Stalindən Rəsulzadəyə: “Siz nə öldürüləcək, nə də...”

12-02-2016, 00:14           
Stalindən Rəsulzadəyə: “Siz nə öldürüləcək, nə də...”
Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrindən ibarət “Bir türk millətçisinin Stalinlə ixtilal xatirələri” kitabında SSRİ-nin diktatoru İosif Stalinlə bağlı bir sıra xatirələri, maraqlı məqamlar yer alıb.

Publika.az-ın məlumatına görə, kitabın xüsusən “Həbsxanada Stalinlə başbaşa” bölümündə Rəsulzadənin Stalinlə gərgin dialoqu bu qəbildəndir. “Bir türk millətçisinin Stalinlə ixtilal xatirələri” kitabındakı dialoqu Rəsulzadənin adından ixtisarla təqdim edirik:

- Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı, içəri girdim. Masanın arxasında ayaq üstdə duran Pankratovun (Söhbət 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyununa qədər Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuş qəddar Semyon Pankratovdan gedir - red.) yanında əyninə Qırmızı Ordu forması geymiş biri mənə diqqətlə baxır. Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəlir. Əlini uzadaraq:

- Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.

- Bəli, tanıdım, - bir az dayandıqdan sonra, - “Koba”, - dedim.

Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən Pankratova müraciətlə, “bizi tək buraxın”, dedi. Pankratov çıxdıqdan sonra mənə dedi:

- Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq.

- Dünya belədir, hər şey ola bilər, - dedim.

- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir.

Mən bir ləhzə gözünün içinə baxdım.

- Müsavat partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşünəcək qədər sadəlövh deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.

Stalin mövzunu əlüstü dəyişdirdi.

- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız doktor Nərimana söylədim, - dedikdən sonra sözünə davam etdi: - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) sizdən qorxurlar, bir qismi Müsavat rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, sizə azadlıq verilməlidir. İstəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək. Bunu mən sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, daşının, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..

Stalinin Rusiyadan bəhs açan rəsmi “müqəddimə”dən əski “mücadilə dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.

- Bu qədər hadisə olub-bitdikdən sonra əməkdaşlıq müzakirə mövzusu ola bilməz, yoldaş Koba, - dedim.

- Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməməli idik.

Stalin bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.

Stalinə dedim:

- Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə də deyil, siz buraya indi də gəlməməli idiniz!

Stalin diqqətlə üzümə baxdı. Sözü ilə deyil, halı ilə “nə üçün” deyə soruşurdu:

- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə davam etdim.

Stalin bir ləhzə düşündükdən sonra mövzunu dəyişdirdi.

- Yaxşı, - dedi, - olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.

Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.

Stalin:

- Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz?

- Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq.

- Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz. Başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır.

- Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox, - dedim.

Stalin güldü:

- Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! - dedi.

Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim Hürriyyətə gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim:

- Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində sağlam bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.

- Yaxşı, - deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması münasibətilə anlatmış olduğumdan, içəri girən Pankratova: - Bura baxın, adamı qaranlıq mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin, - deyə əmr etdi.

Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarım sevinc içində idilər.

İki-üç saat sonra gözətçi təkrar gəldi, “Əşyanızı yığın, yoldaş Pankratov sizi münasib bir otağa köçürmək haqqında əmr verdi”, - dedi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.