Qüdrət Həsənquliyev: "3400 dolları ona verəndən sonra..."
1-03-2019, 08:48
Mən bir insanla münasibət saxlayıramsa, çox səmimi oluram. Dünyada öz dostlarına, yaxınlarına xəyanət edən insanlardan rəzil məxluq tanımıram. Amma bir çox hallarda xəyanət edənlər özlərinə haqq qazandırmaq üçün günahı başqalarında axtarırlar. İnsanların yalançı səmimiyyətini, verdiyi sözü tutmadığını görəndə dəhşətə gəlirsən.
Bu sözləri Teleqraf.com-a BAXCP sədri Qüdrət Həsənquliyev AXCP sədri Əli Kərimlinin son müsahibəsində “Mən bir vaxtlar tələbə yoldaşlarıma əmin idim və elə bilirdim ki, biz ölüncə ayrılamayacağıq. Onlardan sonra mən heç nəyə əmin deyiləm” fikrini şərh edərkən deyib.
Qüdrət Həsənquliyev bildirib ki, bəzən kiçik bir məişət hadisəsi adamın nə qədər rəzil olduğunu ortaya qoyur: “Məsələn, mən Əli Kərimli ilə bağlı bir misal gətirim. Bir dəfə tanıdığım şəxslərdən biri mənə dəstək kimi 3500 dollar pul verdi. Bu pulla mən partiyanın qərargahına daxil olanda bir jurnalist dostlumuz qarşıma çıxıb dedi ki, ona dəstək lazımdır. Mən də 3500 dollardan 100 dollar götürüb ona verdim.
Qalan pulla içəri daxil oldum. Çünki bilirdim ki, partiyada kiminsə problemi olanda mənə yox, təşkilatın sədrinə müraciət edir.
İndi özüm də təşkilat sədriyəm, bilirəm ki, birinin uşağının dərmana ehtiyacı olur, başqasının digər problemi olur, hamı da partiya sədrinə müraciət edir. Otağa daxil olub 3400 dolları Əli Kərimliyə verdim, Əli Kərimli də pulu alıb qoydu arxa cibinə. Biz əyləşib müxtəlif mövzularda söhbət etdik.
Təqribən 20 dəqiqə sonra köməkçisi bildirdi ki, Əliməmməd Nuruyev də gəlmək istəyir. Əliməmməd bəy otağa daxil oldu. Onların qohumluq əlaqələri var idi. Biz kifayət qədər yaxın idik. Əliməmməd də bizim tələbə yoldaşımız idi və Prezident Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləmişdi.
Əliməmməd bəy hanısa məsələnin həlli ilə bağlı ondan pul istədi. Mən pulu 20 dəqiqə öncə Əli Kərimliyə vermişdim. Əli Kərimli dedi ki, pul yoxdur, özünün maddi durumu pisdir və sair. Mənim ona verdiyim 3400 dollardan çıxarıb Əliməmməd bəyə 100 dollar da vermədi. Daxilən hansı hissələr keçirdiyimi ağlınıza belə gətirə bilməzsiniz.
Təşkilatın sədri idi, istəmədim Əliməmməd Nuruyevin yanında deyim ki, axı 20 dəqiqə əvvəl sizə 3400 dollar vermişəm. Əslində bu adi məişət epizodudur. Ancaq indiyə qədər yadımdan çıxmır. Dostlar, yoldaşlar arasında belə şeylər olmamalıdır. Bunu misal kimi çəkdim”.
Qüdrət Həsənquliyev bildirib ki, bəzən insanlar yaxın olanda biri-birinin eyiblərini görmür: “Hətta kənardan deyilənlərə də inanmırlar. Ancaq zamanla özün nələrəsə əmin və ya şahid olursan. Biz tələbə yoldaşı olmuşduq, xalq hərəkatında birgə iştirak etmişdik, sonra qısa müddət mən onunla işləmişdim.
Sonra zaman göstərdi ki, mənim ondan olan gözləntilərimin heç biri özünü doğrultmadı. Hətta mən sonda ona müraciət edib dedim ki, cəmiyyət bizi biri-birimizə yaxın bilir. Gəl normal formada bir-birimizdən aralanaq. O, hətta bunu da qəbul etmədi. Dedim ki, hamı bizi yaxın bilir, özümə eyib sayaram ki, sənin haqqında çıxıb nəsə deyim. Amma sən bu addımı atsan, mən qürurumu və nüfuzumu qorumaq üçün məcburam sənə cavab verim.
Ancaq o yenə də siyasi maraqlarını hər şeydən üstün tutdu. Bizim vaxtımızda AXCP idarə heyətinin 19 üzvü var idi, indi bu adamların biri də onun yanında qalmayıb. Gələnlər təzə insanlardır. Onu bir az da yaxından tanısınlar, əminliklə deyirəm ki, səmimi dost olacaqları mümkün deyil.
İnsan nə qədər siyasətçi olursa-olsun, səmimiyyətini qorumalıdır. Amma bu adam sümüyünə qədər siyasiləşib. Onun siyasi marağı hansısa məsələdə üst-üstə düşməsə, tərəddüd etmədən dost dediyi adamın başını ayaqlayıb getməyə hazır adamdır. Zaman mən dediklərimi təsdiq edib”.