"Görünən budur ki, bu məsələlərin arxasında qeyri-şəffaflığın olması dayanır" - Əflatun Amaşov

15-02-2016, 10:19           
"Görünən budur ki, bu məsələlərin arxasında qeyri-şəffaflığın olması dayanır" - Əflatun Amaşov
Manatın dəyərdən düşməsi bütün sahələrə təsir etdiyi kimi, mətbuatın da durumu kifayət qədər ağırlaşıb. Kağızın qiymətinin bahalaşması, çap xərclərinin artması yazılı medianı çıxılmaz durumla üz-üzə qoyub və dövlətin mətbuatı xilas tədbirləri barədə qərarı olmasa, sonuc heç də yaxşı olmayacaq. Üstəlik, internet mediasının da maliyyələşməsi məsələsi aktuallaşıb. Bütün bu məsələlərlə bağlı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbət etdik. Ancaq müsahibəmiz təkcə medianın problemlərini əhatə etmədi.

- Əflatun bəy, artıq deputatlığınızın 100 günlüyü tamamlandı. Öz-özünüzə ötən müddətin hesabatını verdinizmi?

- Bəlkə hesabat vermək üçün hələ tezdir. Mənim parlamentə gəlməkdə məqsədlərim bundan ibarət olub ki, Mətbuat Şurası müstəvisində gördüyümüz vəziyyəti parlamentə daşıyım. Yəni hər hansı problem varsa, necə ki, biz onu Mətbuat Şurası müstəvisində həlli yollarını tapırıq, müvafiq qurumlara müraciət edirik, eyni zamanda bunları parlamentdə qoymaqla məsələləri daha çox ictimailəşdiririk. Bu, mənimçün maraqlı nüansdır. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan qanunvericilik bazası ümumiyyətlə, yenidən işlənilməli, müasirləşməlidir. Bura informasiya təhlükəsizliyi ilə bağlı qanun, “Diffamasiya haqqında” Qanunun qəbulu da daxildir.

Artıq yeni jurnalistika, onlayn jurnalistika meydana gəlib. KİV haqqında qanunvericilik aktlarımız demək olar ki, yazılı mətbuat, ənənəvi jurnalistika ilə bağlıdır. Cinayət Məcəlləsində və digərlərində internet mediasından demək olar ki, çox ötəri bəhs olunur. Ona görə də qanunverici bazamızı internet mediası ilə əlaqədar kifayət qədər zənginləşdirməliyik. Yəni qanunvericilik bazamızı beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Parlamentə gəlməkdə əsas istəklərimdən biri də budur.

Digər tərəfdən mən Saatlıdan deputat seçilmişəm. Mütəmadi olaraq seçicilərimlə görüşürəm. Mətbuat Şurasına da hər gün seçicilər gəlir. Fərdi problemlərlə bağlı da, müalicə işi, yaxud məhkəmələrlə, işsizliklə əlaqədar müraciətlər də çox olur, çalışıram ki, köməyimi əsirgəməyim. Hesab edirəm ki, nələrsə etmək mümkündür, birinci, istəyəsən, ikincisi, insanlarla görüşdən qaçmayasan, problemi öyrənib müvafiq qurumlar qaqrşısında məsələ qaldırasan. Mən çalışıram ki, məsələlərə qlobal yanaşım, ayrı-ayrı nazirliklər və komitələrin diqqətini Saatlıya yönəldim.

- Yönəldə bilirsiniz? Həmkarlarınız şikayətlənir ki, nazirlər telefonu belə qaldırmır, əvəzində katibələr “alo” deyir...

- Mən istənilən nazirlə, komitə rəhbəri ilə çox asanlıqla görüşürəm, rayonun problemlərini onların diqqətinə çatdırıram. Elə olmayıb ki, mənə hansısa katibə cavab versin və nazirlə görüşə bilməyim.

- Bu, mətbuatın üstünlüyüdür, yoxsa...

- Bu, eyni zamanda əlbəttə, mətbuatın üstünlüyüdür.

