Mehriban Zeynalova: “Genetik olaraq daxilimizdə kişilərə qarşı böyük hörmət hissi var”

23-11-2019, 09:56           
Mehriban Zeynalova: “Genetik olaraq daxilimizdə kişilərə qarşı böyük hörmət hissi var”
“Bəzən gənclərdə neqativ xarakterlər üzə çıxır, amma ümumi xarakterimiz qeyd etdiyim kimidir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuata açıqlamasında telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Qurum sədri qeyd edib ki, hər bir məsələ, yaxud zorakılıq halı baş verəndə komitə bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir:

“Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil. Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək, bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama verəcəyik ”.

Qurum sədri onu da qeyd edib ki, son 14 ildə yalnız iki dəfə kişilər həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı müraciət edib: “Həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı ilk dəfə 85 yaşlı kişi şikayət edib. Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mənə söhbət etdi. Bunların nəvə, nəticələri də var idi. Məlum oldu ki, kişi ”alheymer" xəstəliyindən əziyyət çəkir və döyülmə halı olmayıb".



Dövlət Komitəsinin sədri qeyd edib ki, ikinci faktla həbsxanada bir gözəl qadınla rastlaşan zaman tanış olub: “Mənə dedilər ki, həmin məhkum qadın həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub və bunu döyüb. Qadın elə bir vəziyyətə gəlib düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib.

Azərbaycanda qadınlara qarşı çox cinayət işləri açılmır. Qadın yüksək vəzifədə qalsa da, ailəsinin xanımıdır. Biz həmçinin kişilərin də hüquqlarını müdafiə edirik".

Qeyd edək ki, zorakılıqdan söz düşəndə ilk ağıla gələn qadınlar, onlara qarşı ailədaxili zorakılıqlar olur. Məlum olduğu kimi bu cür zorakılıq faktlarının əksəriyyətində zərər çəkən qadınlar, xəsarət yetirən isə qarşı tərəf, kişilər olur. Son günlər yayılan rəsmi məlumatlarda da kişilərin qadınlara qarşı zorakılıq faktlarının artdığı müşahidə edilir. Bununla belə artıq bir neçə dəfədir ki, kişilərin də qadınlar tərəfindən zorakılığa məruz qalması faktları artmaqdadır. Məsələn, bu günlərdə tanınmış tele-aparıcı Elçin Əlibəylinin xanımı tərəfindən döyüldüyü, nəticədə xəstəxanaya yerləşdirildiyi, bu barədə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciətlə şikayət etdiyi barədə məlumat yayıldı. Doğrudur, Bakı Şəhəri Baş Polis İdarəsi bu məsələyə rəsmi rəy bildirməsə də, həm tele-aparıcı, həm də xanımı bu məlumatı təkzib etdi. Amma hər halda ortada kişiyə qarşı zorakılıq faktı ortaya çıxmışdı və sosial şəbəkələrdə “Qadınlara qarşı zorakılığa etiraz keçirənlər, bu məsələyə niyə susdunuz?” deyə rəy bildirənlər oldu.

Mövzu ilə bağlı “Təmiz Dünya”Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Kişilərin müdafiəsindən söz gedirsə, gərək bu barədə müraciət olunsun ki, biz də müdafiə edək. Əks halda müraciət olmasa özümüzdən şou yarada bilmərik ki. Sual olunur, kişilər sığınacaq istəyirmi? Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq yaradılıb və sosial durumu aşağı olan kişilər ora müraciət edəndə onlara sığınacaq verilir. Yəni, deyilməsin ki, ölkəmizdə kişilərin müdafiəsi yoxdur.

Onu da qeyd edim ki, nə qədər gender bərabərliyinə nail olsaq da, kişilərə qarşı xüsusi hörmət hissi var və bu sanki bir hüceyrə kimi bətnimizdə yerləşib. Daxilimizdə kişilərə qarşı aşağılayıcı xüsusiyyətlər yoxdur. Bəzən gənclərdə neqativ xarakterlər üzə çıxır, amma ümumi xarakterimiz qeyd etdiyim kimidir".

Mehriban Zeynalova bəzi hallarda kişilərin hansı səbəbdən zorakılığa məruz qalmasından söz açıb:

“Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması faktları da danılmazdır. Lakin araşdıranda məlum olur ki, həmin şəxslər alkoqol, narkotik asılılığı olan, cəmiyyətdə özünü idarə edə bilməyən şəxslər olur. Bəzən cəmiyyətdə biabır olmamaq üçün qadın kişini küçədən sürüyüb evə salır. Və yaxud illərlə zorakılığa məruz qaldığı üçün sonda dözməyib kişiyə zorakılıq göstərir”.

Onu da əlavə edək ki, artıq Avropada, o cümlədən İtaliyada kişilər üçün sığınacaq yaradılır. Belə ki, məlumata görə son illərdə bu ölkədə boşanmaların sayının artması, eyni zamanda ölkədə müflisləşmiş kişilərin də sayının artmasına səbəb olub. Yerli qanunvericiliyə görə, boşanma zamanı ailənin sahib olduğu yaşayış evinin 60%-i uşaqları yanında saxlayan xanıma verilir. Bütün boşanmaların 94 faizində isə kişi aliment ödəməli olur ki, bu yalnız uşaqlar üçün deyil, eyni zamanda xanımın özü üçün də nəzərdə tutulub.

Bundan başqa, İtaliya Baş Nazirinin qərarına əsasən, boşanmalar üçün əlavə vergilərin tətbiqinə başlanılıb və boşanan cütlüyün maliyyə problemləri bir qədər də artıb. Elə bu səbəbdən də xristian təşkilatlarından olan könüllülər boşanan kişilər üçün sığınacaq yaratmağa qərar veriblər. Bu kateqoriyaya aid olan kişilər sığınacaqda maksimum 1 il qala biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.