“Laçın polisi dedi ki, əsir düşsən səni özümüz güllələyəcəyik” - Qarabağın Həcəri

15-02-2016, 21:21           

“Ermənistanın indiki Müdafiə naziri qəddarlığı ilə yadda qalmışdı”


Femida.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə müsahibənin II hissəsini təqdim edir.

- Müharibə illərində cəbhədə xaricdən jurnalistlər olurdumu?

- 1992-ci ilin Fevralın 9-da Ağdamda prezidentin səlahiyyətli nümayəndəliyində olduğum vaxt Xarici İşlər naziri Hüseynağa Sadıqov dövlət telefonuna zəng etdi ki, biz 19 ölkədən 28 jurnalist ora göndəririk. Onları Şuşaya aparmaq lazımdır. Orada hər şeyi özləri görsünlər. Musa müəllim məni telefona çağırdı ki, qonaqları sənin müşaiət eləməyini istəyirlər, gəl danış. Hüsenağa müəllimə sual verdim ki, bəs tərcüməçi varmı? Dedi ki, yox tərcüməçi Yevlaxda qorxusundan geri qayıdıb. Eşitmişəm ki, sən ingilis dili müəlliməsisən. Özün yola verərsən. Mən də etiraz etmədim. Onu da dedi ki, qonaqların Moskvaya biletləri bu gecə saat 3-ə sifariş verilib. Amma, biz o biletləri bir gün sonraya dəyişəcəyik. Onlar bilmirlər ki, Ağdam-Şuşa yolu tam bağlıdır. Biz qərara almışıq ki, onları Şuşaya Akara yoluyla aparacaqsan. Şuşanın bütün vəziyyəti dünyaya çatmalıdır. Qonaqları Ağdamda olan Rabitə nazirinin müavini İntiqam Bağırov qarşıladı. Onlar gəlib Ağdama çatdıqları müddətdə sakitlik oldu. Ermənilər əvvəlcədən məlumat almışdılar ki, xaricdən jurnalist qrupu gəlir. Ona görə həmin vaxt Ağdama atmadılar. Şuşaya getmək üçün bizə avtobus ayrıldı. Bizi müşaiət etmək üçün Füzuliyə qədər polisdən mühafizə ayrıldı. Jurnalistlər qrupunun rəhbəri Moskvanın Vremya proqramının “İtoqo” jurnalının redaktoru Valeriy Sergeyev idi. Füzuliyə çatana qədər qonaqlar yolun uzunluğundan çaşmışdılar ki, əlimizdəki xəritədə Ağdam Şuşa yolu qısadır axi. Bəs niyə çatmırıq? Əllərində də xəritə var idi. Mən onlara başqa yolla aparıldığımızı hələ ki demirdim. Nəhayət ki, Füzuliyə çatdıq. Rayonun ilk yandırılmış kəndinin sakinləri İcra Hakimiyyətinin qarşısında idilər. Jurnalistlər Füzulinin yandırılmış kəndinə girib çəkilişə başladılar. Aslan Mehdiyev o vaxt icra hakimi idi. Jurnalistlərə nahar verdi. AXC komandiri Mobil bəy jurnalist komandasını ora gətirdiyimə görə razılıq etdi. Sonra biz Həkəri yolu ilə gecə saat 2-də Laçına çatdıq. İcra hakimi Xanlar müəllim telefonda dedi ki, siz qonaq evində qalın, sabah Şuşaya gedərsiz. Onda dedim ki, Şuşanı yatmış vəziyyətdə jurnalistlərə göstərməliyəm. Onların çəkdiyi o zülmü jurnalistlər görməlidir ki, dünyaya yaysınlar. Onlar bizi gecə vaxtı Şuşaya buraxmaq istəmirdilər . Çünki, iki gün əvvəl Daşaltıdakı erməni yaraqlıları həmin yolda Beyləqandan olan bir ailəni qırmışdı. Hamilə qadının qarnından uşağı çıxartmışdılar. Bizim də başımıza faciə gələcəyindən qorxurdular. Gördüm bizi buraxmaq istəmirlər. Həm də mühafizəçi olmadan yola çıxmaq olmazdı . Getdim polis bölməsinə. Laçının indiki İcra başçısı o vaxt polis rəisi olan çox uzun müddət döyüşmüş Akif Səlimov Zabux postunda idi. Onunla ratsiyayla əlaqə saxlayıb, mühafizə aldım.