- İlk günlərdə ilk dəfə seçilmiş deputatlar passivlikdə ittiham olunurdular. Sizin artıq mətbuatın problemləri ilə bağlı ilk çıxışınız oldu və kifayət qədər diqqət çəkdi...

- Əlbəttə, mən mətbuatla bağlı problemləri birbaşa parlamentə daşımağın tərəfdarıyam. Ötən çıxışlarımın birində informasiya təhlükəsizliyi haqqında qanunun vacibliyini vurğuladım. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən ildən bəri baş verən son olayların mediada əksini tapması, devalvasiya ilə bağlı məsələlər, dənizdə baş verən yanğın hadisəsinə münasibət gəstərir ki, ölkəmizdə informasiya ilə bağlı qanun, yaxud konsepsiyanın olması vacibdir. Düzdür, Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunverici aktı kifayət qədər var. Ancaq həmin qanunvericilikdə informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdən ötəri bəhs olunur. Əgər biz hava, su və quru ərazilərimizi qoruyuruqsa, informasiya məkanımızda da öz təhlükəsizliyimizi qoruya bilərik. Odur ki, informasiya təhlükəsizliyi haqqında qanun gündəmə gəlməlidir.

Mən parlamentdə öz fəaliyyətimi yalnız bu sahədə məhdudlaşdırmıram, mütəmadi olaraq Nazirlər Kabineti və digər müvafiq qurumlarla da danışıqlar aparılıb. Elə ilk iclasdan çıxış etməyi düşünürdüm. Amma parlamentin də öz aurası, rəhbərliklə münasibət, fikrini hansı tərzdə diqqətə çatdırmaq məsələsi var. Hətta burada kifayət qədər həssaslıq da tələb olunur. Siz də görürsünüz ki, çıxış edənlər kifayət qədər çox olur. Sonuncu iclasda da mən bələdiyyələrlə bağlı çıxışa yazılmışdım. Ancaq çıxışçıların çoxluğu səbəbindən heç adım lövhədə də görünmədi. Çox az qisim deputatlar çıxış edəndən sonra müzakirələr kəsildi.

- Ancaq təkid edib söz ala bilərdiniz...

- Mənim deyəcəyim fikirlərin bir qismini Arif müəllim (Rəhimzadə-E.P.) dedi, bir hissəsini spikerin özü müzakirələrə yekun vurarkən söylədi. Mənimçün də maraqlıdır ki, əgər bələdiyyələr hansısa idarə-müəssisədən vergiləri toplaya bilmirsə, o halda bələdiyyələr heç olmasa özlərinin məhkəmə hüquqlarından istifadə edə bilirlərmi? Bəzi məsələlərə kifayət qədər loyal yanaşırlar. Məncə, indiki şəraitdə bələdiyyələrin ayağa qalxması üçün onlar mütləq maliyyələşməlidir, özünü tənzimləyənə qədər onlara mütləq dövlətin qayğısı lazımdır.

- Əflatun bəy, parlamentdə “Diffamasiya haqqında” Qanunun qəbul olunmasını növbəti dəfə siz təklif etdiniz. Bu məsələ ilə bağlı illərdir danışılır. Niyə qanunun qəbulu dalana dirənib?

- Bu məsələyə nə mətbuatda, nə də cəmiyyətin özündə birmənalı münasibət yoxdur. İnsanlar düşünür ki, əgər “Diffamasiya haqqında” Qanun qəbul olunarsa, o halda cəzasızlıq mühiti yarana bilər. Amma mahiyyətinə baxanda əslində bu, belə deyil. Əgər hər hansı bir qanun pozuntusu varsa, mümkündür ki, başqa ölkələrdəki kimi mülki müstəvidə onun həllinə çalışasan, məsələni cərimələrlə tənzimləyəsən. Məsələn, illər öncə ABŞ-da qaradərili insanlara qarşı müəyyən aksiyalar keçirilirdi, onları hətta restoranlara qoymurdular. ABŞ bu problemi necə həll etdi? Elə cərimələr tətbiq etdi ki, məsələn, hansısa qaradərili insan restorandan qovulurdusa, yüksək məbləğdə cərimələnən restoran öz fəaliyyətini dayandırmalı idi. Ona görə də növbəti dəfə başqası qanunu pozmağa cəsarət etmirdi. Düzdür, Avropanın bir sıra ölkələrində diffamasiya ilə bağlı qanun yoxdur. Fransa və digər ölkələrdə demokratik ənənələr var, on illərdir ki, jurnalistlər təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmur. Əgər biz dərindən baxsaq, Azərbaycanda da 147 və 148-ci maddə ilə jurnalistlərin həbsinə moratorium qoyulub.

