Deputat Amerikadakı çıxışının detallarını açıqladı: “Bu məmurlarla vidalaşmalıyıq”

2-04-2019, 08:24           
Deputat Amerikadakı çıxışının detallarını açıqladı: “Bu məmurlarla vidalaşmalıyıq”
"Mənim çıxışımda əsas məqam onunla bağlı idi ki, Azərbaycana bu gün həm ictimai, həm də siyasi idarəetmə sistemində biznes idarəçilərinə böyük ehtiyac var. Ölkənin təhsil sistemində islahatlar dərinləşdirilməldir ki, Azərbaycan belə peşəkar məmurları öz daxilində yetişdirə bilsin”.

Bu sözləri deputat Asim Mollazadə "Yeni Sabah”a açıqlamasında Amerikadakı çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana idarəetmənin yeni növləri gətirilməlidir:

"Biz sovet idarəetmə sistemi ilə tam vidalaşmalıyıq. Sovet idarəetməsini həyata keçirən məmurlar əslində, ölkədə ciddi problemlər yaradırlar. Ona görə yeni menecerlər təbəqəsini yetişdirməliyik.

Təhsil sistemində yeniliklər olmalıdır. Biz ABŞ və Avropa ölkələrinin universitetlərini məhz Azərbaycan universitetlərinin güclənməsi üçün əməkdaşlığa dəvət etdik. Düşünürəm ki, peşə təhsil sistemi formalaşmalıdır ki, həmin idarəçiləri Azərbaycanda yetişdirə bilək.

Sovet ənənəsi ilə idarə edən məmurlar mövcuddur. Bu məmurları dəyişdirib, yeni şüura, peşəyə malik olanlarla əvəz etməliyik. Bu məmurlar xalqla münasibətdə sovet, Kommunist partiyası ənənələrini nümayiş etdirirlər. Xalqdan uzaq olurlar. Məmur özbaşınalığı da sovet sisteminə məxsus ənənədir”.

A.Mollazadə gənclərin bu ölkələrə təhsil üçün göndərilməsi istiqamətində dövlət proqramı ilə bağlı məsələyə də fikir bildirib: "Bu istiqamətdə müvafiq işlər görülüb. Bu proqramları davam etdirmək lazımdır ki, ABŞ və Avropada ali təhsil alan gənclər Azərbaycan universitetlərində öz fəaliyyətini davam etdirib ali təhsili gücləndirsinlər”.

Qeyd edək ki, A.Mollazadə Amerikada çıxışında məmurların tamamilə fərqli davranışları lazım olduğunu bildirib. "Onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır” deyə, o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.