Fransanı heyran qoyan azərbaycanlı: `Ermənilər mənə paxıllıq edirlər` (Müsahibə)

12-02-2016, 09:51           

Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunda çıxış edən azərbaycanlı iştirakçı Araz Hümbətli ifası ilə hamını heyran qoyub. Səhnəyə Azərbaycanın milli musiqi aləti olan tarla çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.

25 yaşlı Araz hazırda Fransanın Tuluza şəhərində yaşayır.

Günlərdir haqqında danışılan Araz Hümbətli AzVision.az-a müsahibəsində Fransada üzləşdiyi maraqlı məqamlardan, fəaliyyəti ilə bağlı yeni planlarından söz açıb.

- Səhnəyə Azərbaycanın milli musiqi aləti olan tarla çıxmağınız alqışla qarşılandı. Hamı sizi Fransanı heyran qoyan azərbaycanlı kimi tanıyır. Belə bir uğura imza atacağınızı gözləyirdinizmi?

- Heç vaxt gözləməzdim ki, səhnədəki çıxışım rezonans doğuracaq. Bu, mənim üçün sürpriz oldu. Səhnədə yalnız ifa etdiyim musiqini düşünürdüm. Ən böyük arzum Azərbaycan musiqisini, mədəniyyətini Fransada layiqincə təmsil etməkdir. Bunun üçün əlimdən gələni edirəm. Tarla səhnəyə çıxmaq, efirdə adımın Azərbaycanın adı ilə birlikdə çəkilməsi qürurvericidir. Həmin çıxışımdan sonra fransızlar zəng edərək, mənimlə maraqlanırdılar. Düşümürəm ki, az da olsa ölkəmi Fransada tanıda bildim.

- Azərbaycanlı olduğunuz üçün fransızların sizə münasibəti necədir?

- Fransızlar mənə qarşı çox isti və səmimi münasibət bəsləyirlər. Onlar yeniliyə açıq millətdirlər. Mən bu yarışmaya qatılmamışadan öncə də Fransada çoxlu festivallarda iştirak etmişəm. Bu ölkədə dəfələrlə Azərbaycanın milli geyimində, milli mahnılarımızı ifa etmişəm. Fransa radiosunda da çıxışlarım olub. İfa etdiyim “İrəvanda xal qalmadı” mahnısı fransızların xoşuna gəlirdi. Mən Fransa üçün bir yeniliyəm. Məndən əvvəl heç kim belə bir səslə, performasla səhnədə ifa etməyib.

-Milyonlarla izləyicinin qarşısında səhnədə hansı hissləri keçirdiniz?

- Sözün açığı səhnədə çox rahat idim. Qorxu, stress yox idi. Səhnədə yalnız sevgi hissləri yaşayırdım. Azərbaycanlı olduğuma görə qürurlanırdım. Mahnı oxuyan zaman mənim fikrim kainata yönəlir, ürəyim bu dünyada döyünmür. Bu, həqiqətən də belədir.

- Etiraf edək ki, bu yarışmadan öncə siz Azərbaycanda o qədər tanınmırdınız.

-Bəli, bu yarış mənim üçün bir dönüş nöqtəsi oldu. Mən pop-estrada janrında mahnılar oxumuram. Bəlkə də buna görə tanınmıram. Həmişə öz ürəyimə, zövqümə uyğun musiqilər ifa edirəm.Azərbaycanda şou-biznesə qatılmağı heç vaxt düşünməmişəm. Səs tembrim, ifam və görünüşüm bizim şou nümayəndələrindən fərqlidir.

- Hazırda Fransada yaşayırsınız. Azərbaycandan gedişiniz nə ilə bağlıdır?

- Araz Azərbaycanda da sadə insan idi, burada da. Fransaya köçməyim həyatımda bir sıra dəyişikliklərə səbəb olsa da, daxilən dəyişilməmişəm. Burada da Azərbaycanda olduğu kimi həyatımı yaşayıram. Ola bilər musiqi zövqüm müəyyən qədər dəyişə bilər. Harada yaşamağımdan aslı olmayaraq, ürəyim Azərbaycanla döyünür və döyünəcək.

- Öz vətənini tərk edən Arazı Fransa xalqı sevirmi?

-Bilmirəm ki, onlar məni sevir, yoxsa sevmir. Sözün düzü bu haqda düşünmürəm.Yalnız sənətimi düşünürəm. Daha çox işləmək, daha çox uğur qazanmaq istəyirəm. Tanınmaq, sevilmək üçün çalışmıram. Mənim işim yalnız musiqi ilə bağlıdır. Ömrümün sonuna qədər bu sahə ilə məşğul olacağam.