- Ancaq fakt budur ki, Azərbaycanın adı jurnalistlərin həbsdə olduğu ölkələrlə yanaşı çəkilir. Peşə fəaliyyəti ilə ittiham olunmasa da, bir sıra həmkarlarımız həbsdədir. Mətbuat Şurası ölkəmizin bu siyahıdan, həmkarlarımızın da azadlığa çıxması üçün hansısa təşəbbüs göstərəcəkmi? Bəlkə bununla əlaqədar prezidentə ayrıca müraciət etmək lazımdır, necə bilirsiniz?

- Əlbəttə, biz bütün məsələləri izləyir və münasibətimizi bildiririk. Orda da müəyyən məsələlər var ki, artıq bunlar Mətbuat Şurasının səlahiyyətindən kənardır. Deyək ki, jurnalist tamamilə başqa məsələyə görə ittiham olunub. Əgər Cinayət Məcəlləsinin (CM) C147-148-ci maddələrinə görə hansısa jurnalist ittiham olunsaydı, əlbəttə, onunla bağlı mübarizə aparmaq daha asan olardı. “Dövlətə xəyanət” və yaxud başqa məsələlərdə ittiham olunan jurnalistin müdafiə olunması kifayət qədər çətinlik yaradır. Ancaq biz istəyirik ki, Azərbaycanda ümumiyyətlə, jurnalistlər həbsdə qalmasın. Çünki Mətbuat Şurasının, ayrı-ayrı media nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirlərdə, konfranslarda istər-istəməz bu qarşılaşmalı və izahat verməli oluruq.

- Görünən budur ki, devalvasiya qərarından sonra mətbuatın vəziyyəti günbəgün ağırlaşır. Parlament tribunasından qəzet kağızına tətbiq olunan Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvinə çağırış etdiniz. Ötən günlərdə bu çağırışa gökumətdən reaksiya oldumu?

- Artıq məsələ öyrənilir. Bizdə olan məlumata görə, ƏDV ilə bağlı müəyyən araşdırmalar aparılıb. Hesablamalara görə, kağız məhsullarına tətbiq edilən ƏDV-dən büdcəyə cəlb oluncaq gəlirin illik miqdarı yarım milyona qədərdir. Bu da kifayət qədər azdır. Hazırda bu məsələlər həm Nazirlər Kabinetində, həm də Prezident Administrasiyasında müzakirə olunur. Gözləntim var ki, biz bu problemi həll edə biləcəyik. Söhbət ƏDV ilə bağlı məsələdən gedir. Ancaq bizim istəyimiz yalnız ƏDV-nin ləğvi deyil. Dərindən araşdırma aparsaq, görərik ki, neftin qiymətinin dəfələrlə düşməsindən sonra Azərbaycandakı devalvasiya mətbuata da ciddi problemlər yaradıb. Hətta ƏDV olmasa da, qəzet kağızı ölkədən kənardan gətirilir və bu, valyuta ilə alınır. Əgər biz bunu Azərbaycan manatı ilə eyniləşdirsək, qiymət təqribən 100 faizdən çox artıb. Çap xərcləri 50-60 faiz qalxıb. İndiki şəraitdə bunlar istər-istəməz mətbuatın durumuna təsirsiz ötüşməyəcək. Belə bir məqamda Mətbuat Şurası təklif edir ki, KİVDF-yə ayrılan vəsait artırılsın.

