“Güney Azərbaycan türkləri meydanlara çıxacaq” - Mahmudəli Çöhrəqanlı

23-11-2019, 09:59           
“Güney Azərbaycan türkləri meydanlara çıxacaq” - Mahmudəli Çöhrəqanlı
İran hakimiyyəti Şərqi Azərbaycan vilayətinin bir sıra məktəblərində türk dilində tədrisin həyata keçirilməsi ilə bağlı layihə hazırlamışdı.

Lakin bir sıra ekspertlər bu layihənin ilin sonuna qədər reallaşmasını mümkün hesab etmirlər. Hesab olunur ki, türk dilində dərslik yoxdur, mütəxəssis o qədər də çox deyil. Lakin bəzi məlumatlara görə Təbriz universitetində müəllim, dosent və professorlar dərsi tələbələrə türk dilində izah edirlər. Bu ənənənin əsasını isə hazırda ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı doktor Mahmudəli Çöhrəqanlı qoyub. Universitet rəhbərliyi və İran Təhsil Nazirliyi bu prosesə hansı əngəlləri yaradırmı? Ümumiyyətlə İranda türk dilində təhsil layihəsinin icrası hansı mərhələdədir? Suallarımızı GAMOH başqanı doktor Mahmudəli Çöhrəqanlı cavablandırır.

-İranda türk dilinin sıxışdırılması prosesi 1925-ci ildən-yəni Pza Palani (sonradan soyadını dəyişib Pəhləvi oldu-M.Ç) hakimiyyətə gələndən sonra gücləndi. Molla hakimiyyəti də o siyasəti davam etdirir. Lakin türklər yaşayan bölgələrdə, Güney Azərbaycan, Xorasan, Qaşqay bölgəsində məktəblərdə müəllimlər məcbur idi ki, dərsi farsca söylədikdən sonra türkcə izah etsinlər. Ancaq bu proses zaman-zaman azaldı. Bu rejim daha şovinistdi, türk dilinə qarşı dözümsüzdü. Təhsil Nazirliyi ötən aylarda fars diliinin mövqeyinin gücləndirilməsi, qeyri-fars dillərinin mövqeyiin sarsıdılmasına yönəlik bir neçə mürtəce qərar çıxardı.

Bu qərarlara rəğmən müəllimlərimiz yenə dərsi tələbələrə türk dilində izah edirlər. Ancaq dərsliklər, kitablar hələ də fars dilindədir.

Azərbaycanlı müəllimləri orduda xidmət zamanı fars bölgələrinə göndərirdilər. Bu, bilərəkdən edilirdi. Belə edirdilər ki, o xidmət müddətində fars dilini öyrənsin, türk dilinin unutsun. Ən böyük problem odur ki, Azərbaycan türkcəsinin standart forması yaranmayıb. Bu dildə radio-televizya olmayıb. Azərbaycan türkçəsinə güclü zərbə vurulub. Bir dildə lüğət olmaya bilər. Bu o qədər də faciə deyil. Faciə odur ki, bir dilin qrammatikası pozulur. Azərbaycan türkçəsi son nəfəsini verir. Lakin bu dili ölməyə qoymayacağıq. Biz 1995-ci ildən milli oyanış hərəkatına başlamışıq. Şüarımız da belədir: “Doğuşdan ölümə qədər oyanış”. Hər şey oyanışdan başlanır. Oyanarsan, özünü dərk edərsən. Səni türk edən, millət edən ünsürləri tanıyarsan. Oyanmasaq, qurtuluşumuz yoxdur. Oyansaq, öz dövlətimizi qurar, dünyanın qabaqcıl millətlərinin sırasına keçərik. Fransa, Almaniya kimi qabaqcıl ölkələrdən biri olarıq.

-Təbrizin “Traktor” klubunun oyununda Türk ordusunun “Sülh Çeşmə”si əməliyyatına möhtəşəm dəstək ifadə olundu. Fars şovinistləri bəzən Azərbaycan və Türkiyə türkləri arasında məzhəb ayrı-seçkiliyi salırlar. Onların bu fitnəkar siyasəti xalqa təsir edirmi?

- O günlər keçmişdə qaldı. Məzhəb müxtəlifliyinin əsas götürərək qardaşın qardaşı öldürməsi Çaldıranda qaldı. O dövr çoxdan bitib. İndi dövr qardaşın qardaşa canını qurban etdiyi dövrdü. Məzhəb fərqliliyi müasir dövrdə heç bir çətinlik yaratmamalıdır və yaratmayacaq. Çünki informasiyamız çoxalıb, milli şüur oyanıb. İnanclar şəxsi bir hissdir. İnanclar milli hərəkatda önə keçə bilməz. Güneydə milli oyanış hərəkatını yaratmışıq. Hədəfimiz Quzeyli qardaşlarımızla birləşib 50 milyonluq Bütöv Azərbaycan yaratmaqdır. Bunun ardınca bölgədə Batı Trakya, Şimali Kipr türkləri, İraq və Suriya türkmənləri, Azərbaycan və Türkiyə türkləri ilə birgə 120 milyonluq Türk Birliyi qurmaq, Turana körpü salmaqdır.