“Daşaltının üstündən keçdiyim gecə 100 il qocaldım”

- Qrupun rəhbəri Nizami adlı polis idi və bu insanlar 1988-ci ildən bəri könüllü döyüşçülərlə birgə Ermənistanın hücumlarını dəf edirdilər. Füzuliyədək bizi Ağdam polisi, Laçınadək isə Füzuli polisi müşaiət etdi. Ayrılan polislər mənə ciddi şərt qoydular ki, sən avtobusda yox, arxada bizim yanımızda oturacaqsan. Əgər, Daşaltıda ermənilər hücum etsə, səni özümüz güllələyəcəyik ki, erməniyə əsir düşməyəsən. Həmin vaxt sağımda və solumda oturanlar silahlarını böyrümə dirəmişdilər. Çünki, qəfləti hücum ola bilərdi. Mən də razılaşsam da o gecə keçirdiyim həyəcandan 100 il qocaldım. (Red- göz yaşlarını saxlaya bilmir)

“Ermənilər Şuşanın yanmış binalarını Xankəndinin yanmış ərazisi kimi xaricə ötürübmüş.”…

- Qar da dizə qədər idi. Bir polis işçisi mindiyimiz UAZ villisin qabaq hissəsində əlində paya qarış-qarış irəliləyən maşından əyilərək yolu yoxlayır ki, uçuruma düşməyək. Arxada isə qonaqlar oturan avtobus bizim bir addımlığımızda irəliləyirdi və hər iki maşın faralarını söndürüb ki, ermənilər duyuq düşməsin. Daşaltını keçdik. Belə çətinkliklə səhər 6- ya işləmiş Şuşaya çatdıq. O illərdə Şuşanın İcra başçısı Mənsur Məmmədov idi. Bizi qarşıladılar. Jurnalistləri onlara təqdim etdim. Biz Şuşanın 9 mərtəbəli binalarına getdik. Zirzəmidə yatan əhalini yatdıqları vəziyyətdə çəkdilər. Jurnalistlər insanları bu zülmdə görüb dəhşətə gəldilər. Hospitalda yaralıları da çəkdilər. Jurnalistlərdən biri Şuşanın yandırılan 5 mərtəbəli binalarını görəndə dayandı. Dedilər ki, biz bu binaları fotoda görmüşük. Ermənilər bunu Xankəndinin yanmış ərazisi kimi xaricə ötürübmüş. Onlar ordaca etiraf etdilər ki, ermənilər onları aldadıb. Bundan sonra onlar mənə söz verdilər ki, indiyə kimi Azərbaycan xalqına haqsızlıq etmişik. Bundan sonra sizin haqq səsinizi dünyaya çatdıracağıq.

- Həmin kadrların sonu necə oldu? Məlumat dünya mediasında yayıldımı?

- Onları yola salıb, özüm Şuşanın vəziyyətilə əlaqədar məlumat yığmaq üçün qalmağa qərar verdim. Qonaqlarasa zəngin müharibə materialları götürmələrinə yardımçı olduğuma görə mənə çox minnətdar idilər. Jurnalistlər çəkilişlərini etdikdən sonra geri qayıtdılar və həmin gündən iki gün keçmiş çəkilişlər də Moskvada yayımlandı. Qarabağ həqiqətlərini dünyaya yaydılar . Bu mənim qələbəm idi. Sonralar Kosmik tədqiqatlar aparan Moskvadakı həmyerlimiz Kərim Kərimov Fransada çap olunmuş “PALMA” jurnalında mənim şəklimi görüb. “Azərbaycanın Janna Darkı” adlı məqaləni oxumuş və 1993-cü ilin payızında Nazirlər Kabinetinə gələndə jurnalı təqdim etmişdi.Xocalı soyqırımı günlərində də həmin jurnalistlərdən ikisini çəkilişdə gördüm.
Yaşlı qarı əlini qulağından çəkdi ki, “bala,ona öyrəncəliyəm, qraddandır qorxum.”…

- Özünüz də qeyd etdiniz ki, həmin gecə Şuşada qaldınız. Şuşanın vəziyyəti necə idi?