- Ölkədə maliyyə çətinliklərinin olduğu şəraitdə bu, gözləniləndirmi?

- Bu, Mətbuat Şurasının istəyidir.

- KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli ilə birgə bu məsələni müzakirə etmisinizmi, mövqeyiniz üst-üstə düşürmü?

- Əlbəttəi. Mən eyni zamanda KİVDF-nin Müşahidə Şurasının üzvüyəm, bu məsələni orda da müzakirə etmişik. Ümumi rəyimiz belədir ki, KİVDF-yə ayrılan vəsait artırılsa, biz mətbuatın qarşılaşdığı problemləri müəyyən mənada həll edə bilərik. KİVDF ildə iki dəfə ayrı-ayrı KİV-ləri maliyyələşdirir. Əgər biz vəziyyəti dərindən təhlil etsək, görərik ki, artıq KİVDF-nin verdiyi vəsait də yaranmış durumda problemləri əvvəlki kimi həll edə bilməyəcək. Vəsait artırılsa, bu böhranlı vəziyyəti arxada qoymaq mümkün olacaq.

- Əflatun bəy, internet mediasının dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də gündəmdədir. Bununla bağlı vəziyyət nə yerdədir, bir aydınlıq yaranıbmı, yoxsa elə təklif olaraq qalır?

- Bir vaxtlar ictimai fikri televiziyalar formalaşdırırdı, indi yavaş-yavaş televiziyalar öz yerini internet üzərindən yayımlanan jurnalistikaya verir. Ötən il Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ərəfəsində, oyunlar vaxtı və daha sonra Azərbaycana qarşı qarayaxma kampaniyası vüsət almışdı. Bu kampaniyaya qarşı ölkəmizdə fəaliyyət göstərən onlayn jurnalistika daha çevik cavab verə bildirdi. Faktiki olaraq dünyada informasiya müharibəsi gedir, biz o müharibənin içərisindəyik. Hansı ölkənin daha çox informasiya resursu varsa, hansı ölkə daha çox onlayn jurnalistikaya söykənirsə, o ölkə kənarda öz imicini daha asan formalaşdıra bilir. Bu, bizə də aiddir. Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı keçirilən tədbirlərdə cənab prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edəndə biz bu məsələni qaldırdıq və müsbət rəy də alıq ki, onlayn jurnalistikanın dövlətdən maliyyələşməsi vacibdir. Mən bunun da həyata keçiriləcəyinə əminəm. Yaxın günlərdə olub-olmayacağını deyə bilmərəm. Ancaq bu, jurnalistikamız üçün, Azərbaycanın imicinin kənarda formalaşması üçün kifayət qədər vacib məsələdir. Biz mütləq bu addımı atmalıyıq və addım atılacağına inanıram.

- Mətbuat Şurasının onlayn medianın maliyyələşməsi ilə bağlı konsepsiyası varmı? Siz internet medianın bolluğu şəraitində bir təsnifat işlərini aparmısınızmı ki, maliyyələşmə hansılarını əhatə edə bilər?

