"Bəzən filmə elə adamları çəkirlər ki, nə aktyordurlar, nə də aktyorluq onların canında var"
27-11-2019, 09:55
Həmsöhbətimiz artıq 20 ilə yaxındır ki, sənətdədir. Həm teatrda çalışıb, həm də televiziyada seriallara çəkilib. Çoxları onun gözəl səsi olduğunu da bilir. Bacarıqlı qiraət ustasıdır. Amma son zamanlar nədənsə, onu tamaşa və teatrlarda az-az görürük. İndi daha çox rejissor kimi fəaliyyətə üstünlük verir.
Sputnik Azərbaycan-ın qonağı tanınmış aktyor, rejissor Firdovsi A.Nəbiyevdir.
- Firdovsi bəy, sizi tanıyanlara və sevənlərə geniş həyat və yaradıcılıq yolu keçdiyiniz məlumdur. Həm həyatınız, həm də yaradıcılığınız haqqında qısa bioqrafik məlumat istəsək, bu geniş tarixdən hansı məqamları seçərsiniz?
- Salam. Sizi də xoş gördük. Mən Firdovsi A.Nəbiyev 1980-ci ildə, Bakıda anadan olmuşam. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyorluğu ixtisasını bitirmişəm. Sevimli pedaqoq Fikrət Sultanov kurs rəhbərim olub. Müəllimlərim isə birinci kursda - sevimli aktyorumuz Kamal Xudaverdiyev və aktrisa Səidə Quliyeva, ikinci kursdan isə Fərhad İsrafilov və Vidadi Həsənov olublar. Üçüncü kursdan Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi işləmişəm – düz, 11 il. Həmin illərdə paralel kinostudiyada və bir neçə telekanallarda çalışmışam. O illərdə mən aparıcı aktyorlardan biri idim. Çünki yaraşıqlı idim. (gülür) O vaxtdan indiyə kimi bir çox tamaşalarda baş rolların ifaçısı olmuşam. Paralel olaraq "Yanmış körpülər", "Hörümçək toru", “Son addım" serialına çəkilmişəm. Reklamlarda da çəkildiyim olub.
- Rejissor və aktyorsunuz. Bəs sizə hansı daha doğmadır? Aktyorluq yoxsa rejissorluq?
- Mənim üçün ikisi də doğmadır. İkisinin də biri-birindən çox gözəlliyi var. Onu da qeyd edim ki, aktyorluğu oxuya-oxuya, bizim gözəl pedaqoqumuz Cəmil Quliyevdən rejissorluq üzrə fərdi dərs almışam. Bu işi bilməyimə görə də ona dərin minnətdaram. İndi yaşlanmışam, ya nədəndir, bilmirəm, amma məni rejissorlar daha çəkmirlər. Bəlkə də istedadım tükənib yəqin (gülür). Tək rejissorluq və montaj rejissorluğu edirəm.
- Hər aktyor rejissor ola bilərmi? Və ya hər rejissor aktyor ola bilərmi?
- Bizdə, maşallah, bir çox istedadlı aktyorlar var ki, onların düşüncələri, fikirləri o qədər genişdir ki, hər biri istəsələr rejissor ola bilərlər. Elə biri mən. Rejissorlar da həmçinin. Daxildə o qabiliyyət heç birində yoxdursa, nə qədər çalışsalar da, onlarda alınan deyil.
- Azərbaycan müasir kinosu haqqında fikriniz nədir? Sizcə, müasir film və serial sektorunda baş verən uğursuzluqların və ya bayağı uğurların səbəbi nədir?
- Yaralı yerimə toxundunuz. Müasir Azərbaycan kinosu azca axsayır. Son zamanlar elə filmlər çəkilir ki, filmə zalda axıra qədər baxmaq qeyri-mümkündür. Amma elə filmlər də var ki, çox istedadlı rejissorlarımız tərəfindən çəkilib. O filmlərə baxdıqca, doymursan. O qədər gözəl alınır ki, sonuna qədər doymadan baxıb deyirsən ki, İlahi, yəni bunu bizimkilər çəkib?!
Digər suala gəlincə, bunu ilk növbədə imkansızlıqla bağlayardım. Sponsorlar komediyaya pul verirlər. Mən komediya filmlərini pisləmirəm. Əksinə, əla çəkənləri alqışlayıram. Amma müasir Azərbaycan filmi tək komediyadan ibarət deyil və olmamalıdır. Dram janrında çəkilən filmlərimizə isə baxan azdır. Bir bəlamız da var. Bəzən filmə elə adamları çəkirlər ki, nə aktyordurlar, nə də aktyorluq onların canında var. Amma təəssüflər olsun ki, çəkilirlər... Düzdür, arasında elələri var ki, bizim universitetdə oxumayıblar, amma çox istedadlıdırlar. Bir neçəsini tanıyıram, amma ad çəkməyəcəm. İstedadı olmayanların xətrinə dəyər.
- Rejissor və aktyor Firdovsi Nəbiyev kinonun inkişafını nədə görür? Yerli film sahəsini dünya səhnəsinə çıxarmağın yolu nədən keçir?
- Kino çəkmək asan deyil. Kinoda gərək hamı zərgər kimi öz işini mükəmməl bilsin. Kino sahəsində istedadsız insanın yeri olmamalıdır. Başqa sənətlər var, bacarırlarsa, getsinlər özlərini orada tapsınlar.
Yerli film sahəsini dünya səhnəsinə çıxarmağın yolu istedaddan keçir. İstedad, istedad və yenə də istedad! Başqa heç nə.
- Arzuladığınız bütün rolları ifa edə bilmisinizmi? Yoxsa sizi narahat edən, canlandırmaq istədiyiniz xəyali, ya da gerçək qəhrəmanlar var?
- Aktyor gərək plastilin kimi olsun. Məncə, aktyor öz üzərində daima işləməlidir ki, ona verilən obrazları mükəmməl dərəcədə yerinə yetirsin, vəssalam. Bax, mən də elə istənilən obrazın öhdəsindən gələ bilərəm. Hazıram da. Həmişə demişəm tanış və dost rejissorlara ki, əgər hansısa obraza yarayıramsa, məni o rolu oynamağa çağırın. Yox, əgər uyğun gəlmirəmsə, məni çağırıb, filmi bədbəxt etməyin. Bacarmayacam. Görünür, uyğun gəlmirəm ki, son zamanlar çağırmırlar da (gülür). Təbii ki, bu, zarafatdır. Məncə, bütün obrazların bacardığım qədər öhdəsindən gələ bilərəm.
- Gələcəklə bağlı planlarınız nədir?
- Filmlər çəkmək, vizionlara çıxarmaq, festivallarda uğur qazanmaq, Azərbaycanın adını hər yerdə uca tutmaq. Öz filmlərimizi, özümü hər yerdə çox istedadlı filmmaker kimi tanıtmaq və çəkdiyim o filmlərdən, oradan olan qazancımı yığıb ev almaq. Çünki evim yoxdur. Balaca, şəraitsiz bir daxmada qalıram, təəssüf!
- Müsahibə üçün təşəkkür edirəm.