Nuşirəvan Məhərrəmli: Hələ də bəziləri Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini senzura ilə eyniləşdirmək istəyirlər
4-03-2019, 08:10
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Trend-ə müsahibəsi
- Nuşirəvan müəllim, ötən il televiziya və radioda ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinq keçirildi, nöqsanlar açıqlandı. Bu nöqsanların aradan qaldırılması istiqamətində hansı işlər görüldü?
- Ümumiyyətlə, bu məsələ daim diqqət mərkəzindədir, hər bir azərbaycanlı üçün ciddi bir məsələdir. Biz də Milli Televiziya və Radio Şurası olaraq, bu məsələni daim diqqətdə saxlayırıq. Bildiyiniz kimi, ötən il cənab Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmana əsasən, Azərbaycanda dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Bu mərkəz fəaliyyətə başlayandan sonra onun qərarları bizə göndərilərsə, təbii ki, həmin qərarlar əsasında tədbir görə bilərik. Lakin hesab edirəm ki, aparıcılarımızın, xüsusən də xəbər aparıcılarının ciddi dil qüsurları yoxdur. Təbii ki, müəyyən dərəcədə var, demək olar ki, heç bir insan Azərbaycan dilinin bütün incəliklərini 100 faiz bilmir. Hər kəs öz fikrini bildiyi formada ifadə edir, amma ədəbi dil normalarına riayət etmək başucalığı gətirir ki, bu da xəbər aparıcıları üçün əsas məsələdir. O ki qaldı şou aparıcılarına, verilişlərə dəvət olunan qonaqlara, bunlar başqa məsələlərdir.
Ümumiyyətlə, Azərbaycan vətəndaşı olan istənilən şəxs dinindən, millətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir, bu bir vətəndaşlıq borcudur. Çünki o, Azərbaycan dövlətinin vətəndaşıdır. Bu işdə Azərbaycan ziyalıları, vəzifəli şəxslər daha çox nümunə göstərməlidirlər. Ancaq çox təəssüf ki, bu gün istər vəzifəli şəxslər, istərsə də ziyalılar içərisində hələ də öz ana dilinə laqeyd münasibət bəsləyənlər var. Xarici ölkədən gəlib 2-3 il burada səfirlikdə işləyən insanlar Azərbaycan dilini öyrənə bilir, amma illərlə burada yaşayan insanlar öz dilini bilmir. Çox təəssüf edirəm ki, bu cür insanlar ana dilinə laqeyd, biganə münasibət göstərdiklərini dərk etmirlər. Başqalarına ağıl verirlər, amma özləri bu sahədə çox pis nümədirlər. Azərbaycan dilini ilk növbədə kimlər yaşatmalıdır? Ziyalılar yaşatmalıdır, ziyalılar nümunə olmalıdır. Dilə münasibət hər bir insanın vətəndaşlıq mövqeyidir.
- Ədəbi dil normalarına riayət edilməsi baxımından radio kanallarında vəziyyət nə yerdədir?
- Minik avtomobillərinin sayı artdıqca, radioların dinləyicilərinin də sayı artır. Radiolar əvvəllər öz fəaliyyətlərini daha çox musiqi üzərində qururdular. Ancaq bilirsiniz ki, qanunda bu, universal xarakter daşımalıdır. Radiolar təkcə musiqi verməklə yox, həm də xəbərlər verməklə, canlı bağlantılar etməklə verilişlər hazırlamalıdırlar. Bu işlər gedir. Amma bəzi radiolar daha çox xarici, bəziləri isə yerli musiqiyə üstünlük verirlər. Ancaq biz tədricən bu məsələnin üzərində dayanacağıq ki, radiolarımızda bəlli bir çərçivədə Azərbaycan xarakterli məhsullar olsun. Azərbaycan radiosunun əsasən xarici musiqi yayımlaması düzgün deyil, çünki bu, Azərbaycan radiosudur, xarici radio deyil. Əgər səsləndirdiyi musiqilərin 90 faizi xaricidirsə, xarici radio statusu ala bilər. Əgər bu, Azərbaycan radiosudursa, orada Azərbaycanla bağlı məhsullar çox olmalıdır. Biz bu məsələni qaldıracağıq.
Bizi narahat edən məsələlərdən biri də radio aparıcılarının həm dili, həm də canlı bağlantı zamanı dinləyicilərlə münasibətində kobudluğu ilə bağlıdır. Bəzən də həddən artıq sərbəstlik, özünü həddən artıq savadlı göstərmək, bəzən də başqa dilləri yamsılamaq kimi hallar olur ki, bunlar da bizi narahat edir. Təbii ki, biz bu məsələləri televiziya və radio kanallarının rəhbərləri ilə görüşlər zamanı onların diqqətinə çatdırırq.
- Şou proqramları daim cəmiyyət içərisinə narazılıq yaradan amildir...