- Biz keçən iclasda bu məsələni müzakirə etdik, qaydaların layihəsini hazırladıq. Burada əsasən informasiya gücünün olması, informasiyanın əhəmiyyətliliyi vacib olan məsələlərdəndir. Eyni zamanda əlbəttə, İP də burada rol oynamalıdır. Biz adətən, 80-120 arasında olan xəbər portalları ilə işləyirik. Bəzi xəbər portallarının ünvanı, telefonu olmur, sayğaclar yanlış olur, bəziləri ölkədən kənardadır, bilmirsən kimdir. Yəqin ki, maliyyələşəcək xəbər portalları jurnalistikanın Peşə Davranış Qaydalarına sadiq qalmalıdır, ölkədə baş verən olayları bu qaydalar çərçivəsində ölkə və dünya ictimaiyyətinə çatdırmalıdırlar. Yəni bu parametrlər var. Yaxın günlərdə ekspertlərin iştirakı ilə bununla bağlı bir tədbir keçirtmək istəyirik. Ola bilsin Mətbuat Şurasının haqırladığı qaydaları mütəxəssislərin iştirakı ilə daha da təkmilləşdirək ki, yardımlar ayrılarkən səhvlərə yol verilməsin. KİVDF-nin yaradılması, KİV-lərə maliyyə ayırması, müsabiqələr əsasında jurnalistləri mükafatlandırması mətbuatda kifayət qədər şəffaflıq yarada bildi. Yol da şəffaflıqdan keçir. İndi də bəzi saytlara müəyyən mənbələrdən maliyyələr gəlir, müəyyən qurumlar özlərinə yaxın saytlar yaradır, öz imiclərini formalaşdırmaq üçün əllərindən gələni edirlər, özlərinə rəqib olan qurumların siyasi və iqtisadi cəhətdən imicini ləkələmək üçün onların fəaliyyətindən istifadə edir. Görünən budur ki, bu məsələlərin arxasında qeyri-şəffaflığın olması dayanır.

- Elektron medianın maliyyələşməsi yazılı medianın sıradan çıxmasına, yaxud qəzetlərə maliyyənin dayandırılmasına səbəb olmayacaq ki?

- Yox. Bir zaman radio, daha sonra isə televiziya yarananda da qəzetlərin sıradan çıxacağını deyirdilər, amma bu, baş vermədi. Hərəsinin öz yeri var. İnsan var qəzetin qoxusunu sevir. Amma istər-istəməz yazılı media öz yerini internet mediaya verir. Maliyyələşməyə gəldikdə, əlbəttə ki, onların bir-birinə aidiyyatı olmayacaq. Paralel maliyyələşəcəklər. Yazılı KİV-lər də maliyyələşməlidir, internet media da, biz belə düşünürük.

-Və mətbuatın reklam problemi...

- Prezidentlə görüşdə də reklamla bağlı məsələni çox geniş müzakirə etdik. Bu sahədə də ciddi problemlər var. Mən əminəm ki, son zamanlar ölkədə aparılan islahatlar inhisarçılığa son qoyulması ilə nəticələnəcək. Əgər inhisarçılığa son qoyularsa, istər yerli istehsalçılar, istərsə də xaricdən Azərbaycana mal gətirən iş adamları gətirdikləri məhsullarla bağlı KİV-lərə üz tutacaqlar. Bütün bunlar reklam sahəsində yaranmış problemləri aradan qaldıracaq. Görünür bununla bağlı da zamana ehtiyac var.

- Prezident İlham Əliyev məmurlara dəfələrlə deyib ki, onların açıqlamadığı, hətta gizlətdikləri faktları o, mətbuatdan oxuyur. Bu, onu deməyə əsas verirmi ki, ölkənin birinci şəxsi mətbuatı dəyərləndirir, mövcudluğunda, güclənməsində maraqlıdır?

- Bəli, əlbəttə. Azərbaycan prezidenti mətbuatın rolunu kifayət qədər dəyərləndirir. Hətta bizimlə ilk görüşündə mətbuatı dördüncü hakimiyyət yox, ikinci hakimiyyət adlandırdı və dedi ki, bəzi məsələlərdən məhz mətbuat vasitəsilə agah olur. Biz mətbuatın inkişafı, internet jurnalistikasının maliyyələşməsi, reklam bazarı ilə prezidentlə görüşdə müzakirələr aparmışıq və bütün bu məsələlərlə bağlı müsbət cavab almışıq.

Devalvasiyadan sonra Azərbaycan mətbuatında yaranan vəziyyətlə bağlı cənab prezidentə müraciət etmişik. Həmin məktubda həm ƏDV-nin aradan götürülməsi, onlayn jurnalistikanın maliyyələşdirilməsi, eyni zamanda KİVDF-yə ayrılan vəsaitin artırılması ilə bağlı öz istəyimizi bildirmişik. Hacırda cavab gözləyirik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.