“Bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb” - deputat

10-02-2016, 11:00           
“Bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb” - deputat
Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək. Dünən isə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş üzrə Mərkəzini və nazirliyi tənqid edib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatının MM-in Regional məsələlər komitəsində müzakirəsi zamanı A.Rəhimzadə deyib: “Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır”. Gün.az-ın xəbərinə görə, komitə sədri bildirib ki, artıq 16 ildir ki, bələdiyyələr yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər.

Onun sözlərinə görə, Bələdiyyələrlə İş üzrə Mərkəz də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır: “Bələdiyyələrlə İş üzrə Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan İşçi Qrupu bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər.

Bir məqamı da qeyd etmək istəyirəm. Telekanallarda bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzi telekanallarla ayda bir dəfə, iki dəfə belə bir verilişin işıq üzü görməsi üçün müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyaya belə bir müraciət etməyib. Ancaq bu gün televiziyalarda o qədər lüzumsuz verilişlər var ki! Ümumiyyətlə, ayrılıqda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi deyil, Ədliyyə Nazirliyi bütövlükdə bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Biz hamımız bələdiyyələrə dəstək verməliyik”.

Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Fəzail İbrahimli isə bələdiyyə sədrlərinə və bələdiyyələrə qarşı sərt ittihamlarla çıxış edib. O, bələdiyyələri və bələdiyyə sədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb: “Siz eləcə vergilərdən danışırsınız. Sizi başqa məsələlər maraqlandırmır? Sizin işiniz-gücünüz elə vergi yığımı məsələsidir? Molla yas yerindən xüms-zəkat istədiyi kimi, siz də ancaq vergi istəyirsiniz! Niyə konkret fəaliyyət ortaya qoymursunuz? İnciməyin, bələdiyyələrin, bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb. Bu, az qala sizin alnınıza yazılıb. Bəlkə belə deyil?” F.İbrahimli daha sonra əlavə edib: “Düzdür, əvvəlki illərlə müqayisədə bu məsələnin qarşısı qismən alınıb, amma hər halda, bələdiyyələr haqqında formalaşan bu ”imic" hələ də aradan qaldırılmayıb. Ona görə vergi, əlavə səlahiyyətlər istəməkdənsə, əməli fəaliyyətinizlə bu “imici” aradan qaldırmağa çalışın".

Qeyd edək ki, F.İbrahimli bundan əvvəl nazirləri deputatların zənglərinə cavab vermədiklərinə görə kəskin tənqid etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.