-Yarışmanın növbəti mərhələsində tamaşaçıları necə təəccübləndirmək istəyirsiniz?

-Tarla artıq ifa etmişəm. Azərbaycanın başqa musiqi alətlərindən də istifadə etməyi düşünürəm. İnanmıram ki, tarla ifamya yenidən icazə verilsin. Biz yaddan çıxarmamalıyıq ki, bu yarışmada yalnız estrada janrında olan musiqilər ifa olunur və maliyyə yarışmasıdır.

İfa etdiyim mahnını mən özüm hazılayıram. Orada yeganə iştirakçıyam ki, mahnı variantını özüm hazırlayıram. Növbəti mərhələdə də uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.

-“İrəvanda xal qalmadı” mahnısını tam fərqli stildə ifa edirsiniz. Həmin mahnını "The Voice" ("O səs") Fransada da ifa etməyi düşünsünüzmü?

-2015-ci ildə Fransada dünya musiqi festivalı keçiriləndə “İrəvanda xal qalmadı” mahnısını ifa etmişəm. Həmin mahnını çox fərqli tərzdə oxudum. Atam mənim stilimi, ifamımı başa düşmür. Bu, mənim üçün normal bir haldır. Çünki mən mahnının ənənəvi versiyasından tamamilə fərqli tərzdə ifa edirəm.Fikrimcə, musiqidə sərhəd yoxdur, musiqi azaddır.Mən azadam. İstəyirəm ki, bütün kainatı gəzim və musiqi sahəsində yeniliklər edim. “İrəvanda xal qalmadı” mahnısını isə psixodelik tərzdə ifa edirəm. Məncə, belə daha fərqli və maraqlıdır. Bəziləri bu ifanı bəyənmir. Bu təzə bir janr, təcrübədir.

"The Voice" ("O səs") Fransada bu tərzdə oxumağıma icazə vermirlər. Mən muğam ifaçısı, aşıq deyiləm. Mənim özüməxas stilim var. Çalışıram ki, bütün dünya bu tərzi qəbul etsin. Buna baxmayaraq, Azərbaycan mahnıları mənim üçün əvəzolunmazdır.

Qeyd edim ki, “Ay Laçın ” mahnısını “blues” janrında ifa etmişəm. Çoxları bu ifamı bəyənmədi.Amma mən öz ifamdan razı qaldım.Əsas mənim ürəyimcə olsun.

-Azərbaycana nə vaxt qayıdacaqsınız? Bu haqda fikirlərinizi bilməkz istərdik.

- Fransada yaşasam da, ürəyim həmişə Azərbaycanla döyünür. Hamı bilsin ki, mən Azərbaycandan qaçmamışam.Hazırda Fransada yaşayıram.Qismət olsa, Bakını görmək istəyirəm.

-Fransada yaşayan ermənilərin sizə qarşı münasibəti necədir?

- Burada 5 milyona yaxın erməni yaşayır. Onlar bir azərbaycanılının qazandığı uğurun bütün Fransa mətbuatında, televiziyalarında nümayiş etdirilməsi ilə heç də razılaşmırlar. Ermənilər buna görə çox narahat olurlar, xoşlarına gəlmir. Onlar mənə paxıllıq edirlər.

Ermənilərin nə düşündüyü məni maraqlandırmır. Öz beynimi, ruhumu yalnız musiqi ilə, sevgi ilə doldurmaq istəyirəm.

Təəssüf ki, ermənilərlə yanaşı bəzi soydaşlarımızda internetdə məni pisləyirlər. Onlar mənim ifamı tərzimi ələ salırlar. Bunlar mənim üçün maraqlı deyil. Dəstək vermirsinizsə, xahiş edirəm heç olmasa pisləməyin. Çünki bu musiqi yarışmasına bütün dünya baxır. Öz yerlilərim məni pisləsələr heç vaxt qalib gələ bilmərik. Biz bir olmalıyıq. Əlbəttə ki, hər kəs bir-birini bəyənə bilməz.Ancaq pis şərhlər də yazmaq lazım deyil. Ermənilər həmin şərhlərə baxıb gülürlər.

Dünyanı yalnız sevgi xilas edəcək. Hər şeydən öncə biz özmüzü sevməliyik.Ondan sonra başqalarını sevə bilərik. Həmişə Azərbaycanlı olmağımla fəxr edirəm.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.