- Bilirsiniz, əslində kommersiya kanallarının əsas məqsədi elə kommersiya üzərində qurulub. Əgər onların məhsulları satılırsa, həmin məhsulları istehsal edirlər. Çox təəssüf ki, bu gün kommersiya tipli verilişlərin alıcıları, yəni tamaşaçıları çoxdur. Bunu çox təəssüflə qeyd etməliyəm. Bizi təbii ki, şou biznesdə bayağılıq, şitlik, ifrat dərəcədə güldürmək meyli narahat edir. Xüsusən də musiqi sahəsində narazılıqlar çoxdur. Yəni musiqidə istedadı olmayan insanlar efirlərdə daha çox görünürlər və bu da yaxşı hal deyil. Təbii ki, bu, televiziya kanallarının müstəqil işidir. Biz onların yaradıcılıq işlərinə qarışa bilmərik. Verilişə hansı müğənnini dəvət edib, hansını etməmək onların daxili işləridir. Lakin insanlar arasında daha çox qıcıq yaradan müğənnilərin, aktyorların dəvət edilməsi bir faktdır və bu, televiziya kanallarına başucalığı gətirmir.
- Milli Televiziya və Radio Şurası öz səlahiyyətlərindən istifadə edərək bu cür verilişlərin dayandırılması və ya başqa tədbirlərin görülməsi barədə qərar verə bilməzmi?
- Milli Televiziya və Radio Şurasının kifayət qədər səlahiyyəti var. Lakin çox təəssüf ki, hələ də bəzi insanlar Şuranın səlahiyyətlərini senzura ilə eyniləşdirmək istəyirlər. Azərbaycanda senzura ləğv olunub. Milli Televiziya və Radio Şurasının televiziya və radio kanallarında verilişlərin yayımını dayandırmaq hüququ var, amma bunun üçün hüquqi əsas olmalıdır. Hüquqi əsas hər hansı bir verilişin keyfiyyətinin aşağı olması deyil. Məsələn, bir nümunə göstərim. Hər hansı bir məhsulu istehsal edərkən onun müxtəlif növləri olur. Birinci növ, ikinci növ, üçüncü növ, hətta axırıcı növləri də olur. Çox təəssüf ki, özəl televiziya kanallarında həmin növ məhsullar da istehsal edirlər. Bu, çox aşağı keyfiyyətli bir məhsuldur, lakin onun da öz alıcıları var. Ancaq cəmiyyət istəyir ki, Milli Televiziya və Radio Şurası həmin verilişləri cəzalandırsın. Axı biz insanlara seçim vermişik. İnsanları istədikləri qədər televiziya kanallarına baxa bilərlər və orada kifayət qədər maarifləndirici verilişlər də var. Amma insanlar baxmaq istədiklərini axtarırlar, onu da kommersiya kanallarında tapırlar və fikirlərini bildirirlər. Kommersiya kanalları daha çox kommersiya maraqları üzərində qurulduğu üçün daim axtarışdadırlar ki, insanları necə güldürsünlər, reytinqlərini artıra bilsinlər və s. Bu, qanun pozuntusu olanda təbii ki, Milli Televiziya və Radio Şurası öz qərarını verir, lakin həmin verilişlər daha çox aşağı keyfiyyətli məhsullardır, qanun pozuntusu deyil. Qanun pozuntusu olmadığına görə biz o verilişləri bağlaya bilmirik.
- Televiziyalarda reklam qaydalarının pozulması hallarına əvvəllər daha tez-tez rast gəlinirdi.
- Bu gün bu sahədə vəziyyət bir qədər düzəlib, müəyyən qədər sistemə salınıb. Amma sponsorlarla bağlı vəziyyət bir o qədər ürəkaçan deyil. Bu istiqamətdə də televiziya kanalları ilə ciddi şəkildə işləyirik. Bu məsələ nəzərəçarpacaq dərəcədə özünü göstərəcək.
- Qanunsuz kabel televiziyaları məsələsi də daim gündəmdə olub. Hazırda bu sahədə vəziyyət necədir?
- İndi bu məsələ müəyyən qədər nizama salınıb. Son zamanlar Azərbaycanda həm kabel şəbəkəsi, həm də IP TV xeyli inkişaf edib. Hazırda 17 kabel şəbəkəsinə və 26 IP TV-yə lisenziya vermişik. Bu özü müsbət bir faktdır ki, onlar qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. İndi bizim sahibkarlar da yeni binalar inşa edərkən qanuni fəaliyyət göstərən kabel televiziyaları ilə əməkdaşlığa üstünlük verirlər. Yəni bu sahədə nisbətən müəyyən irəliləyiş var. Hətta biz Azərbaycandakı bütün hotellərə bununla bağlı xüsusi məktub ünvanladıq ki, onlar da bu qaydaya əməl etsinlər, lisenziya almış qurumlarla əməkdaşlıq etsinlər. Getdikcə bu işin miqyasını daha da artıracağıq.