddət qəzetin ayaqda qalmasının səbəblərindən biri də bu idi - materialistlik. Qəzetdə jurnalisti yetişdirmək üçün vaxt çoxdur.
Ən azı başlıqla, girişlə oynaya bilirsən, bir yazını jurnalistə 3-4 dəfə işlədib, redaktə edib rahat yetişdirmək olur. Onlayn jurnalistikada bu imkan yoxdur, burada hər şey konveyer üsulu ilə olur. Amma bütün bunlara baxmayaraq, zamanın və dövrün də bir reallığı var. Artıq nəinki bizim ölkəmizdə, dünyanın hər yerində qəzetlər oxunmur. Çox şadam ki, bir neçə qəzet özünün çap versiyasını davam etdirmək barədə qərar qəbul edib və çox yaxşı abunə kampaniyası aparır, həmkarlarıma uğurlar arzulayıram. Nə qədər onlayn medianın təmsilçisi olsam da, qəzet jurnalistikası mənim üçün doğmadır. Ümumiyyətlə, bu ənənənin hətta 5-10 qəzet formatında olsa belə, saxlanması lazımdır.
Çünki media üçün tarix çox önəmlidir, bu, ənənədir. Onlayn medianın, internet televiziyanın, görəsəl medianın kökü qəzetdən gəlib. O baxımdan böyük tarixə malik qəzetlərimizin çap versiyalarını davam etdirmək barədə qərarları məni çox sevindirdi. İkinci sevindirici məqam o oldu ki, onların bir qismi print versiyanı dayandırsalar da, jurnalistikada qaldılar, onlayn formada davam elədilər. Ümid edirəm ki, o media orqanları tezliklə onlayn mühitə adaptasiya olunacaq və öz sıralarına onlayn medianı bilən insanları da qatacaqlar.
Söhbət jurnalistlərdən getmir, əlbəttə, jurnalist üçün transfer eləmək o qədər çətin deyil, bilirsiniz ki, onlayn mediada əlavə peşəkarlara – SMM-çilərə, data analitiklərə və sair mütəxəssislərə ehtiyac var. Onları normal maaşla cəlb etməklə onlayn mediada həmkarlarımız uğurlu olacaq, yaxşı nəticələr ortaya qoyacaqlar.
- İnternet versiyada da şansınızı dənədiniz, niyə APA TV-nin bərpasını düşünmədiniz?
- İndiki halda televiziyanı düşünməməyimin əsas səbəbi ONA-da video görüntü versiyası yaratmağımızdır. İndiki halda internet televiziyanı bərpa etmək fiziki cəhətdən mənə çətin gəlir. Biz bərpa olunmadıq, tamamilə yeni agentlik strukturu ortaya qoyduq. Eyni zamanda Lent.az və Kulis.az-ı yenidən əvvəlki iş tempinə qaytarmaq, eləcə də təqdimat mərhələsində olan e-tibb layihəsinin rentabelliliyini təşkil etmək fiziki olaraq çətindir. İnternet televiziya layihəsi gündəmdə var, amma biz o layihəni hələ ki təxirə salmışıq.
Gələcəkdə nəinki bizim şirkətin daxilində, ümumiyyətlə, Azərbaycanda mərkəzi televiziyalar da Yutub və digər sosial şəbəkələr üzərindən yayımlarını ciddi şəkildə təşkil etməlidir. Eləcə də yeni internet televiziyalara, yutuberlərin yaxşı fəaliyyət göstərəcəyi bir müstəviyə ehtiyacımız var. Mediaya harada ehtiyac olur? İnsanların daha çox toplaşdığı yerdə. Sosial şəbəkələr bizə elə şərait yaradıb ki, loru dildə desək, bütün Azərbaycan oradadır. Əslində bizim üçün yaxşı bir meydan var, demək ki, o meydanda məhsul satmaq olar, xəbər də bir məhsuldur, onu tirajlamaq, piarını aparmaq mümkündür.
Düşünürəm ki, dövlətimizin və dövlətçiliyimizin qorunması, ona olan xarici təhdidlərin, xaricdən öyrədilmiş bəzi adamların layiqli cavabının verilməsi üçün sosial mediada ciddi iş aparılmalıdır. Ümumiyyətlə, söhbət təkcə kiməsə cavab verməkdən getmir, həmçinin görülən işlərin təbliğindən, daha yaxşı media nümunələrinin ortaya qoyulmasından, ekspertləri sosial mediada olan insanlarla tanış etməkdən gedir. Açıq deyək, televiziya sərhədsiz piar vasitəsidir, geniş imkanları var, amma bu gün insanlar sosial mediaya daha çox inanıb, etimad edirlər və orada çox vaxt keçirirlər. O inam və etimadın səbəbi təkcə onda deyil ki, onlar orada yazılan hər şeyin düz olduğunu bilirlər. Yox, belə deyil. Bu, sırf ona görədir ki, insanlar özləri də o müstəvidə prosesin iştirakçısı ola bilirlər.
Televiziyada eşitdiyinizə reaksiya verə bilmirsiniz, qəzetdə oxuduğunuza verdiyiniz reaksiyanı özünüzdən başqa heç kəs eşitmir, lakin sosial mediada gördüyünüz istənilən məlumata adekvat reaksiya göstərə bilirsiniz. Reaksiya doğrudur, doğru deyil, bu, artıq başqa müzakirə mövzusudur. İnsanlar üçün sosial medianı maraqlı edən budur. Sosial media riyazi nəzəriyyə üzərində qurulub. İnsanlar marağı orada axtarırsa, deməli biz də media olaraq piarımızı orada aparmalıyıq. Bu baxımdan düşünürəm ki, bu sahə ilə bağlı nə qədər çox media qurumu yaransa, internet televiziya açılsa, o qədər bizim xeyrimizədir.
Burada söhbət təbii ki, dövləti, dövlətçiliyi, Azərbaycanın milli maraqlarını qorumağı bacaran media qurumlarından gedir.