- Şuşada olduğum gün Milli qəhrəmanımız Ramiz Qəmbərovla uzun söhbətdə Şuşayla bağlı xeyli məlumatlandım və bu sonrakı fəaliyyətimə təkan oldu. O Ağdam qərərgahından tələb edirdi ki, Şuşada səlahiyyət ərazi yerli batalyonlara verilməlidir. Çünki, biz son qanımızla evimizi qoruyacağıq. Gecələr tərk edilmiş evlərdə oğurluqlar olduğunu da əsas gətirirdi. Onunla söhbətim zamanı heç ağlıma da gətirməzdim ki, iki ay sonra aprelin 29- da yenə də mənim Şuşada növbəti səfərimdə olan vaxt onu Hacı Talası deyilən yerdə əl pulyemotu ilə biçmişdilər. Bu ölümün üstündə versiyalar da baş alıb gedirdi…

Mən onunla Tofik Oğuzun da batalyonunda oldum. Fəxrəddin Səfərovun da kazarmasına baş çəkdim. O gün orada olan yüksək nizam məni çox sevindirmişdi. Çəkmələrim su çəkdiyindən çalpapaq Sabir məni evlərində onunla tək qalan anasının yanına göndərdi. Bir stəkan çay içməmişdim ki, ermənilərin top atəşləri başladı. 90 yaşlı qarı əlini qulağına qoyub soruşdu ki, nədən atırlar ? Cavab verdilər ki, nənə topdan. Əlini qulağından çəkdi ki, “bala ,ona öyrəncəliyəm, qraddandır qorxum.” Əhali bu durumdaydı . Gecəni Şuşa telefonçuları olan Emanın və Rimanın işlədikləri otaqda stulda yatdım və evləri dağılan bu qadınların hərəsinə 1000 manat maddi kömək verdim.

“Ayaqları tutulmuş yaşlı anasını meşədə nişanladığı ağacın altında qoyub gəldiyindən sonradan qayıdıb anasını orada tapmamışdı…”

- 1992- ci ilin yanvarında ermənilər Xankəndindən Azərbaycan qüvvələrini çıxartdılar. Sonra Şuşanın işğalı məqsədi ilə onu Xankəndi istiqamətində mühasirəyə alamağa başladılar. Strateji baxımdan bizim üçün önəmli olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri 9-11 fevral arası ermənilərin böyük hücumuna məruz qaldı. Həmin hücumlarda Xankəndində yerləşən 366 -cı alayın bölük komandiri Seyran Ohanyan xüsusi qəddarlıqla fərqlənmişdi. Həmin ərəfədə onlarla dinc sakin öldürüldüyündən xəbər tutduq. Qalan əhalini isə 1988-ci ildən üzü bəri canları və qanları bahasına ermənilərin hücumlarını dəf edən oğullar mühasirəni yararaq atışa -atışa Azay Kərimovun və silahdaşlarının rəhbərliyi ilə dağ cığırları ilə çıxarıb, Ağdamın Abdal Gülablı kəndinə gətirdilər. Həmin işğal edilmiş kəndlər vəhşicəsinə yandırıldı. Eyni zamanda Şuşanın mühasirə halqası daraldıldı ,yəni Şuşaya yol açıldı. 3000-ə yaxın əhalinin qadın və uşaqları ətraf rayon caamatı tərəfindən yerləşdirildilərsə də qalan hissəsi Ağdamın meydanına yığıldılar və hökümətdən bu işğala görə cavab tələb etdilər. Çünki, 1988-ci ildən bəri Dağlıq Qarabağ əhalisi öz bacarıqları hesabına kəndlərini qorumuşdular. Bu hadisələr zamanı mən inkar edilməz bir fakt gördüm ki, həmin kəndlərin əhalisi son ana qədər qorxmadan döyüşmüşdülər. Ancaq qeyri -bərabər döyüşdə rus və erməni hərbi birləşmələrinin ağır texnikasının qarşışında davam gətirə bilməyib, çox saylı itkilər verib kəndləri tərk edirdilər.

Mən Ağdam meydanında adam gördüm ki, kənddən iki uşağını qucağına bağlayıb, hamilə qadınını kürəyinə şələliyib, məcburiyyət qarşısında ayaqları tutulmuş yaşlı anasını meşədə nişanladığı ağacın altında qoyub gəldiyindən sonradan qayıdıb anasını orada tapmadığından başına döyüb qışqırırdı ki, ay caamat məni gülləliyin.

Həmin gün mən də Bakıya Prezident aparatına bildiklərim haqqında və Azay Kərimovun şücayəti haqqında məlumat verdim. Həmin ərəfədə Azay Kərimov Məhəmməd Əsədov adına ödüllə mükafatlandırıldı və Qarabağ müharibəsinin sonunadək bu kəşfiyyat zabiti döyüşlərdə iştirak edib.
[media=https://www.youtube.com/watch?v=EIE2HsZiNew]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.