Sizə bir fakt deyim. 21 il öncə oğlum gəldi dedi ki, ata mən “Traktor”un oyununa gedirəm. Deyəsən “İstiqlal”la oynayırdı. Farsların yarısı “Persopolis” komandasını, yarısı “İstiqlal” takımını dəstəkləyir. Dedim ki, mütləq “Traktor”u dəstəklə. Güldü, dedi ki, “kim dəstəkləyər “Traktor”u? Bax, 20 il öncə düşüncə belə idi. Görün, hardan haraya gəlmişik. Hazırda Təbrizin yüzdə yüzü “Traktor”u dəstəkləyir. Əvvəllər 8 min azarkeş gedərdi statiodna. İndi 80 min azarkeş gedir. Milli şüurumuz yülksək səviyyədədir. Hədəf Güney Azərbaycanın qurtuluşdur. Ya da babalarımız hakim olduğu kimi biz də İrana hakim olacağıq. Hədəfimiz bölgədə Oğuz Türk Konfedersiyasıdır. Son hədəf isə Turandır. Biz türkük, dilimiz türk dilidir. Ən böyük bababımz Oğuz xaqandır. 24 Oğuz türk boyuna daxilik. Qaşqay, Bayat, Qaraqoyunlu hamısı türkdür. Güneydə Türkiyəni çox sevirlər, harda türk var qardaş bilirlər. Türkün torpağını özlərinə vətən sayırlar. Güney Azərbaycanda Türkiyənin dostlarını dost, düşmənlərini düşmən sayırlar. Məzhəb məsələsi artıq ayrılıq yaratmır. Vahid milli düşüncə var, vahid türk etnosu var.

- Milli Hərəkat idman arenalarından şəhərlərə, meydanlara nə zaman enəcək?

- Milli Hərəkat olduqca qəddar, şovinist bir rejimlə üz-üzədir. Molla hakimiyyəti türklərə qarşı çox qəddardır. Milli kimliyimizi, dilimizə əlimizdən almaq, Azərbaycan türklərini assimilyasiya etmək istəyirlər. Babək qalasına möhtəşəm yürüşlər keçirilirdi. Hər yeri üzümüzə qapatdılar. SEPAH və ETTELAAT yolları bağladı. Yeganə meydanımız futbol stadionlarıdır. Orada milli şüarlar səslənir, millətimiz öz haqq səsini bağırır. Bununla belə Milli Hərəkatımız güclənir. Güney Azərbaycanın qurtuluşu, Bütöv Azərbaycan ideyası şüurlarda möhkəmlənir. Milli Hərəkat xeyli məsafə qət edib. İtkilərimiz də var, ancaq qazancımız daha çoxdur. Bu gün Güneydə 3-5 manqurtdan başqa əksəriyyət Təbrizin “Traktor” klubunu dəstəkləyir. Oyunlara gedir və orada şovinistlərə qarşı şüarlar səslənir. Bir gün Güney Azərbaycan türkləri də Kataloniyalılar, Hon-Konqlular kimi küçələrə enəcək, haqqını tələb edəcək. Bu çox yaxınlarda olacaq. Gələcək bizimdi. Gələcək öz taleyi uğrunda savaşa qalxanlarındır. Güney Azərbaycan türkləri də öz qurtuluşuna nail olacaq.

- İran bölgədə “Şiə hilalı” yaradır, məzhəb faktorundan maksimum istifadə edir. Bəs Türkiyə niyə Güney Azərbaycan faktorundan yaralanmır?

-Bunun üçün iqtidarda kimin olmasına diqqət etməliyik. Hazırda Türkiyədə dinçi bir hakimiyyət var. Onları az qala hakimiyyətdən devirirdilər. Türk milliyyətçiləri onları qoruyub hakimiyyətdə saxladı. Çünki millətçilər hesab edir ki, hələ iqtidara gələcək gücdə deyillər. “Türk milliyyətçiliyinin ayağımızın altına alan hakimiyyətik” deyənlər hazırda ən böyük milliyyətçi Hüseyn Nihal Atsızın şeirlərini söyləyir. Molla rejiminin 40 illik təcrübəsi var. Hər il BMT-nin İnsan Haqqları Komitəsi İran rejimini ititham edir. Ancaq türk dövlətləri insan hüquq və azadlıqlarını pozduğuna görə İran hakimiyyətini qınamayıb. Dövlət Bahçeli radikal Yavuzçulara, xilafətçilərə deyir ki, Sultan Səlim də bizimdir, Şah İsmayıl da. Türk millətçiləri çalışır ki, məzhəb ayrı-seçkiliyinə son qoyulsun. Biz qardaşıq, Oğuz xaqanın nəvələriyik. İnanclarımız fərqli ola bilər. Ancaq bu problemləri, ayrılıq yaradan məqamları demokratiya və insan haqqları çərçivəsində həll etməliyik. Türkiyə prezidenti bildirdi ki, İran fars imperatorluğu qurmaq siyasəti aparır. Sonra dedi ki, İran da qarışa bilər. Onun dediyi kimi də oldu. Əslində Ərdoğan İrana xəbərdarlıq etdi ki, Suriyada, İraqda PKK-ya dəstək vermə. Yoxsa biz də İranda türklərə dəstək verərik. Türkiyə milliyyətçiləri isə hər zaman bizə dəstək olub. Türkiyədə hara getdimsə dedilər ki, Əbülfəz Elçibəyin tanıtdığı, sevdirdiyi şəxsiyyətsən. Mərhum Elçibəyin mənim tanınmağımda böyük rolu olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.