Qərbi azərbaycanlılardan etiraz: - “Bizim pasportları yandırıblarsa, düzünü desinlər”
4-02-2016, 13:05
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az saytına müsahibə verib.
- Əziz müəllim, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımıza Azərbaycan vətəndaşlığı verildi və onların keçmiş Ermənistan SSR ərazisindən deportasiya olunduqlarını təsdiq edən pasportları əllərindən alınaraq, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri ilə əvəz edildi. İndi onların qaçqın olduğunu necə sübut etmək olar?
- Qərbi Azərbaycan qaçqınlarının Ermənistan vətəndaşlığının ləğv edilməsi və onlara kütləvi şəkildə ancaq Azərbaycan vətəndaşlığı verilməsi ciddi siyasi səhv idi. Əvvəla, bu, qaçqınların təkcə qaçqın hüquqlarının yox, həm də insani hüquqlarının kobud şəkildə pozulması idi. Məsələn, soruşdularmı, kim isə bu vətəndaşlığı qəbul etmək istəyir, ya yox? İkincisi, bu, Azərbaycan Respublikası qanunlarına zidd bir addım idi. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində aydın şəkildə yazılıb ki, “qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir”.
Deməli, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların öz qaçqınlıq statusunu itirməsi üçün heç bir zəmin yoxdur, onlar qaçqındırlar, vəssalam, bu, müzakirə oluna bilməz.
Digər tərəfdən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, “vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər”. Onda sual yaranır: hansı qaçqın ərizə ilə müraciət edib, Azərbaycan vətəndaşlığını qəbul etməyi xahiş edib? Əlbəttə, heç biri.
Yaxşı, bunu qoyduq bir kənara, indi nəyə görəsə bu camaata onlardan soruşmadan vətəndaşlıq verilib, bəs bunların Ermənistan vətəndaşlığını ləğv etməyə kimin nə ixtiyarı vardı və bu addım hansı məqsədə xidmət edirdi? Sabah biz erməniyə necə sübut edəcəyik ki, 1988-1991-ci illərdə Ermənistandan 300 mindən artıq azərbaycanlı zorla öz evindən sürgün edilib?! Hansı sənədlə? Elə buna görədir ki, bu gün Qərbi Azərbaycan qaçqınları BMT-nin qaçqınlar siyahısına daxil deyil. Elə buna görədir ki, Azərbaycandan gedən ermənilər əllərində Azərbaycan-sovet pasportu dünyanı dolaşırlar, amma Qərbi Azərbaycan qaçqınlarını heç bir ölkə qaçqın kimi qəbul eləmir.
Bəli, bizə Azərbaycan vətəndaşlığı veriləndə Ermənistan ərazisindən deportasiya olunduğumuzu təsdiq edən sovet pasportları əllərimizdən alındı, əvəzində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri verildi. Amma necə? Azərbaycan vətəndaşlarından fərqli olaraq, bizim vəsiqələrdə anadan olduğumuz kəndlərin adı yazılmadı. Niyə? Ona görə ki, qaçqınlar Ermənistanın 22 rayonundan və 300 yaşayış məntəqəsindən gəlmişdilər və bizim vəsiqələrimizdə ancaq o 22 rayonun adı yazıldı, 300 yaşayış məntəqəsinin adı itirildi. Bunu kim etdi, bilmirəm.
- Bəs, qaçqınlardan yığılan pasportlar necə oldu?
- Bunu heç kəs bilmir. Əgər o pasportlar durursa, niyə gizlədilir, qoyulsun ortaya, beynəlxalq məhkəmələrə çıxmaq üçün istifadə olunsun, yox, məhv edilibsə, açıq desinlər, biz də qapı-qapı düşək, görək kimin evində surəti varsa, əldə edək, sabah erməniyə qarşı əlimizdə sübut olsun.
- Əziz müəllim, faktiki olaraq bu gün Qərbi azərbaycanlı qaçqın deyil. Bəs biz lazım gəldiyi zaman bunu necə sübut edəcəyik?
- Nəzəri cəhətdən biz qaçqınıq, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Prezidentinin 23 avqust 2001-ci il tarixli Fərmanının 1-ci maddəsində aydın yazılıb ki, “Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara verilən “qaçqın” statusu qüvvəsində saxlanılsın” və bu fərman bu gün də qüvvəsindədir. Bəli, bu statusun saxlanması ulu öndərin böyük uzaqgörənliyi idi, lakin gəlin görək, bu statusa nə səviyyədə əməl olunur? Təəssüf ki, bu gün bu status ancaq kağız üzərində mövcuddur. Məsələn, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci fəslinin 5-ci maddəsində yazılıb ki: “1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikası vətəndaşı sayılırlar” və “Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər, həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir”.
