Siyavuş Novruzov: “Mən o torpaqlarda vuruşanda bunlar yorğan altında gizlənirdilər”
17-03-2020, 13:08
YAP funksionerindən onu “məhşər ayağı”na çəkənlərə sərt reaksiya
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun parlamentin son iclasında səsləndirdiyi bəzi fikirlər ciddi qalmaqal yaradıb. Onun məcburi köçkünlərə tikilən evlərlə bağlı dedikləri rezonans doğurub.
Sitat: “Neft pullarının hesabına qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. İnsanlar zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, yanğından evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addımlar atılmır. Dövlət insanlara dədəsi-babası tikəndən daha yaxşı ev verib”.
Deputatın bu fikirlərinə tənqidi cavablar verilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu və digərləri ona cavab veriblər. Q.İbadoğlu deputatı üzr istəməyə çağırıb: “Deputatın vətəndaşa minnət qoymağa və onu dövlətdən haqq edib aldığına görə aşağılamağa hüququ yoxdur. Odur ki, tələb edirəm ki, Siyavuş Novruzov ilk çıxışında dövlətin sosial proqramlar çərçivəsində ev verdiyi məcburi köçkün, qaçqınlar, şəhid ailərlərinin, Qarabağ müharibəsi əlillərinin, zəlzələdən və yanğından evləri dağılanların hissiyyatına toxunan, onları aşağılayan çıxışına görə üzr istəməlidir”.
Akif Nağı: “Bu adam çox böyük xətaya yol verib”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında dedi ki, Siyavuş Novruzov açıqlamalarında etika normalarından kənara çıxır, nə danışdığını özü də bilmir: “İstənilən vətəndaşa, o cümlədən məcburi köçkünlərə qarşı dedikləri bir daha göstərir ki, məsuliyyət hissini itirib. Özünü elə göstərir ki, guya dövləti müdafiə edir. Əslində isə dövlətin imicinə zərbə vurur, insanları narazı salır. Bu adam bilməlidir ki, dövlət öz vətəndaşlarını müdafiə etməyə borcludur. Evi dağılanlara, hər hansı fəlakətə düçar olanlara yardım etməlidir. Yüz minlərlə köçkün erməni işğalı nəticəsində öz yurdlarından didərgin düşüb, onlara ev tikib verməklə minnət qoymaq olmaz. Siyavuş Novruzov onu da bilməlidir ki, köçkünlərin hamısı işğala qədər özlərinə yüksək şərait yaratmışdılar, hər cür şəraiti olan evlərdə yaşayırdılar. Onların kiminsə tikib verəcəyi evə ehtiyacları yox idi. Bu adam çox böyük xətaya yol verib, ona görə də təhqir etdiyi bütün insanlardan, o cümlədən köçkün insanlardan üzr istəməlidir. Milli Məclis onun deputatlıqdan geri çağırılması məsələsinə baxmalıdır”.
S.Novruzov isə açıqlamasına aydınlıq gətirdi: “Birincisi, orada nə demişəm? Bildirmişəm ki, bu qədər evlər tikilib, bunu dövlət edir, xalqının yanındadır. Cənab Prezidentin xalqın yanında olduğunu bildirmişəm. Ən çətin anlarda özü bu məsələlərin həllində iştirak edir. Başa düşə bilmirəm ki, fikirlərimdə qəbahət olan nədir?
İnsanlar vaxtilə növbəyə durub, 20-30 ilə Bakı şəhərində ev ala bilirdilər. İndi dövlət ev tikir, mebelini də içərisinə yığır. Birinci vitse-prezident Qaradağda böyük bir şəhərcik salıb. Başqa-başqa yerlərdə şəhərciklər var. Hər birinin məktəbi, bağçası, ərzaq dükanı var. Qaz, işıq və hər şeylə təmin olunublar. Bir valideyn övladını evləndirəndə bu şəraiti yarada bilir? Xeyr. Bunu dövlət yaradır, bunlar da dövlətin övladlarıdır. 2 min ev Şamaxıda, 1500 Ağsuda tikilib. Sel daşqınları olanda 5 min Saatlı, Sabirabad zonalarında evlər tikildi. Onlara 100 evi Yeni Azərbaycan Partiyası tikib təhvil verib. Özümüz də gedib, onlara baxdıq. Qamışdan evlər idi. Onların yerinə ikimərtəbəli evlər tikilib verilib. Mən havadan danışmıram, dediklərim reallıqdır. Burada söhbət qaçqınlardan getmir. Belə fikir yaratmağa çalışırlar ki, guya qaçqınları aşağılayıram. Bir nömrəli qaçqının özü elə mənəm".
Deputat onun fikirlərini başqa istiqamətlərə yozaraq, konkret olaraq, Qarabağın unudulmasına xidmət etdiyini deyənlərə də cavab verdi: “Mən o torpaqlarda vuruşanda bunlar yorğan altında gizlənirdilər. Siyavuş Novruzov Qarabağ ərazisinin alınmasında ən çox döyüşlərdən keçən insanlardan biridir. Haqqımda zəng edib Laçın batalyonunun komandiri Arif Paşadan soruşa bilərsiniz. Mənimlə maraqlanmağınız üçün onlarla ad çəkə bilərəm. Hansı mübarizələrdən keçdiyimi öyrənə bilərsiniz. Bu baxımdan yorğan altında gizlənənlərin fikirləri mənə maraqlı deyil”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”