Harada əməl olunur bu qanuna, hansı qaçqın bu güzəştlərdən istifadə edir! Heç harada və heç biri!
Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “indiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir”.
Bu sözlər millətin şüuruna və tarixinə əbədi həkk olunmuş tarixi ifadələrdir. Lakin gəlin görək, bu gün qaçqının özünü qaçqın hiss etməsi üçün heç bir şərt yoxdursa, əksinə, onların bütün qaçqın hüquqları ləğv edilirsə, biz o tarixi torpaqlara qayıtmaq uğrunda hansı qüvvə ilə, necə və nə üçün mübarizə aparacağıq?
- Bəs Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bu problemlərin həlli istiqamətdə hansı işləri görürsünüz?
- Qaçqınların bütün problemləri bizim üçün prioritetdir. İlk növbədə qaçqınların statusu məsələsinə yenidən baxılmalı, onların bütün hüquqları özlərinə qaytarılmalı, ilk növbədə ikili vətəndaşlığı qanunla bərpa olunmalıdır. Yəni onların Ermənistan vətəndaşlığını inkar edən və ya məhdudlaşdıran sənədlər ləğv edilməli, təsbit edən hüquqi addımlar atılmalıdır.
İkincisi, Azərbaycanda qaçqınlarla məcburi köçkünlərə münasibətdə ikili standarta son qoyulmalıdır. Məsələn, iki il əvvəl erməni təcavüzü zamanı soydaşlarımıza dəyən zərərin hesablanması üzrə İşçi Qrupu yaradılıb, amma bu qrup ancaq məcburi köçkünlərə dəyən zərəri hesablayır, bəs qaçqın soydaşlarımıza dəyən ziyanı kim hesablayacaq? Axı bu, mən qaçqından daha çox sabah ermənilərin təzminat iddiası ilə üz-üzə qalacaq Azərbaycan hökumətinə lazımdır. Başqa bir misal: bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi ki, qaçqınların və məcburi köçkünlərin geri qayıtması ilə bağlı qanun layihəsi hazırlanıb. Gəlin görək, orada Qərbi Azərbaycan qaçqınları ilə bağlı da nəsə nəzərdə tutulubmu? Bu layihədən Azərbaycan Qaçqınlar Cəmiyyətinin xəbəri varmı? Qətiyyən!
Üçüncüsü, bu gün Azərbaycanda mənə Qərbi azərbaycanlıların 1988-ci il soyqırımını xatırladan bir nişanə – abidə, muzey, bağ, guşə göstərin, yoxdur! İşğal altında olan rayonlarımızın işğal günü ilə bağlı hər il tədbirlər keçirilir, bu, çox yaxşıdır, torpaqları unudulmağa qoymur, Qarabağ hər bir azərbaycanlının ürəyidir. Bəs İrəvanın, Göyçənin, Ağbabanın, Dərəçiçəyin, Dərələyəzin, Zəngəzurun, başqa mahalımızın işğal günlərini niyə anmırıq? O mahallar bu xalqın tarixi torpaqları deyilmi? Ata-baba yurduna bu münasibətin göstərildiyi qaçqının ürəyinin nə qədər qırıldığını başa düşən varmı? Qarabağ müharibəsində şəhid olan qaçqınların övladları atalarının ata-baba yurdlarına belə münasibəti haqq edirlərmi? Bu gün Azərbaycan parlamentində işğal altında olan rayonlarımızın, yəhudi icmasının, rus icmasının, başqa sosial təbəqələrin nümayəndələri əyləşir, Qərbi Azərbaycan qaçqınlarını təmsil edən bir deputat varmı? Yoxdur. Bu ayın 24-də Abbasqulu bəy Şadlinskinin 130 illiyidir. Azərbaycan tarixində erməni təcavüzünə qarşı onun qədər möhtəşəm mübarizə aparan ikinci sərkərdəmiz, xalq qəhrəmanımız yoxdur. Onun yubileyi dövlət səviyyəsində niyə keçirilməməlidir? Niyə övladlarımız orta məktəblərdə Qərbi Azərbaycandakı tarixi mahallarımızı, abidələrimizi öyrənməməlidir?
Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz də qarşımıza bütün bu məsələləri həll etməyi qoymuşuq. Strateji hədəfimiz İrəvan və bütün Qərbi Azərbaycandır! Heç kimsə bizi bu yoldan saxlaya bilməz!